Dünən Liviyada ABŞ səfirinin öldürülməsindən sonra bəzilərində Qəddafi qədirşünaslığı baş qaldırıb, deyirlər ki, zəhmət çəkib onu devirməyəydilər, onda bütün bunlar da baş verməzdi. Əlbəttə, kökündən yanlış fikirdir.
Əslində, Liviyada zorakılığın, ekstremizmin davam etməsinin kökünü elə məhz Qəddafi rejimində axtarmaq lazımdır. Illərlə yaradılan və idarə olunan saxta sabitliyin məntiqi nəticəsi məhz budur.
***
Məsələ burasındadır ki, despotik rejimlər heç vaxt öz ölkələrinin problemlərini həll etmirlər, sadəcə, güc hesabına həmin problemləri gizlədir, xalça altına süpürürlər. Bir az da konkretləşdirsək, belə rejimlərdə cəmiyyətlərin inkişafına mane olan problemlər heç zaman kökündən həll edilmir, sadəcə, idarə edilir, beləcə, olsa-olsa, həmin problemlərin partlayış həddinə çatması yubadılır.
Dünən Liviyada baş verənlər də elə onillərlə Qəddafi rejiminin basqı, zor yolu ilə yoxmuş kimi göstərdiyi ekstremizmin, kinin, nifrətin partlamasıdır. Bu, ilk dəfə məhz Qəddafinin özünə qarşı baş vermişdi. O, özünün qazdığı quyuya düşmüşdü. Qurduğu hüquqdan, ədalətdən, mədəniyyətdən, bilgidən, azadlıqlardan uzaq bir sistemin qurbanına çevrilmişdi.
Sən öz toplumunu zopa gücü ilə bir yerə qədər gətirə bilərsən. Amma elə bir an yetişir ki, artıq heç nə kütləni sənin iradənə tabe etməyə kifayət eləmir. Illərlə yığılan aqressiya, qəzəb, kin və küdurət, cəhalət və geridəqalmışlıq üzə çıxır, idarəolunmaz hal alır. Biz dünən Liviyanın timsalında məhz bunu gördük. Liviya Qəddafi rejiminin onillərlə davam edən yanlış, qeyri-sivil idarəçiliyinin altını hələ çox çəkəcək.
Bir dəfə də yazmışdım, bizdə yaptokratlar “müxalifətin yeganə istəyi hakimiyyətə gəlməkdir” deyə üz-gözlərini cırırlar, amma onlar allahlarına şükr eləməlidirlər ki, Azərbaycanda Əliyevçi rejimdən sonra hakimiyyətə gəlmək istəyən qüvvələr var. Bu, həqiqətən də böyük riskdir, məsuliyyətdir. Çünki yaptokratiya Azərbaycana elə yaralar vurub ki, bunları sağaltmaq istəyənlər həqiqətən şir ürəyi yeyiblər.
Biz bu gün də yaptokratiyanın Azərbaycana etdiyi pislikləri görür və bilirik, amma bunun ən böyük sancılarını bu rejim gedəndən sonra çəkəcəyik. Bunları başımızdan rədd eləyəndən sonra anlayacağıq Azərbaycana onillərlə necə dəhşətli zərbələr vurulduğunu, ölkənin necə bataqlığa sürükləndiyini!
Eyni məntiq istənilən despotik ölkə üçün keçərlidir. Belə ölkədə rejim dəyişikliyi bir normal, sivil, modern ölkədə hakimiyyət dəyişikliyinə bənzəməz, belə ölkədə rejim dəyişikliyi illərlə xalça altına süpürülən zir-zibilin üzə çıxması ilə müşahidə olunur. Illərlə qol gücünə idarə edilən problemlərin partlayışına gətirib çıxarır.
Bəli, Qəddafi ölüb, amma onun Liviyaya mirası olan ədalətsizlik, hüquqsuzluq hələ də öldürməkdə davam edir və yəqin ki, davam edəcək.
Qəddafi ölüb, amma onun miras qoyduğu qeyri-sivil, qeyri-uyğar Liviya hələ də öldürməkdə davam edir və davam edəcək.
Qəddafi ölüb, amma onun illərlə üstünü basdırdığı, xalça altına süpürdüyü, yalançı sabitliklə malaladığı ekstremizm, cəhalət kimi bəlalar öldürməkdə davam edir və davam edəcək.
Məsələ bu qədər sadədir.
***
Biz bu gün Əliyevçi rejimi də ona görə ittiham edirik ki, bunlar da problemləri həll etmək yox, idarə etmək yolu tutublar. Elə bilirlər ki, bu gün zor və zopa gücünə cəmiyyətdəki aqressiyanı, kini, nifrəti idarə edə bilirlərsə…
Saxta, yalançı sabitliklə, ölkənin güllük-gülüstanlıq olması barədə miflərlə çullarını sudan çıxarırlarsa…
Toplumu cahilləşdirmək, savadsızlaşdırmaq yolu ilə hələlik öz hakimiyyətlərinin toxunulmazlığını qoruyur, uzunömürlülüyünü təmin edirlərsə, həmişə də bu cür davam etmək olar.
Amma bu cür yarıtmaz və yaramaz idarəçiliyin bir ölkənin gələcəyi adına hansı bəlalar, hansı faciələr vəd etdiyini unudurlar.
Belə unutqanlar üçünsə bugünkü Liviya çox yaxşı xatırlatmadır. “Min bir gecə”də deyildiyi kimi, gözünün ucu ilə baxan ibrət götürər.