“Binə” bazarının rəhbəri mahnı müsabiqəsinə xeyli pul xərcləndiyini deyərək icarədarlardan 5 min manat tələb edir
“Binə” Ticarət Mərkəzinin sahibi Kəbirə Məmmədova icarədarlardan 5000 manat pul tələb edir. Adının çəkilməsini istəməyən icarədarlardan birinin qəzetimizə verdiyi məlumata görə, Kəbirə Məmmədova bunu “Eurovision”la əlaqələndirir.
“Deyir ki, ”Eurovision”a xeyli pul xərcləmişik, ona görə də hərəniz 5000 manat verməlisiniz. Kim verməyəcəksə, dükanı bağlayıb, çıxıb getsin. Həmçinin deyir ki, guya pulun əvəzində bizə “kupça” verəcək. Halbuki, bazarın inşa edildiyi ərazi onun şəxsi mülkiyyəti deyil. Yəni, bu üsulla istəyir ki, tələb etdiyi pulu asanlıqla alsın”.
Mənbə əlavə edib ki, bazarda enerji problemi həllini tapmasa da, Kəbirə Məmmədova işıq pulunu artırıb: “Mağazalara sayğac quraşdırılmayıb. Biz hər ay 70 manat işıq pulu verirdik. Indi artırıb 90 manat ediblər. Işıq pulu artsa da, işığın verilməsində problemlər var. Elə günlər olur ki, ümumiyyətlə bazarda işıq olmur”.
Hikmət