“Diplomatlarımız bu ölkədə əsas problemin nə olduğunu gözəl anlayıblar” “Freedom House” yetkilisi “Azadlıq”a nələri danışdı?
Dosye:
Sem Patten keçmiş Sovet Ittifaqına üzv ölkələrdə çoxillik təcrübəyə malikdir. O, uzun müddət postsovet ölkələrində demokratiyanın inkişafı istiqamətində aktiv fəaliyyət göstərib. Eyni zamanda ABŞ Dövlət Departamenti və Senatla sıx əməkdaşlıq edir.
2008-2009-cu illərdə ABŞ dövlət katibinin demokratiyanın genişləndirilməsi məsələləri üzrə keçmiş müavini Paul Dobryanskinin baş məsləhətçisi kimi çalışıb. 2001-2004-cü illərdə Respublikaçılar Institutunun Moskva ofisinin rəhbəri olub. 2003-cü ildə Respublikaçılar Institutunun Qazaxıstan ofisinin açılmasına nail olub. Sem Patten həmçinin Ukrayna, Gürcüstan, Rumıniya, Albaniya və Şimali Iraqın demokratik liderlərinin məsləhətçisi kimi də çalışıb. Bütün bunlarla yanaşı, o, həm də ABŞ-ın təhlükəsizlik və xarici siyasət məsələləri üzrə fəaliyyət göstərən senator Syuzan Kollinzin məsləhətçisi olub.
Sem Patten “Freedom House” beynəlxalq hüquq-müdafiə təşkilatının Avrasiya məsələləri üzrə proqram direktorudur. “Freedom House” o təşkilatlardandır ki, ənənəvi hesabatları vasitəsilə müxtəlif ölkələrdə insan hüquqlarının durumunu, o cümlədən Azərbaycandakı gerçək vəziyyəti dünyaya çatdırır. İnsan hüquqları və demokratiyanın durumu baxımından ölkənin real mənzərəsini beynəlxalq aləmə çatdırdığına görə dəfələrlə bu təşkilat Azərbaycan hökumətinin hücumlarına da məruz qalıb. Sem Patten “Azadlıq”a müsahibəsində bir daha vurğulayır ki, hökumətin yersiz iradlarına, haqsız tənqidlərinə baxmayaraq, Azərbaycanda insan hüquqlarının müdafiəsi və demokratiyanın inkişafı baxımından səylərini davam etdirəcəklər.
– Belarusdakı seçki saxtakarlığı, müxalifətə qarşı zorakılıq və həbslərdən sonra bir çox beynəlxalq təşkilatlar, xüsusən də Avropa Parlamentində bu ölkədəki rejimə qarşı sanksiyalar müzakirə mövzusudur. Antidemokratik Belarus hakimiyyətinə qarşı effektiv qadağaların qəbulu nə dərəcədə realdır?
– Xarici siyasət məsələləri üzrə bir neçə ekspert ABŞ dövlət katibi Hillari Klintona məktub ünvanlayıb. Həmin məktubda, ötən il dekabrın 19-da keçirilmiş prezident seçkisindən sonra müxalifətçilərə qarşı repressiv addımlar atan Belarus iqtidarı əleyhinə sərt sanksiyaların qəbulu dövlət katibinə tövsiyə olunur. Artıq Avropa Parlamenti bu istiqamətdə konkret addımlar atmaq qərarına gəlib.
Fikrimcə, Belarus hakimiyyətinin üzvlərinə, eləcə də ölkənin aparıcı enerji şirkəti “Belneftkhim”lə əlaqəli olan şəxslərə düşünülmüş və konkret qadağalar öz nəticəsini göstərə bilər. Doğrudur, Belarusa qarşı sanksiyaların sadə vətəndaşlara da təsirsiz ötüşməyəcəyi narahatlıq yaradır. Ancaq qəbul etmək lazımdır ki, Lukaşenko rejimi Belarus xalqı üçün daha təhlükəli və qorxuncdur. Ağıllı Belarus xalqı anlamağa çalışmalıdır ki, Lukaşenko və onun rəhbərlik etdiyi rejim onların Avropa və sivil dünya ilə inteqrasiyasında başlıca əngəldir. Lukaşenko Belarusla qonşu ölkələr arasında normal münasibətlərin qurulmasına da maneçilik törədir. Sanksiyaların Belarus diktatorun doğru olmayan idarəçilik sistemini hədəf aldığını qəbul etməlidirlər.
– Beynəlxalq hüquq-müdafiə təşkilatları müxtəlif ölkələrdə haqsız hücumlara, təzyiqlərə məruz qalan şəxslərin siyahısını hazırlayır. İnsanlara qarşı bu cür davranan dövlət məmurlarının da belə bir siyahısı varmı? Ümumiyyətlə, bu cür məmurların bütün dünyada tanıdılması üçün hansısa tədbirlər görülürmü?
– Demokratiyanı boğan və vətəndaşlarının təməl hüquqlarını məhdudlaşdıran şəxslərin adları, tutduqları vəzifə bəllidir. Konkret Belarusda antidemokratik əməllərinə görə tanınanları dəqiqləşdirmişik. Onlar mövcud rejimin davamlı olması üçün bütün faktorlardan, əllərindəki siyasi-inzibati resurslardan istifadə edənlərdir. Mənim əməkdaşlıq etdiyim ekspert qrupunun hazırladığı məktubu sizin sualınıza bir cavab hesab etmək olar.
Birləşmiş Ştatlar və Avropa Birliyinə üzv ölkələr avtoritar rejim başçıları, onların ailə üzvləri və məmurlarının adlarının qara siyahıya salınması üçün daha yaxşı koordinasiya olunmuş iş görə bilərlər. Təbii ki, ümumi siyahının hazırlanması sərt və genişmiqyaslı görünə bilər. Ancaq unutmaq olamz ki, Belarus hakimiyyətində təmsil olunanların ailə üzvləri də cinayət yolu ilə mənimsənilmiş varidatdan öz payını götürür. Lakin bu, onların bəzilərinin istirahət etmək, təhsil almaq üçün Qərb ölkələrinə gediş-gəlişinə qadağa qoymağa əsas vermir. Belarus xalqının əksəriyyəti Qərb dünyası ilə əməkdaşlıqdan imtina edir. Məhz bu cür yanaşmalar ölkədə diktatorluq rejiminin möhkəmlənməsinə, insan haqları və demokratiyaya qarşı repressiv addımların atılmasına şərait yaradır.
– “WikiLeaks”in açıqladığı sənədlər göstərdi ki, məhz Azərbaycanda avtoritarizmin hökm sürməsi bu ölkədəki rejimin daha çox varlanmasına xidmət edib. “WikiLeaks”in yaydığı məlumatların şəffaf siyasi sistemlərlə müqayisədə avtoritar rejimlərə daha çox zərbə vurması fikrini bölüşürsünüzmü?
– ABŞ diplomatlarına aid məxfi yazışmaların “WikiLeaks” saytında yayımlanması dünyada bir o qədər də geniş müzakirə obyektinə çevrilmədi. Fikrimcə, müzakirələr daha çox diplomatik yazışmalarda adı hallanan şəxslərin təhlükəsizliyi və məxfi məktubların yayılmasının doğru olub-olmamasıyla bağlı idi.
Onu da əlavə edim ki, diplomatların yazdıqları məktublarda onların fəaliyyət göstərdikləri ölkələrdə baş verən daha dəhşətli olaylar öz əksini tapmayıb. Diplomatlar daha çox şahidi olduqlarını və üzləşdiklərini qeydə alıblar. Etiraf etməliyik ki, bunlarla yanaşı, teleqramlarda real vəziyyəti ortaya çıxaran bir çox dəlillər də öz əksini tapır.
Təbii ki, diplomatlar məxfi yazışmalarda hakimiyyətin tənqidinə yol aça biləcək dəlilləri və qeydləri vurğulamaya da bilərdilər. Yəni, teleqramlarda göstərilənlər deyil, ölkədə baş verən digər neqativ hallar qeydə alınardı. Mən çox şadam ki, bizim Azərbaycandakı diplomatlarımız sizin ölkənizin əsas problemləri, o cümlədən ölkənizin inkişafında başlıca maneənin korrupsiya və avtoritarizmin olduğunu gözəl anlayıblar. Əgər diplomatlar bunu etməsəydilər, onlar vəzifədən sui-istifadədə ittiham oluna bilərdilər. Həmçinin, diplomatiya ilə həvəskar məşğul olmaqda günahlandırılardılar.
Məxfi məktubların yayılmasının vətəndaş cəmiyyəti uğrunda mübarizə aparan fəalların həyatını təhlükəyə atdığına gəlincə, mən belə düşünmürəm. Çünki hələ ki, belə hal yaşanmayıb.
– Yaxın gələcəkdə “Freedom House”un Azərbaycanda demokratik cəmiyyətin inkişafıyla bağlı hansısa layihəsi varmı, yoxsa sizin təşkilatınız sadəcə, ölkədəki mövcud vəziyyətin qiymətləndirilməsilə kifayətlənəcək?
– Güman edirəm ki, “Freedom House” təşkilatının Azərbaycanda demokratik cəmiyyətin inkişafı naminə layihələri olacaq. Ötən il təşkilatımızın bir qrup eksperti Azərbaycanda səfərdə oldu. Bu səfər ərzində keçirdiyimiz rəsmi və qeyri-rəsmi görüşlərdə öz təkliflərimizi irəli sürdük. Azərbaycan müsəlman dünyasında ilk demokratik respublika quran ölkədir. Sovet Ittifaqının dağılmasından sonra da öz müstəqilliyini bərpa etdi. “Freedom House” təşkilatı da Azərbaycanda fikir və söz azadlığının, vətəndaş cəmiyyətinin mövcudluğunu istəyir. Biz yaxın gələcəkdə bu istiqamətdə Azərbaycan cəmiyyətilə sıx əməkdaşlıqda maraqlıyıq. Məhz birgə əməkdaşlıq sayəsində vətəndaş cəmiyyətinin qurulmasında mühüm rol oynayacaq amilləri aşkarlaya bilərik.
“Azadlıq”