“Əsəd Türkiyənin Suriya müxalifətinə verdiyi dəstəkdən qəzəblənərək radikal kürdlərə yaşıl işıq yandırıb”
“Türkiyədə PKK terrorunun fəallaşmasının arxasında Suriya amili dayanır. Əsəd Türkiyənin Suriya müxalifətinə verdiyi dəstəkdən qəzəblənərək radikal kürd elementlərin Türkiyəyə qarşı təxribatlarını artırmasına yaşıl işıq yandırıb”.
Bunu, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu son günlər Türkiyədə bir-birinin ardınca baş verən qanlı terror olaylarına münasibət bildirərkən deyib.
E.Şahinoğlunun sözlərinə görə, təsadüfi deyil ki, xeyli insanın ölümünə yol açan son partlayış da məhz Türkiyənin Suriyaya yaxın şəhərində baş verib: “Əsəd və onun əlaltıları təkbaşına deyillər. Türkiyəyə qarşı Əsəd-PKK cütlüyü hərəkətə keçib. Əsədin atası da vaxtilə PKK-ya dəstək verər, bu terrorçu təşkilatı Türkiyəyə qarşı silahlandırardı. Oğlu da eyni təhlükəli yola qədəm qoyub. Əsəd ölkəyə nəzarətin əldə getdiyini anlayaraq yerli kürdlərin fəallaşmasına göz yumur. Onlara isə dəstək PKK-dan gəlir. Əsəd düşünür ki, Suriyanın silahlanan kürd dəstələri onu deyil Türkiyəni hədəf seçəcəklər. Əlbəttə, Suriya kürdləri Türkiyədə təxribatlara baş vura bilərlər, ancaq dar ayaqda onlar bir gün Əsədlə dö körpüləri yandıracaqlar”.
E.Şahinoğlu deyir ki, öz növbəsində PKK da mövcud vəziyyətdən istifadə etməyə çalışır: “Bölgədə Suriya ətrafında gərginliyin artddığını müşahidə edən PKK Türkiyəyə əlavə problemlər yaratmaq yolunu seçib. Türkiyə bir tərəfdən suriyalı on minlərlər qaçqını yerləşdirmək qayğısı içindədir, digər tərəfdən müqəddəs Ramazan bayramında terrorçuların ölkəni qarışdırmaq səylərinə qarşı savaşmaq məcburiyyətindəydi. PKK artıq Iraqın şimalındakı kürdlərdən istədiyi dəstəyi ala bilmir. Şimali Iraqın hakimi Məsud Barzanı PKK ilə savaşmaq istəməsə də, qonşusu olan Türkiyə ilə də nifaq içində yaşamaq istəmir. Çünki, Şimali Iraqın siyasi və iqtisadi varlığı bu gün Türkiyədən və bu ölkənin kapitalından asılıdır. Barzanidən əlini üzən PKK ona görə də Suriya kürdlərindən yararlanmağa qərar verib. Məqsədləri Suriya kürdləri ilə Türkiyə arasında nifaqı dərinləşdirməkdir. Əsəd də bunda maraqlıdır”.
E.Şahinoğlu hesab edir ki, Əsəd-PKK cütlüyünün bu marağının ömrü uzun olmayacaq: “Çünki Suriya yalnız kürdlərdən ibarət deyil, bu gün Əsədə qarşı savaşan əsas güclər Türkiyənin müttəfiqi rolunda çıxış edirlər. Sabah Əsədi məhz bu qüvvələr əvəz edəcək və kürdlərin Suriya ərazisindən özbaşınalıqlarına imkan verilməyəcək. Digər tərəfdən Suriyada türkmənlər də silahlanaraq Əsədə qarşı savaşa başlayıblar. Suriyadakı radikal kürdlər bu amili də nəzərə almaq məcburiyyətindədirlər. Yəni Suriyadakı radikal kürdlər Türkiyə əleyhinə nəsə etmək istəsələr, qarşılarında Türkiyədən başqa daxili gücləri də görəcəklər. Sonda Suriyadakı kürdlərin məntiqə üstünlük verəcəklərini və Barzaninin mövqeyinə yaxın mövqe tutacaqlarını düşünürəm. Bugünkü partlayışlar isə Türkiyəni yolundan döndərə bilməz. PKK bu partlayışlardan gərəkli dərsləri alır və alacaq. Hər şəhid düşən 1 türk əsgərinə 10 PKK terrorçusu məhv edilir”.
Gültəkin