Deputat, “ana müxalifət” lideri Sabir Rüstəmxanlının sədri olduğu Dil Qurumu mətbuata müraciət edib ki, xarici adları düz yazsınlar. Sitat: “Qurum hesab edir ki, xarici qurum, təşkilat, media orqanı, şəxs adı və s. yazılarkən ingilis dilinin qəlibindən istifadə edilir və bu, adın olduğu kimi saxlanılması istəyi kimi qələmə verilir. Məsələn, ”The Washigton Times”, “WikiLeaks”, “The Washington Post” və s. Dil Qurumunun mütəxəssisləri hesab edirlər ki, adi məntiqlə əgər əcnəbi adlar “orijinalda olduğu kimi” saxlanırsa, onda niyə “Əl-Cəzirə” ərəb, “Nezavisimaya qazeta” kirill, “Rustavi” gürcü və s. əlifbalarıyla yazılmır?”.
Sabir bəy Amerika kəşf etmir, bu mövzunu jurnalistlər də öz aralarında çox dartışır. Əslində bizim haqqımız çatır cənab Rüstəmxanlıya müraciət edək ki, yazılarında ölkədəki siyasi, ictimai və mənəvi çirkinliklərin, sosial ədalətsizliklərin, hüquqsuzluqların əsas baiskarının adını düz yazsın.
Məsələn, bir dəfə Sabir bəy soyadların milliləşməsində xalqı günahlandırmışdı. Guya xalq milli soyadlara maraq göstərmir. Amma cənab Rüstəmxanlı nədənsə Ilham Əliyevi suçlamırdı ki, ilk nümunəni niyə o göstərmir? Guya kim bilmir ki, günü sabah Ilham Əliyev soyadına milli sonluq əlavə etsə, bircə günə ölkədə hamı – ova, – yevə tüpürəcək? Ümumiyyətlə, elə məsələlər var ki, o barədə danışmağı, türklər demiş, hak etmək lazımdır. “The Washington Post”un adının öz dilimizdə yazılmamasına etiraz etməyə Sabir Rüstəmxanlının haqqı varmı? “The Washington Post”un adının Azərbaycan türkcəsində yazılmaması əlbəttə, müzakirəyə layiq məsələdir. Amma ən vacib məsələ “The Washington Post”un adının Azərbaycanda niyə bu qədər populyarlaşmasıdır. Əgər sən “The Washington Post”da Dubay ifşasına münasibət bildirə bilmirsənsə, susursansa, Allah qoymasa, bir ziyalı və bir partiya sədri kimi bunun hesabını soruşa bilmirsənsə, “The Washington Post”un adının düz yazılıb-yazılmamasından danışmağın çox gülüncdür.
Yaxud “WikiLeaks” məsələsi… Orada Azərbaycandakı hakim ailə səviyyəsində oliqarxiya sisteminin çılpaq ifşasına münasibət bildirməyən adamın, buna qarşı mövqe sərgiləməyən adamın “WikiLeaks”in adı ilə bağlı dava aparması hansı məntiqə uyğundur? Varmı belə şey?
Bəli, təkcə bir yazar olaraq yox, ali təhsilli dilçi olan bir adam kimi mənim üçün də sözləri düz yazmaq, cümlələri düz qurmaq həssas məsələdir, doğma məsələdir, vacib məsələdir. Amma Rüstəmxanlı unutmamalıdır ki, sözləri düz yazmaq qədər, sözləri düz yazmaqdan çox düz sözü yazmaq lazımdır. Həqiqəti yazmaq lazımdır. Həqiqəti yazarkən hansısa hərfi səhv yazmaq faciə deyil. Faciə odur ki, sən ümumiyyətlə, həqiqəti yaza bilməyəsən.
Söhbətin başını yığsaq, demək lazımdır ki, Sabir bəyin hər işi belədir. Məsələn, bilirsiniz ki, o, həm də Dünya Azərbaycanlıları Konqresi (DAK) adlı bir qurumun sədridir. Əslində “bir qurum” yazmaq doğru deyil, çünki az qala hər ayın əvvəli, ortası, axırı parçalanan DAK-dan neçə dənə olduğunu artıq heç kim bilmir. Ən dəhşətlisi odur ki, DAK-ın əsas missiyalarından biri Allah qoymasa, Güneylə Quzeyi birləşdirməkdir. Özü öz içindən yüz yerə bölünən bir qurumun Güneylə Quzeyi birləşdirmək eşqinə düşməsi yalnız lətifə yaradıcılığının pik nöqtəsi ola bilər.
Bir həqiqətin təsdiqi
“Euronews” telekanalının rəhbər şəxsləri dünən Bakıya gəliblər. Gələn kimi də Fəxri Xiyabana gediblər, Heydər Əliyevin heykəli qarşısında baş əyiblər, gül qoyublar.
Sonra əlahəzrət qəbul edib onları. Şirin-şirin söhbətləşiblər. Əlaqələri gücləndirməkdən danışıblar.
Bu mehribanlığın kökü isə uzaqda deyil. Xatırlayacaqsınız, keçən il “Euronews”un müxbiri Ilham Əliyevdən müsahibə almışdı və ona məşhur sualı vermişdi: “Özünüzü kral kimi hiss etmirsiniz ki?”.
Həmin sualın hakimiyyətdə yaratdığı pərtlik o həddə çatdı ki, Əliyev Qərb jurnalistlərinə birbaşa müsahibə verməyin əl-ətəyini tamamilə yığışdırdı.
Bəs indi nə baş verir? Heç nə. Bir həqiqət öz təsdiqini tapır ki, bizim doğrudan da çoxlu pulumuz var.