Əvvəlcə bir neçə gün əvvəl şahidi olduğum bir hadisəni danışım. Hadisə 125 saylı marşrut avtobusunda baş verir.
Ortayaşlı bir xanım sürücüdən sürəti bir az azaltmağı xahiş edir, bu xahişdən sonra qadınla sürücü arasında mübahisə başlayır, mübahisə sürücünün avtobusu qəfil yolun kənarına çəkib dayandırmasına və xanıma “xoşun gəlmirsə, düş aşağı!” deməsinə qədər davam edir.
Içi bəndəniz qarışıq, səhərdən bəri olaya səssiz qalan bir neçə nəfər də artıq tamamən həddini aşmış sürücüylə çənə-boğaza çıxır, bu dəfə sürücü topyekun səslənir: “Kimin xoşu gəlmirsə, düşsün! Hara, kimə istəyir, desin”.
Gerisini danışmağa ehtiyac yoxdur, bir neçə nəfər sürücü ilə dilləşə-dilləşə avtobusdan düşürük, aramızdan biri Nəqliyyat Nazirliyinin “qaynar xətt” nömrəsini axtarmağa girişir, amma çox keçmədən də “kimdən kimə şikayət edirik axı?!” deyib vaz keçir.
Bu mənzərə hamınıza bu və ya başqa formada tanışdır. Azərbaycanda marşrut avtobusları eynən Azərbaycanın özü kimi idarə olunur: özbaşına, sayğısızca, təhlükəli.
Təkcə son bir həftəyə nəzər salaq: əvvəlcə marşrut avtobusu ilə qatar toqquşması və rəsmi rəqəmlərə görə, 6, şahidlərin dediyinə görə, daha çox insanın ölümü, onlarla yaralı.
Ardınca 165 saylı marşrut avtobusu sürücüsünün hərbçi qadını əzib keçməsi…
Yenə ardınca, srağagün 85 saylı marşrut sürücüsünün paytaxt sakinini vurması, piyadanın elə hadisə yerindəcə keçinməsi…
Bunlar sadəcə, bir neçə gündə baş verənlərdir. Axtarış sistemlərinin köməyilə siz internetdə son bir neçə ayda nə qədər insanın avtobus qurbanlarına çevrildiyini görə bilərsiniz.
Mən təsadüfən demədim ki, Azərbaycanda avtobuslar elə ölkənin özü kimi idarə olunur. Marşrut avtobusları ilə bağlı baş verənlər artıq ölkə miqyasında leqallaşmış, kütləviləşmiş, adi normaya çevrilmiş heyvərəliyin təzahür normalarından biridir. Əvvəla, əksər marşrut xətlərinin arxasında məhz iribuynuzlu məmurlar dayanır, bu xətlərə çıxan avtobuslar və sürücüləri bir növ toxunulmazdılar, elə onların sərnişinlərin üstünə arxayınçılıqla “kimə istəyirsən de!” deyib qışqırmasının səbəbi də budur.
Ikincisi, marşrut xətlərini qamarlamış iribuynuzlu məmurların görməmişliyi, acgözlüyü, harınlığı üzündən sürücülərin üzərinə qoyulan gündəlik plan hədsiz çoxdur. Həm plan doldurmaq, həm də evə çörək pulu aparmaq lazım gəldiyindən sürücülər üçün yüksək sürət, diqqətsizlik, tələskənlik adi hala çevrilir.
Üçüncüsü, rüşvətlə heç bir müayinədən keçmədən sağlamlıq arayışı, rüşvətlə sürücülük vəsiqəsi almaq, hətta sürücülük vəsiqəsi olmadan xəttə çıxmaq mümkündürsə, suçu necə ancaq sürücülərin üzərinə yükləmək olar?
***
Bugünlərdə politoloq Ərəstun Oruclu “facebook”da maraqlı bir status yazmışdı: “Bir neçə gündür maraqlı müşahidə aparıram: Hüsü Hacıyev küçəsində yol polisi əməkdaşları piyadalardan yolu qanunla icazə verilən yerlərdən keçməyə dəvət edirlər, amma piyadalar sanki qəsdən buna qarşı çıxıb özlərini təsdiqləmək üçün qaydanı pozurlar. Psixiatriyada buna ”uşaq neqativizmi” deyirlər. Yəni, uşaqlar özünü təsdiqləmək üçün deyilənin əksinə gedirlər. Uşaqlar üçün normal olan bu davranış, böyüklərdə reaktiv ruhi pozuntu sayılır. Azadlığı və hüquqları əlindən alınmış cəmiyyətlərdə belə davranış kütləvi xarakter daşıyır”.
Dəqiq qiymətləndirmədir. Bəli, biz hansı üzünə çevirsək, ölkədəki istənilən anormallığın kökündə məhz hüquq və azadlıqlar məsələsi dayanır, korrupsiya, rüşvət, sosial ədalətsizlik, inhisarçılıq kimi bəlalar durur.
Durna qatarı başçısına görə düzlənir. Əgər ölkənin sükanı arxasında əyləşənlər hər an vətəndaşları qəza vəziyyəti ilə üz-üzə qoyursa, avtobusların sükanı arxasında əyləşənlərdən başqa cür davranışı necə gözləmək olar?
Əgər özbaşınalıq artıq idarəetmə tərzinə çevrilibsə, bu, özünü niyə avtobus sürücüsünün, “KamAZ” şoferinin, qatar bələdçisinin, tibb bacısının, meşəbəyinin, ofisiantın hərəkətlərində də göstərməməlidir?
***
Daha nə yazım? Hər şey bu qədər bəsitdir.