Keçmiş səhiyyə naziri Əli İnsanov aprelin 25-də ikinci dəfə məhkum edilib. Qaradağ Rayon Məhkəməsində ona hökm oxunub və İnsanov bu dəfə 7 il 5 gün azadlıqdan məhrum edilib.
Prokuror isə Əli İnsanova 8 il 9 gün cəza verilməsini istəyib. O bildirib ki, İnsanova verilən maddələr əməlinə uyğun tövsif olunub və həmin ittihamlar üzrə də cəzalandırılmalıdır. Prokuror deyib ki, Əli İnsanovun psixotrop dərmanlar saxlaması, ədliyyə mayoru Anar Məmmədovun əlindən protokolu alıb cırması, ona xəsarət yetirməsi məhkəmə də sübuta yetirilib.
Prokurordan sonra Əli İnsanovun vəkilləri çıxış edib. Müdafiəçilərdən Ağaveyis Şahverdi bildirib ki, Əli İnsanov heç bir cinayət törətmədiyi halda, ona qanunsuz olaraq, 11 il həbs cəzası verilib. Bu cəzanın da 10 il 10 ayını çəkəndən sonra onu həbsdən buraxmamaq üçün daha bir saxta cinayət işi hazırlanıb.
Məhkəmənin də obyektiv araşdırma aparmadığını, yalnız ittiham tərəfin sübutlarını araşdırdığını deyən vəkil məhkəmə prosesinə sədrlik edən hakim Rəşad Mustafayevə yazılı şəkildə etiraz edib. Etirazını əsaslandırarkən bildirib ki, Əli İnsanov haqqında bu cinayət işi başlanandan sonra onun barəsində həbs-qətimkan tədbiri seçilib. Hakim Rəşad Mustafayev həbs-qətimkan tədbirinin müddətini uzadıb. Həbs müddətinin uzadılması haqda qərarda da Əli İnsanovu “cinayətkar” kimi qələmə verməklə, onun təqsirsizlik prezumsiyasını pozub: “Əli İnsanovun haqqındakı cinayət işinə mahiyyəti üzrə məhkəmədə baxılmamış onun cinayətinin sübuta yetirildiyini yazmaq şəxsin təqsirsizlik prezumpsiyası hüququnu pozmaqdır. Rəşad Mustafayev martın 1-də çıxarılan qərarın ikinci səhifəsində məhz bunu yazıb. Belə olan halda, onun həmin işə obyektib baxıb, ədalətli qərar çıxarması mümkün deyil”.
Ağaveyis Şahverdi Əli İnsanovun günahsız olduğunu vurğulayaraq, onun haqqında bəraət hökmünün çıxarılmasını istəyib.
Sabiq nazirin digər vəkili Toğrul Babayev də həmkarının etirazını müdafiə edib. Eyni zamanda, o da bildirib ki, Əli İnsanov heç bir cinayət törətməyib: “Olmayan cinayətə görə 8 il cəza istəyərlərmi? Siz kimə cəza istəyirsiz? 13 il Heydər Əliyevlə çiyin-çiyinə işləmiş adama? Akademikə? YAP-ın qurucularından birinə? Bu zərərçəkmiş 35 gün harda müalicə olunub? Ən ağır xəstə də iki həftədən sonra sağalır. Bütün bunlarla bağlı heç bir sənəd təqdim eləmədilər. Əli İnsanovun həbsdən buraxılmasına 56 gün qalmışdı. Onu ən ağır şəraitdə saxladılar. 11 ildir yaxınları ilə görüşmür. Saxlanıldığı müəssisənin rejim qaydalarına həmişə əməl eləyib.
Əli İnsanova işgəncə verilməsi Avropa Məhkəməsinin qərarında da təsdiqini tapıb. Hadisə baş verdiyi iddia olunan vaxt cəzaçəkmə müəssisəsində 15 əməliyyatçı olub. O qədər adamın yanında Əli İnsanov özündən fiziki cəhətdən üstün olunan adama necə xəsarət yetirdi? Əli İnsanovla birlikdə həbs olunanların hamısı azadlığa buraxıldı, bircə ondan başqa…”
Hakim Rəşad Mustafayev ona verilmiş etirazın baxılmamış saxlanılmasına qərar verib.
Ardınca Əli İnsanov məhkəmədə son sözünü deyib:
– Mən bütün bu baş verənlərə, dövlət ittihamçısının mənə istədiyi cəzaya baxmayaraq, rahat və nikbinəm. Dövlət ittihamçısına demək istəyirəm ki, arxayın olsun. Burada baş verənlər, istənilən cəza məndə heç bir isterika yaratmayacaq ki, kiminsə ünvanına təhqir yağdırım. Buna mənim tərbiyəm yol vermir. Bu cür yalanları belə pafosla necə deyirsiz? Bununla hara gedirsiz? Bütün bu baş verənləri özümə qarşı terror kimi qəbul edirəm. Bir akademikə qarşı terroru bütün xalqa qarşı terror hesab edirəm. Guya mən hardasa narkotik tərkibli dərmanlar saxlamışam. Bu yalana göstəriş verənlər də elə bu işi düzüb-qoşan serjantın səviyyəsinə düşüb. Görün Azərbaycan nə gündədir… Biri tapşırır, biri qoyur, o biri də hüquqi don geyindirir. Hüquqi don geyindirən də elə həmin serjantın səviyyəsindədir.
Bu böhtana kiminsə inanacağını düşünmürəm. Bütün bunlar izahı olmayan uydurmadır. Ən az demokratiya olan cəmiyyətlərdə belə, məhkəmə iclasları canlı yayımlanır. Mənim məhkəmələrimdə isə jurnalistlərə məhdudiyyət yaradılır. Məni və jurnalistləri Lenin muzeyinə çağırmamısınız ki…
Daha sonra Əli İnsanov üzünü prokurora tutub:
– Siz nəvələrinizlə söhbətdə gördüyünüz hansı işdən fəxrlə danışacaqsız? Deyəcəksiniz ki, bir alimi, akademiki cibinə narkotik atdırıb məhv elədim? Sizləri öyrədib bura göndərənlərə çatdırın ki, Əli İnsanovun dəmir barmaqlıqlar arxasında kədər heykəlinə dönməsini görməyəcəklər. Əli İnsanov mübarizə üçün doğulub. Bilin və agah olun, Əli İnsanov ölümlə rəqs edənlərdəndir.
Belə hesablayıblar ki, qarşıdan gələn iki seçkinin ikisində də Əli İnsanov həbsdə olsun. Məni 2005-ci ildə də qanunsuz olaraq, şərləyib, 11 il cəza verdilər. Azadlığa çıxmağıma az qalmış eyni prosesləri davam etdirdilər.
Arzuları məhv eləmək olmaz. Mən bu yola kəfənlə çıxmışam. 11 ildə 107 məhkəməm olub, bu, 108-cidir. Bu məhkəmələrin birində də mənim xeyrimə qərar çıxarılmayıb. Bu, Ginnesin rekordlar kitabına düşəcək hadisədir.
Mənim qaldığım 118 nəfərlik barakda hərəyə bir qəbirlik yer düşür. Ordan heç nə tapmadılar. Anbar kimi bir yerdə axtarış aparıb guya ordan mənim yorğanımın arasından dərman tapıblar. Axtarış aparanda heç olmasa, görüntü üçün məni çağıraydılar…
Özləri hər şeyi düzüb-qoşandan sonra məni çağırdılar, dedim ki, vəkilim yoxdu, ifadə vermirəm. Çevrilib gedəndə rəis çağırdı. İndi burada zərəçəkmiş olan Anar Məmmədov da orada dayanmışdı, onda artıq cibi cırıq idi. Yazılmamış protokolu mən necə cıra bilərdim Əgər protokol cırılmışdısa, niyə əl izlərimi götürmədilər? Əgər ekspertiza keçirilsəydi, istintaq ifşa olunacaqdı. Necə ola bilər ki, eyni vaxtda həm protokolu cırıram, həm Anar Məmmədovun poqonunu cırıram, həm ona kəllə-beyin travması yetirirəm? Mən orada izahat vermədim, qoluma qandal vurub karsa saldılar. Məni aparanda Anar Məmmədov qapıda dayanıb gülürdü. Kəllə-beyin travması alıbsa, niyə başının tomoqrafiyası yoxdur?
Azərbaycanda bir akademiki narkotiklə şərləyirlərsə, deməli, nazirlərin, nüfuzlu beynəlxalq qurumlarda işləyənlərin da cibinə narkotik atmaq çox asandır. Amma nəzərə almamışdılar ki, bu cür ittihamlarla heç kimi inandıra bilməzdilər, çünki mənə uyğun gəlməyən ittihamlardır. İctimai fikirdən qorxu hissi Allahdan qorxu hissinə bərabərdir.
Mən lazım olan hər şeyi dedim. Xahiş edirəm, bu yalançı zərərçəkmiş və şahidlər barəsində xüsusi qərar çıxarasız. Zaman hər şeyi yoluna qoyacaq. Bu gün prokuror gülümsəyir. Kamran Əliyev də mənim işimdən sonra vəzifə aldı (2007-ci ildə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Əli İnsanovun işində dövlət ittihamını müdafiə edən prokuror idi, sonradan Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi təyin olundu-red.). Bu prokurora da vəzifə verəcəklər. Cənab hakim, sizə isə sadəcə, “çox sağ ol” deyəcəklər. Bu “sağ ol”un yükü isə ağır olacaq.
Bundan sonra hakim Rəşad Mustafayev hökm üçün müşavirəyə gedib. Hakim müşavirədə olduğu müddətdə Əli İnsanov zaldakılara müraciət edərək deyib:
– Mən çox şey bilirəm. Bunları qorxudan da mənim bildiklərimdir. Elə bilirlər ki, bura 3-5 min adam yığacam. Amma mən heç qohumlarımı da gəlməyə qoymuram. Bu gün demokratik inqilab Azərbaycanın sərhədlərinə yaxınlaşmaqdadır. Əgər ədalət bərpa olunmasa, bu yanğın bütün Azərbaycanı bürüyəcək. Azərbaycanda vəziyyət heç vaxt bugünkü qədər ağır olmayıb.
Əli İnsanovun vəkili Toğrul Babayev jurnalistlərə açıqlamasında bildirib ki, hökm qanunsuz və ədalətsizdir. Ona görə də hökmdən apellyasiya şikayəti veriləcək.
azadliq.info