Eynulla Fətullayev baş redaktorun qətli ilə bağlı gizlinləri açır
İstintaqı məhkum aparır
Eynulla Fətullayev 2005-ci ilin martında qətlə yetirilən “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətli ilə bağlı gizlinlərə və bugünə qədər açılmayan müammalı məqamlara işıq salmağa başlayıb. Rəhbərlik etdiyi “haqqın.az” saytında bu qalmaqallı qətllə bağlı silsilə məqalələr dərc edən E.Fətullayev Elmar Hüseynovun işinin əslində açıq olduğunu deyir. Müəllifin “Elmar Hüseynovu niyə öldürüblər; Istintaqı məhkum aparır” başlıqlı ilk yazısını olduğu kimi oxucularımıza təqdim edirik.
“Hakim elitanın rolu heç bir şübhə doğurmurdu”
“2006-cı ilin oktyabrında – Elmar Hüseynovun qatilləri Tbilisidə üzə çıxarıldıqdan sonra hətta həbsxanada da məni bir sual heç cür rahat qoymurdu. Bu məkrli və xain qətlin sifarişçisi kimdir? Qədim romalıların məşhur sualından çıxış edərək öz-özümə soruşurdum – bu qətl kimə lazım idi? Əsas tənqidçinin aradan götürülməsində hakim elitanın rolunun ola biləcəyi heç bir şübhə doğurmurdu. Elmarın hədəfində hakim elita təmsilçilərinin çıxışları, görüşləri, qeydləri, eləcə də səhvləri fokslanmışdı. Bundan başqa, qətlinə bir neçə ay qalmış ”Monitor” redaktoruna hakim elita barədə materialların dərcini dayandırmaqla bağlı açıq xəbərdarlıqlar gəlirdi. Öz tənqidi fəaliyyətini bütünlüklə pisliklərin ifşasına yönəldən jurnalistin qətlini kim təşkil edə bilərdi?
Birinci versiya – “fərhadçıların” qisası
Ölümündən bir il əvvəl nəhəng “Azpetrol” şirkətinin prezidenti, iqtisadi inkişaf naziri Fərhad Əliyevin qardaşı Rafiq Əliyev Elmarı görüşə çağırmışdı. Elmara nazirin – iqtisadiyyatın xilaskarının kəskin tənqidindən imtina müqabilində jurnalının nəşrini yaxşılaşdırmaq təklif olunurdu. Kobud desək, Elmarı satın almağa cəhd edirdilər.
Amma əvəzində ictimai aşkarlıq qazandılar. Əlbəttə ki, incik düşdülər. Etiraf edim, əvvəl məndə müəyyən şübhələr var idi ki, Elmardan incik düşən Əliyev qardaşları elə ilk imkandaca satılmayan jurnalistlə hesablaşıblar. Bu şübhələri hakimiyyətin özü aradan götürdü. 2005-ci ilin oktyabrında Əliyevləri dövlət çevrilişinə cəhddə təqsirli bilərək həbs etdilər. Lakin bu, əsassız, adekvat faktoloji bazaya söykənməyən ittiham oldu. Hakimiyyət dövriyyəyə hüquqa heç bir aidiyyəti olmayan arqumentlər atmışdı. Amma hakimiyyət yüksək iddiaları olan “fərhadçıların” izolə edilməsində maraqlı idi. Sadəcə, Azərbaycan iqtisadiyyatının “Xodor”unu maksimum çox müddətə həbsxanada saxlamaq üçün kifayət qədər əsaslandırılmış ittiham tələb olunurdu. Milli Təhlükəsizlik Nazirliyinin Istintaq Idarəsinin yarıtmaz və qabiliyyətsiz əməkdaşlarının uzunmüddətli araşdırması son nəticədə korrupsiya ilə bağlı standart ittihamda dayandı. Axmaqcasına və gülməli idi. Meqakorrupsiyalaşmış ölkədə bu ittihamla hakimiyyətin bütün iyerarxiyasını – “JEK” müdirindən Artur Rəsizadəyə qədər hamısını içəri atmaq və böyük çoxmilyonlu QULAQ yaratmaq olardı.
Əgər repressiyalaşmış aparatda Elmar Hüseynovun qətlinin “fərhadçılarla” əlaqəsinə dair hansısa sübutlar olsaydı, hakimiyyət düşünmədən müvafiq ittihamlar irəli sürüb “ömürlük həbsə” qərar verərdi. Fərhad Əliyev tiranlığın əsas başağrısı idi. Hakimiyyət heç nəyin qarşısında dayanmadı. Hətta düşünmədi ki, Fərhad Əliyev şəhadət barmağını yuxarı qaldıra bilər. Oysa ki, bu, həm klandaxili böhranı, həm də jurnalistlə bağlı “asma işi” həll edə bilərdi. Bununla yanaşı, Rafiq Əliyevin vəkilləri Isaxan Aşurov və Elton Quliyev bizim informasiya mənbələrimiz idi. Informasiya bizə birinci əldən sızırdı. Fərhad Əliyev özü bu işin açılmasında yaxından maraqlı idi. Deduksiya metodu qiyamçıların iştirakı versiyasını istisna edirdi.
İkinci versiya – istintaqı bilicilər aparır
Biz davam etdik. Bu cinayətdə polis əcinələrinin iştirakı da az ehtimal olunandır. 2005-ci ilin martında elita hakimiyyətin kriminal mərkəzinə ölümcül zərbə vurdu. Zakir Nəsirov və Hacı Məmmədova ömürlük həbs cəzası verməklə “cəzaların icrası” kimi köhnə adətdən qurtulmağa qərar verdilər. Nazirliyin rəhbərliyi uçurumdan qurtulmaq üçün güclə hakimiyyətin budağından yapışdı. Hacı Məmmədov isə Heydər Əliyevin dövründə açılmayan bütün ağlasığan və sığmayan qətlləri, cinayətləri üzərinə götürdü.
Ilham Əliyev təmiz, yazılmamış kağızdan yeni mərhələyə başlamağa qərar verdi. Əcinələr dəstəsini aradan götürdülər.
Bütün cinayətləri açdılar və etirafları etdilər, bircə Elmarın qətlindən başqa.
Həbs olunandan sonra MTN-nin kabinetində, səmimi monoloqun lap əvvəlində etiraf və təəssüf etmək, göz yaşı tökmək və ən qatı cinayətlərə görə peşmançılıq keçirmək asan olmazdımı? Amma Hacı Məmmədov susdu. Cinayət axtarışın rəisi, Azərbaycan (hətta dünya) hüquq-mühafizə orqanlarında ən məlumatlı şəxs olan Zakir Nəsirov isə Baş prokurora və MTN rəhbərliyinə Elmar Hüseynovun qətli ilə bağlı ifadə vermək üçün müraciət etdi. Amma Baş prokurorluğun istintaqçıları, əsasən də MTN (qətllə bağlı istintaqı MTN aparır) Z.Nəsirovun qanuni tələbinə rədd cavabı verdilər.
“Sadə məntiq şübhələri ailənin üzərinə aparırdı”
O sakitləşmədi və artıq məhkəmədə sorğu-sual tələb etdi. Yenə də heç bir reaksiya olmadı. Stop! Kadr! Ilkin mərhələdə Elmar Hüseynovun işini Zakir Nəsirov araşdırırdı.
Amma o, yolverilməz addım atmışdı – killer dəstəsini üzə çıxarmış, hətta yerini göstərmişdi. Zakir Nəsirov əmin idi ki, bu cinayətə əcinələrin aidiyyəti yoxdur. Qətl kriminal mərkəz tərəfindən təşkil edilməmişdisə, deməli, bütün “kozırlar” əldə idi. Üstəlik, prezident özü Təhlükəsizlik Şurasında işin tezliklə açılması ilə bağlı tələb qoymuşdu.
Söhbət, Ilham Əliyevin reputasiyasından gedirdi. Necə də olsa, öldürülən onun əsas tənqidçisi idi. Sadə məntiq şübhəli nəzərləri ailənin üzərinə aparırdı.
Iki ay ərzində Z.Nəsirov təhlükəli xəttə qədər getdi, o bu məkrli qətlin təşkilatçılarının lap yaxınına qədər gedib çıxmışdı. Amma Faiq Qəniyevin rəhbərliyi ilə MTN-nin istintaqçıları demək olar ki, açılmış işi idarənin tozlu arxivinə göndərdilər. Qayıdaq, qədim romalıların məşhur sualına – bu qətl kimə lazım ola bilərdi? Polis əcinələri üçün bu qətiyyən sərfəli deyildi. DIN-in istintaqı Gürcüstandan gələn və cinayəti törədən killerlərin kifayət qədər dəqiq ətrafını müəyyən etmişdi. Serko Dərvişov (kriminal avtoritet, “qanuni oğru”, milliyətcə yezidi-kürdü) sovetlər dönəmində kriminal aləmdə “Seko” ləqəbi ilə tanınan, gürcü xüsusi xidmət orqanları ilə yaxından əməkdaşlıq edən; Tahir Xubanov (Tbilisidəki Şeytan-bazar rayonu ərazisində yaşayır) milliyyətcə yarıkürd, yarıazərbaycanlıdır, Gürcüstanın kriminal dairələri ilə əlaqələri var, (Milli Bankın sədr müavini Vadim Xubanovun yaxın qohumu); Teymuraz Əliyev (Tbilisidəki Şeytan-bazar rayonu ərazisində yaşayır, azərbaycanlıdır, Seko ilə yaxın münasibətləri var, tez-tez Türkiyəyə “kriminal turne”lərə çıxır, kriminal dairələrdə Vaja kimi tanınır. Həmçinin gürcü millətinə məxsus iki sima.
“Onlara heç kim mane ola bilməyib”
DIN və Baş Prokurorluğun istintaqçıları killer bandasının izinə xüsusi texnikanın (FBR-in və Istanbul polisinin köməyi ilə. Mən özüm 2005-ci ilin martından bir neçə dəfə onlarla görüşdüm və məsləhətlər verdim) köməyi ilə çıxdılar. Gələcək qurbanın yaşadığı ərazidə mobil telefonları fiksə etdilər. Telefon nömrələrinin sahiblərini müəyyənləşdirdilər və tez bir zamanda həbs etdilər. Həmin adam Turqay Bayramov adlı şəxs idi. Bu çox sakit Turqay Bayramov Teymuraz Əliyevin yaxın qohumu çıxdı. O, dəstənin texniki tapşırıqlarını yerinə yetirirdi. Istintaqçılara öz qohumunu necə qarşıladığı, onlar üçün necə ev tutduğu, onların öz qurbanını necə izlədiklərini danışdı. Onun sözlərinə görə, killerlər əvvəlcə jurnalistlə aeroportda hesablaşmaq istəyiblər. Fevralın 28-də Elmar Belçikadan, NATO-nun jurnalistlər üçün təşkil etdiyi konfransdan qayıdırdı. Bu variant alınmayıb. Martın 1-də qətlin baş tutmasının qarşısını Elmarın binanın blokuna uşaqla çıxan və pilləkənlərdə təsadüfən qatillə rastlaşan həyat yoldaşı alıb. Martın 2-də isə onlara heç kim mane ola bilməyib…
ardı var