Daha bir mətbuat gününü yola saldıq. Hər il özümüzü elə aparırıq ki, sanki o gün bizim üçün müstəsna əhəmiyyət kəsb edir, sanki Həsən bəy Zərdabi bizim üçün çox dəyərli bir şey icad edib. Sizi bilmirəm, mən bunun səmimiliyinə qəti və birmənalı şəkildə inanmıram. Əgər milli mətbuat bizim üçün belə önəmli və əhəmiyyətlidirsə, nədən yolumuzu qəzet köşklərindən uzaq salırıq? Nədən o qəzetləri ərsəyə gətirən adamları – jurnalistləri görəndə dodaq büzürük? Bu insanlar hansısa sosial məzmun kəsb edirlərsə, nədən onları məhz narkotik istifadəsiçi kimi damlayırıq? Nədən mətbuatın “hamisi” hesab edilən dövlət başçısı açıqlamalar verərkən zalda bir nəfər belə jurnalist olmur? Nədən bu 9 ildə onu bircə dəfə belə olsun mətbuata müsahibə verən görməmişik?
Bir hakimiyyət olsaydı dərd yarı idi. Hətta tanışlarımız bizimlə görüşərkən ilk sözləri bu olur ki, neçə illərdir qəzet-filan oxumuram! Ona görə də gəlin öz vəziyyətimizi necə var, elə də etiraf edək. Mətbuatın bizim üçün zərrə qədər olsun dəyəri yoxdur! Mətbuat gününü də ona görə qeyd edirik ki, dünyada belə moda var, belə dəb var, hamı qeyd edir, biz də onlar kimi… Məsələn, bu bayramdan fərqli olaraq 10 mayın, “Qurtuluş” gününün ürəkdən, təmtəraq və təntənə ilə qeyd olunmasının səmimiliyinə inanıram. H.Əliyev bu məmur tayfasına ömürlük sərvət və bir o qədər hakimiyyət verib! H.Zərdabi onlara nə verib? Ona görə də bu ölkədə bayramlar da iki qrupa bölünür: ürəkdən qeyd olunanlar və bir də elə-belə, gözdən pərdə asmaq üçün yola salınan və beynəlxalq modaya uyğunlaşmaq üçün nəzərdə tutulan bayramlara…
Bu təkcə mətbuat günü ilə bağlı deyil, məsələn, Respublika günü də belədir. Siz bu məmurlardan soruşsanız ki, respublika nədir və necə olur, çətin ki, yaxşı bir cavab alasınız. Onlar respublika sevən olsaydılar burada monarxiya kimi bir sistem qurmazdılar. Elə bizim özümüzün də respublikadan-filandan elə bir anlayışmız yoxdur, olsaydı tələb edərdik ki, bizi respublikaya layiq idarə edin. Qərəz, bunların bayramı 10 maydır, “Qurtuluş”dur! Milli mətbuatın əsl mahiyyətinə gəldikdə isə, mən H.Zərdabini millətə və onun yoluna ilk güzgü tutan şəxs hesab edirəm. Amma bir nüans var. Bu təkcə H.Zərdabi ilə bağlı deyil. Nədənsə o dövrün mətbuatında və ədəbiyyatında hökumətin tənqidi olmayıb, diqqət əsasən millətə yönəlib, mövhumatçılıq, gerilik tənqid edilib və yamanlanıb. Elə bizim məmurlar da milli mətbuat ənənələri, “peşəkarlıq” deyəndə bu detalı nəzərdə tuturlar. Yəni onlar da deyir ki, əvvəlki illərdə və dövrlərdə olduğu kimi hakimiyyətlə işiniz olmasın, milləti isə nə qədər arzu edirsiniz, nə qədər istəyirsiniz o qədər qamçılayın, problem yoxdur! Amma misal üçün deyim ki, həmin dövrdə rus mətbuatı tamam başqa idi. Rusiyanı bəyənmirik, amma ruslar çar hakimiyyətini necə var, tənqid edirdilər. Həmin dövrdə çar hökuməti, məsələn, Gertsenlə Oqaryovun əlindən nə çəkirdi, bu, bir Allaha məlumdur! Bizdə isə belə olmayıb, hakimiyyət həmişə irəlidə, çox qabaqda, millət geridə təsəvvür olunub. Bəzən bu tənqid o qədər ifrat halda olub ki, o, bəzi ziyalıları Mirzə Cəlilə müraciət etməyə vadar edib ki, ay Mirzə, bu milləti az yamanla, vallah, onlarda olan əxlaq, mənəviyyat dünyanın heç bir yerində yoxdur! Bəli, acı da olsa reallıq budur. Bu ənənə orta statistik və tipik azərbaycanlı ziyalısını yaradıb. Kiçik məmur qarşısında yeddi qat olan bu ziyalı fürsət axtarır ki, millətə dərs keçsin, onu yamanlasın. Bu ziyalının ən çox sevdiyi fikir “Əşşi, millətimiz budur də! Biz nə edə bilərik?” gileyidir.
Heç kim də ondan soruşmur ki, sən öz belinin dikəlməsi, donqarının azacıq da olsa düzləməsi üçün nəsə etmisənmi? Burada mənim yadıma çox gözəl bir fikir düşür: “Qaranlıqların ardınca deyinməkdənsə bir şam yandır…”. O şamı yandırandan sonra insanlar işığa gəlməsə, onda nə qədər istəyirsən o qədər deyin…
Kiçik sözardı
Bəlkə də bayram ovqatını bir qədər korladım. Amma ziyan etməz, bayram o vaxt bayram olur ki, insanlar onu ürəkdən qeyd edir. Həm də o bayram artıq bitib. Necə deyərlər, toplaşdılar, danışdılar və dağılışdılar…