Aprelin 26-da Bakı Apelyasiya Məhkəməsində jurnalist Rasim Əliyevin ölümündə təqsirli bilinən şəxslərin apelyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.
Hakim Qədim Babayevin sədrlik etdiyi iclasda təqsirləndirilən 4 nəfər – Samir Mustafayev, Elşən İsmayılov, Camal Məmmədov və Arif Əliyevin vəkili Şəmsəddin Quliyev müdafiə çıxışı edib. O bildirib ki, Samir Mustafayevin baş verən hadisədə günahı olmayıb, digər təqsirləndirilən şəxslərə isə ağır cəza verilib. Vəkil bildirib ki, Rasim Əliyevin ölümünə əsas həkim səhlənkarlığı olub.
O, verilmiş ittihamların daha yüngül maddələrə tövsif edilməsi və S.Mustafayevə bəraət verilməsini xahiş edib.
Çıxış edən S.Mustafayev də məhkəmələri qeyri-obyektivlikdə günahlandırıb: “Azərbaycanda qanun, məhkəmələrdə haqq-ədalət yoxdur, olsaydı, biz burda olmazdıq. Özünüz də bilirsiniz ki, mən günahsızam. Hər şeyi sizin vicdanınıza buraxıram”.
Çıxış edən dövlət ittihamçısı apelyasiya şikayətinin təmin edilməməsini istəyib. Onun çıxışı təqsirləndirilən Camal Məmmədovun etirazına səbəb olub: “Adamın kişiliyi olar, yapışmısınız bir dənə davadan, deyirsiniz adam öldürmüsünüz”.
Hakim ona xəbərdarlıq edib.
Təqsirləndirilən Kənan Mədətovun vəkili Rəsul Yusifbəyli də müdafiə etdiyi şəxsə bəraət istəyib.
Daha sonra məhkəmənin qərarı elan edilib. Qərara görə, şikayət təmin edilməyib.
Jurnalist Rasim Əliyev 8 avqust 2015-ci ildə bir qrup şəxs tərəfindən döyüləndən sonra 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib və bir neçə saat sonra dünyasını dəyişib. Hadisənin baş verməsinə səbəb jurnalistin öz “Facebook” səhifəsində futbolçu Cavid Hüseynovu tənqid etməsi olub.
İttihama görə, C.Hüseynovun bibisi oğlu Elşən İsmayılov da R.Əliyevə zəng edərək təkzib verməsini tələb edib və aralarında mübahisə yaranıb. Nəticədə Elşən İsmayılov, R.Əliyevdən qisas almaq məqsədilə, özünə yaxın olan Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevdən ibarət qrup yaradaraq avqustun 8-də saat 16 radələrində Bayıl qəsəbəsində «Bayıl market» maqazasının qarşısında onunla görüşüb. Onlar R.Əliyevə əl və ayaq zərbələri ilə daxili orqanlarının zədələnməsinə səbəb olan çoxsaylı ağır dərəcəli bədən xəsarətləri yetirərək hadisə yerindən qaçıblar. R.Əliyev təcili-tibbi yardım vasitəsilə Bakı Kliniki Tibbi Mərkəzə çatdırılsa da, bir neçə saat sonra dünyasını dəyişib.
Jurnalistin ölümü ilə bağlı Cavid Hüseynov və daha 5 nəfər həbs edilib. Məhkəmə jurnalistin ölümündə təqsirləndirilən Elşən İsmayılov 13, Camal Məmmədov 11 il, Arif Əliyev 12 il 6 ay, Kənan Mədətov və Samir Mustafayevi 9 il müddətinə azadlıqdan məhrum edib.
Həmin cinayət işinin materiallarından Cavid Hüseynov ağır cinayəti gizlətmədə təqsirli bilinərək Səbail rayon Məhkəməsinin hökumü ilə 4 il müddətinə azadlıqdan məhrum edilmişdi.
2016-cı il oktyabrın 12-də Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə onun cəzası 4 ildən 1 il 2 aya endirib və həmin müddət başa çatdığından futbolçu həbsdən azad edilib. (meydan.tv)