9 ölü, 66 yaralı; terror aktında Suriya rejiminin əli olacağı gündəmə gəldi
PKK terror təşkilatı Türkiyənin Qaziantep vilayətində növbəti qanlı aktını reallaşdırıb. Hadisə yerli vaxtla saat 19.45-də (Bakı vaxtıyla 21.45) Şəhidkamil rayonu Karşıyaka polis şöbəsinin qarşısında partlayıcı maddə ilə yüklənmiş avtomobilin partladılması nəticəsində meydana gəlib. Baş vermiş terror hadisəsi nəticəsində aralarında 4 uşaq olmaqla 9 nəfər həyatını itirib, 66 nəfər isə yaralanıb. Son məlumatlara görə, olayla bağlı 5 nəfər saxlanılıb.
Ilkin versiyaya görə, partlayışı PKK terrorçuları uzaqdan idarə edilən sistemlə törədiblər. Partlayış nəticəsində yaxınlıqda olan 2 avtobus və 2 avtomobil alovlanaraq yanıb, bundan başqa, yaxınlıqda olan ofis və evlərdə dağıntı meydana gəlib, avtomobillərə isə ziyan dəyib. Hadisə nəticəsində ölənlərin də məhz avtobusda diri-diri yanan sərnişinlər olduğu bildirilib. Əlavə edək ki, universitet tələbəsi Mehmet Emin Həsəndağ adlı şəxsin 2 həftə əvvəl partlayıcı ilə yüklənmiş avtomobillə Qaziantepə gəlməsi barədə polisə xəbərdarlıq edilsə də, təhlükəsizlik qüvvələri şəxsi və avtomobili aşkarlaya bilməmişdi.
Partlayışın meydana gəldiyi əraziyə təxminən 500 metr uzaqlıqda yerləşən binaların şüşələrinin qırılması hazırlanan partlayıcının nə qədər güclü olduğuna işarədir.
Hadisə yerində çoxlu sayda “beton mismarı” deyilən qalın deşici metallar aşkarlanıb. Partlayışın baş verdiyi yerd 3 metr dərinliyində çuxur əmələ gəlib. Partlayıcı yüklənmiş avtomobilin hadisə yerinə qoşqu ilə gətirildiyi bildirilir. Saxlanılan şəxslərdən birinin həmin qoşqulu maışının sahibi olduğu açıqlanıb.
Sivil insanların qətlinə səbəb olan partlayış Türkiyə ictimaiyyətinin qəzəbinə səbəb olub. Prezident və baş nazirdən tutmuş müxalifət liderləri, sadə vətəndaşlar terror aktını pisləyən mövqe sərgiləyiblər. Hadisəni PKK-nın törətdiyi iddia olunsa da, terror təşkilatı olayla əlaqəsi olmadığını bildirib. PKK-nın siyasi qolu adlandırılan BDP hadisəni pisləyən bəyanat yayıb.
Türkiyənin hakim Ədalət və Inkişaf Partiyasının sədr müavini Hüseyn Çelik Qaziantepdəki terror olayında Suriya diktatoru Bəşər Əsədin əlinin olduğunu istisna etməyib: “Bu hücum əhalisinin yarısı kürd olduğu Qaziantepdə qardaşlıq ab-havasını hədəf alıb. PKK belə bir partlayışı təkbaşına reallaşdıracaq təşkilat olsa da, mütləq birilərindən dəstək alıb. PKK-nın Suriyanın kəşfiyyat xidməti ”Əl Muhaberat” ilə sıx əməkdaşlıq etdiyi bəllidir. Əsəd də artıq “düşmənimin düşməni dostumdur” anlayışı ilə hərəkət edir. Əsəd Türkiyənin düşməni PKK-nı özünə dost seçib”.
Ötən gün Türkiyədə daha bir faciəvi hadisə baş verib. Uludərə vilayətində əsgərləri daşıyan mikroavtobusun dərəyə aşması nəticəsində 10 nəfər həlak olub. Bunlardan 10-nun əsgər, digərinin isə mikroavtobusun sürücüsü olduğu bildirilir. Hadisə nəticəsində daha 11 nəfər yaralanıb.
Yaralananlar arasında sürücünün 8 yaşlı oğlu da var. Mikroavtobusun yuvarlandığı dərənin 75 metr hündürlükdə olduğu bildirilir. Yaralılar Şırnak və Uludərədəki xəstəxanalara aparılıblar.
.
İnformasiya şöbəsi