“Mənə dedilər ki, nazir şəxsən tapşırıb ki, polis vətəndaş qarşısında sınmamalıdır”
Yardımlı rayon sakini Hümbətli Bəhruz azadliq.info-ya müraciət edərək başına gələnlərin ölkə ictimaiyyətinə çatdırılmasını istəyib.
2007-ci ildən 2016-cı ilin noyabrına kimi Masallı rayonlararası mühafizə bölməsində işlədiyini deyən Bəhruz Hümbətli işlədiyi son dövrdə mülki mühafizə üzrə qrup rəhbəri vəzifəsində çalışıb. Həmin dövrdə tağım komandiri polis baş leytenantı Quliyev Ramazan ona vakant yerlərə işə qəbul üçün adam tapmağı tapşırıb. O da öz növbəsində Mirzəzadə Vüsal və Hüseynzadə Cəfəri işə qəbul olunmaq üçün Ramazan Quliyevə təqdim edib. İşə qəbul üçün lazımı “hörmət” tağım komandirinə çatdırılıb.
Bəhruz Hümbətlinin sözünə görə tağım komandiri sonradan işə qəbul üçün verilən rüşvəti danıb, qrup rəhbərinin ona böhtan atdığını deyib.
Məsələ ilə bağlı bütün aidiyyatı qurumlara şikayət etdiyini bildirən Bəhruz Hümbətli onun şikayətinə baxılmadığını deyir. Ramazan Quliyev barəsində cinayət işinin başlanmasına xitam verilib. Ona acıq surətdə bəyan edilib ki, Daxili İşlər naziri Ramil Usubov şəxsən tapşırıq verib ki, polis işçisi vətəndaş qarşısında sınmamalıdır.
Bəhruz Hümbətli həm də Yeni Azərbaycan Partiyasının üzvü olduğunu bildirir. Aprelin 13-də özünün və həyat yoldaşının partiya vəsiqələrini YAP-ın İcra katibi Əli Əhmədova göndərərək belə bir partiyada qalmağı özünə ar sayıb.
Yardımlı sakini sonda 7 nəfərlik ailə üzvləri ilə birlikdə intihar edəcəyini də deyib. Prezidentə müraciətində onun şikayətinə qanuni baxılmasını bildirən Bəhruz Hümbətli əks halda ölkə vətəndaşlığından çıxarılmasının təmin olunmasını xahiş edib.
azadliq.info