Kiçik bir ümid yaranmışdı. 2009-cu ildə konstitusiyaya edilmiş düzəlişin o vaxtdan bir il əvvəl, 2008-ci ildə prezident seçilmiş I.Əliyevə şamil edilməsi şübhə doğurmuşdu. Hətta Türkiyənin təcrübəsindən də misal gətirmişdik, o ölkənin ana yasa məhkəməsi prezident A.Gülün prezidentlik müddətinin də köhnə qanunla müəyyən edilməsi haqda qərar çıxarmışdı.
Bizim fikrimiz də bu idi ki, ən azı Konstitusiya Məhkəməsi bu məsələyə şərh verməlidir. Lakin sonradan mənə dedilər ki, Məhkəmənin bununla başlı qərarı artıq iki-üç il əvvəl olub və I.Əliyevin yeni düzəlişin qüvvəsindən istifadə etmək hüququ təsdiq olunub. Doğrusu, mən bu xəbəri çox təəccüblə qarşıladım, o mənada ki, bizə uşaqlıqdan öyrədiblər ki, qanunun geriyə qüvvəsi olmur və presedent hüququ baxımından I.Əliyevin də namizəd ola bilmək məsələsini yalnız köhnə konstitusiya həll edə bilər. Mən hüquqşünas deyiləm və mənə bu məsələ o qədər də aydın deyil. Güman edirəm ki, burada ziddiyyətli nəsə olsa, yəqin ki, müxalifət adamlarının bu qərardan elə Avropa Məhkəməsinin özünə müraciət etmək imkanı olacaq.
Qeyd edim ki, bu məsələ bir neçə amil ucbatından aktuallaşıb. Birincisi, növbəti prezident seçkisi yaxınlaşır və elə əsas səbəb də budur. Ikincisi, bəzi qəzetlərdə növbəti prezidentin başqa bir adam olacaşı haqda ehtimallar dolaşır. Amma real hüquqi maneə yoxdursa və I.Əliyevə qeyd olunan düzəliş şamil edilə bilərsə, başqa namizəd aramaq YAP-ın nəyinə lazımdır? Alternativ namizəd məsələsi o vaxt aktuallaşardı ki, bir hüquqi maneə meydana çıxardı. Biz güman edirdik ki, bu cür maneə var. Amma indi deyirlər ki, o, yoxdur. Olsun. Onda başqa bir namizəd kimə və nəyə lazımdır? Üstəlik, YAP rəsmiləri dəfələrlə bəyan ediblər ki, onların I.Əliyevdən başqa namizədləri yoxdur. Indi qalır prosesin gedişini izləmək. Mənə qaldıqda bu məsələni lap əvvəldən izləyirəm. Məlum düzəliş də qəbul edilərkən bəziləri deyirdi: seçki ki, qalır! Bununla özlərinə sanki təskinlik verirdilər. Nə isə. Indi belə məsələləri xatırlamağın vaxtı deyil. Hələ bundan sonra baş verəcək hadisələr o qədər qəlizdir ki, baş vermişləri xatırlamağa imkan vermir.
Bəli, Azərbaycan asiyalaşmaq ərəfəsindədir. Ömürlük vəzifə, daha doğrusu, ömürlük prezident məsələsi Mərkəzi Asiya ölkələri üçün çox xarakterikdir. Biz isə guya Şərqi Avropayıq. Avropa bunu həzm edəcəkmi? Mən hüquqi maneədən başqa bir ciddi amil görmürəm – Avropa da susaraq məsələnin üstündən sovuşacaq. Yerli cəmiyyət də nəsə etmək iqtidarında deyil. Qalır yenə də ümid. Elə bu ümid də çəkilsəydi yaxşı olardı, çünki bizi öz ardınca süründürməkdən yorulmur. 19 ildir ümidin ardınca sürünürük. O bir ilğıma çevrilib, görünür və yox olur, sonra təzədən görünür… Elə indi də belədir. Siyasi proseslərdə dayaq, tutacaq rolunu cəmiyyət oynayır. Ölkənin cəmiyyəti isə özünü xatırlatmaq, hiss etdirmək istəmir, susur və hadisələrin gedişinə təsir etmək istəmir.
Mən əvvəldə Mərkəzi Asiya dedim. Amma onu yaddan çıxardım ki, orada heç olmasa Qırğızıstan vardı. Biz hətta qırşızların gedişini gedə bilmədik. Halbuki həmişə özümüzü Asiyadan öndə hiss edib öyünmüşük. Indi özünüz deyin. Öyünmək bizə yaraşırmı? Əsla yaraşmır və nə qədər özünətəlqinlə məşğul olsaq da bu, yersizdir. Bir çox prosesə baxanda görürəm ki, hər yerdə insanlar dalana dirənib, təkcə siyasətdə belə deyil. Elm də dalana dirənib, mədəniyyət də. Bu yaxınlarda xarici alimlərin açıqlaması məni xeyli təəccübləndirdi. Demirlər ki, Xiqs bozonunu tapıblar, ya yox? Deyirlər ki, tapdıqlarını ehtimal edirlər! Görünür, elm də elə bazara çevrilir. Axı 8 milyard avro sərf olunandan sonra necə deyəsən ki, bu Xiqs bozonu kəşf edilməyib, tapılmayıb! Bundan sonra siyasətdən nə danışasan və nə deyəsən?
Kiçik sözardı
Bilirsiniz, mən inkişafı nə də görürəm? Az-az da olsa metroda insanların və xüsusən gənclərin əlində kitab görürəm. Deyəsən, millət oxumaşa başlayıb. Bəlkə qəzetlərə maraq buna görə azalıb? Bilmirəm. Bircə onu bilirəm ki, bu qəzet deyilən şey də kitab oxumaşa bir girişdir, çünki qəzetdə elə kitabların özü haqda da məlumat olur…