Nabatəli Qulamoğlu: “Bu məsələ heç bir effekt verməyəcək”
Təhsil Nazirliyi tədris ilinin yenidən artırılmasını təklif edir. Nazirliyin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bu barədə bildirib. O qeyd edib ki, media və sosial şəbəkələrdə tədris ilinin 1 sentyabrda başlayıb 25 mayda bitməsi müzakirə olunsa da, nazirlik dərs ilinin bir qədər də uzadılması haqda düşünür. Nazirlər Kabinetinin tədris ilinin iki həftə uzadılmasıyla bağlı iki il əvvəl qəbul etdiyi qərarı da o belə əsaslandırıb: “Biz tədris ilini iki həftə artırsaq da, inkişaf etmiş ölkələrin tədris həftələrindən ən azı 3-4 həftə geridəyik. Bəlkə tədris ilini sentyabrın 1-də başlayıb, 14 iyunda bitirməklə bu boşluğu doldura bilərik?”.
Təhsil sahəsi üzrə ekspert Nabatəli Qulamoğlu hesab edir ki, dərs həftələrini mövcud müddətdən çox artırmaqla hazırda hansısa effekt almaq mümkün olmayacaq. Ekspert bunu orta təhsil müəssisələrində daxili imkanların olmamasıyla əlaqələndirir:
“Öncə qeyd edim ki, vaxt azaldıqca proqramları öyrənmək imkanları da azalır. Dünya praktikasında yayın böyük hissəsini dərs keçən ölkələr çoxdur. Lakin bizdə bunun üçün imkanlar yetərli deyil. Çünki yayda isti hava şəraiti buna imkan vermir. Eləcə də, məktəblərdə interyer, daxili imkanlar yoxdur ki, yayda dərs keçirilsin. Tədris ilinin hazırkı müddətdən də çox artırılması gələcəkdə mümkün ola bilər. Hazırda isə bu, baş tutan iş deyil. Yay düşərgələri təşkil etməklə vəziyyətdən çıxmaq olar. Amma dərsləri hazırkı həddən də çox artırmaq heç bir effekt verməyəcək. Yayda dərs keçməyi ideya kimi vermək olsa da, təcrübədə müsbət nəticə almaq mümkün deyil”.
Nigar