Ötən ilin avqustundan həbsdə olan fəal, AXCP Gənclər Təşkilatının üzvü Fuad Əhmədlinin məhkəməsi başlayıb. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Fikrət Qəribovun sədrlik etdiyi hakimlər kollegiyası baxır.
Aprelin 25-də məhkəmənin hazırlıq iclası keçirilib. Hazırlıq iclasında Fuad Əhmədlinin vəkili Əsabəli Mustafayev gənc fəalın günahsız olduğunu, heç bir ciddi sübut olmadan səkkiz aydır qanunsuz olaraq həbsdə saxlanıldığını bildirib. Vəkil bu səbəbdən də cinayət işinə xitam verilməsi haqda vəsatət qaldırıb. Cinayət işinə xitam verilməsinə dair vəsatət təmin olunmayacağı təqdirdə, vəkil Fuad Əhmədli haqqında həbs-qətimkan tədbirinin dəyişdirilməsi, hökm elan olunana qədər onun ev dustaqlığına buraxılmasını istəyib.
Əsabəli Mustafayev vəsatətlərini əsaslandırarkən deyib ki, Fuad Əhmədli özü də istintaqa ifadələrində ittihamda yazılan əməllərin heç birini törətmədiyini bildirib. Vəkilin sözlərinə görə, istintaq Fuad Əhmədlini müəyyən adamlar haqqında fərdi məlumatları yayıb, onların hüquqlarını pozmaqda, mənafelərinə zərbə vurmaqda günahlandırsa da, altı ay ərzində zərərçəkən tapıb ortaya qoya bilməyib. Yalnız fevral ayının 28-də üç nəfər zərərçəkən tapıblar: “Guya Fuad Əhmədli onlar haqqında fərdi məlumatları yayıb. O zərərçəkənlərdən biri sosial şəbəkələrdə reklam işi ilə məşğuldu, hər yerə öz nömrəsini yayıb. İndi necə oldu nömrəsinin yayılmasından narahatlıq keçirdi?”
Qeyd edək ki, zərərçəkənlər arasında Samir Xəlilov və Aynur Əliyeva adlı şəxslərin adları çəkilib.
Fuad Əhmədli vəkilinin vəsatətlərinə münasibət bildirərkən onların təmin olunmasını istəyib: “Mən 8 aydır qanunsuz həbsdə saxlanılıram. Mənim heç bir günahım yoxdur. Mən heç bir adam haqqında fərdi məlumatları yaymamışam. Mənə vəzifədən sui-istifadə ittihamı verilib. Mən ümumiyyətlə, vəzifəli şəxs deyiləm. Mənim bir vəzifəm olub, liderim (məhkəmə zalında prosesi izləyən AXCP sədri Əli Kərimlini göstərir-red.) də burdadı…”
Bu məqamda hakim Fikrət Qəribov onun sözünü kəsib: “Televiziyaya, qəzetə müsahibə vermirsən. Mahiyyəti üzrə danış”.
Fuad Əhmədli çıxışını davam etdirib: “Azerfon”da mənim birbaşa rəhbərim Şahin Əfəndiyev olub. Orada monitorinq qrupu vardı, əməkdaşların fəaliyyətini araşdırır, nöqsanları qeydə alırdı. Əgər hansısa əməlim, cinayətim olsaydı, şübhəsiz ki, monitorinq qrupu bunu qeydə alardı. Mən işə qəbul olunanda qol çəkmişəm ki, fərdi məlumatları yaya bilmərəm. Yaymamışam da. “Nar Mobile”ın “777” “Qaynar Xətt” xidmətinə gələn şikayətləri aidiyyəti üzrə yuxarı rəhbərliyə təqdim edirdim.
Həbsimin siyasi sifariş olması hələ həbs olunduğum ilk günlərdə müstəntiqin hərəkətindən də görünürdü. Həbs-qətimkan tədbiri seçilməsi haqda qərardan apellyasiya şikayəti verilmişdi. Hələ şikayətə baxılmamış müstəntiq mənə deyir ki, məhkəmədən sonra təcridxanaya ifadə almağa gələcəm. Deməli, bu adam əmindir ki, apellyasiya məhkəməsi məni buraxmayacaq”.
Hakim yenə onun sözünü kəsib. Bu yerdə Fuad Əhmədli bildirib ki, onun sərbəst ifadə vermək hüququ var. Hakim deyib ki, məhkəmə baxışında ona ətraflı ifadə vermək imkanı yaradılacaq.
Dövlət ittihamını müdafiə edən prokuror Anar Əliyev vəsatətlərin əsassız olduğunu bildirib və təmin olunmamasını istəyib.
Hakimlər də qısa müşavirədən sonra vəsatətlərin təmin olunmadığını açıqlayıb. İş məhkəmə baxışına verilib. Məhkəmə mayın 2-nə təyin olunub.
Məhkəmədən sonra jurnalistlərə açıqlama verən AXCP sədri Əli Kərimli Fuad Əhmədlinin siyasi mübarizədə fəal iştirakına görə cəzalandırıldığını bildirib:
“Bu rejim Azərbaycanın savadlı gəncliyi ilə savaşır. Müxtəlif bəhanələrlə Azərbaycan gənclərini repressiyaya məruz qoyurlar. Ölkənin sərvətlərini talan etmək, milyardları mənimsəmək, korrupsiya virusunu dünyanın müxtəlif ölkələrinə də yoluxdurmaqla özləri Azərbaycanın adını bədnam edirlər. Ölkənin təkcə bu gününə yox, sabahımıza da balta çalırlar – həm də ölkənin gələcəyi olan gənclərimizə qarşı repressiyalarla. Çox təəssüf ki, Azərbaycandakı qeyri-demokratik rejim bütövlükdə ölkənin gəncliyi, sərvətləri ilə mübarizə aparır. Fuad Əhmədlinin həbsinə də həmin kontekstdə baxmaq lazımdır. Fuad Əhmədli, hətta iddia olunan əməli törətmiş olsaydı belə, bu, uzağı onun iş yerində intizam tədbiri cəzasına məruz qalması ilə nəticələnə bilərdi. Ona xəbərdarlıq edə, töhmət verə, ən uzağı işdən çıxara bilərdilər. Amma adamı səkkiz aydır həbsdə saxlayırlar, indi də ağır cinayətlər məhkəməsində mühakimə edirlər. Ona görə ki, Fuad Əhmədli mübarizə adamıdı. Ona görə ki, Fuad Əhmədli Azərbaycanı yaxşıya doğru dəyişmək istəyir. Ona görə ki, Fuad Əhmədli digər həmyaşıdları, parlaq gənclərlə bərabər bu ölkədə müsbət dəyişikliklərin olmasına çalışırdı”.
Fuad Əhmədlinin vəkili Əsabəli Mustafayev də gənc fəalın həbsinin siyasi motivli olduğunu bildirib. Müdafiəçi bu fikrinin sübutu kimi, konkret arqumentlər də ortaya qoyub:
“Biz əsaslı arqumentlər irəli sürüb göstərdik ki,burada cinayət hadisəsi yoxdur, ona görə də bu məhkəmə prosesi gedə bilməz. Bu səkkiz ayda istintaq heç nə ortaya qoya bilmədi. İki-üç iclas keçirməklə məhkəmə də hansısa cinayət hadisəsinin mövcudluğunu sübut edə bilməyəcək. Buna əminəm. Lakin Fuad Əhmədlinin həbsi siyasi yönümlü işdir. Bunu sübut edən məqamlardan biri budur ki, Fuad Əhmədli həbs olunduqdan dərhal sonra Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluğun yaydığı birgə məlumatda onun məhz AXCP üzvü olması xüsusi qeyd olunmuşdu. Baxmayaraq ki, başqa şəxslər də həbs olunmuşdu, amma onların heç birinin partiya mənsubiyyəti göstərilməmişdi, sadəcə, adlar çəkilmişdi. Bu məqamın özü Fuad Əhmədlinin niyə həbs olunduğunu açıq şəkildə ortaya qoyur”.
Əsabəli Mustafayev əlavə edib ki, hüquqi müstəvidə mübarizəni sonadək davam etdirəcəklər. Gənc fəalın haqqında həbs qərarından Avropa Məhkəməsinə göndərilmiş şikayət üzrə kommunikasiya mərhələsinin başlanması gözlənilir.
Fuad Əhmədlinin atası Zəfər Əhmədli məhkəmədən oğlu haqqında ədalətli qərar gözləmir. Deyir ki, məhkəməyə hansı sifariş gəlsə, o qərarı da çıxaracaqlar. Bununla belə, Zəfər Əhmədli bu işi düzüb-qoşanların məhkəmədə ifşa olunacağına əmindir: “Elə bir gözləntimiz yoxdur. Nə sifariş verilibsə, o da olacaq. Bu məhkəmə iclasları ilə özlərini bir az da biabır edəcəklər. Bu məhkəmənin yeganə xeyri budur, başqa heç bir müsbət gözləntim yoxdur. Bütün siyasi işlərdə belə olur – sonda nə sifariş verilibsə, ona uyğun hökm oxunur, amma proses boyu özləri ifşa olurlar. Hesab edirəm ki, Fuadın işi Azərbaycandakı siyasi məhkəmələr tarixində ən biabırçı işlərdən biri olacaq”.