Dəfələrlə yazmışıq, təkrar yazmaqda fayda var: Əliyevçi rejimə qəlbi ilə bağlanmaq mümkün deyil, bu rejimə sadəcə, qarnı ilə bağlanmaq mümkündür.
Heç kim məni hansısa ən qatı məddahın, yaltağın belə, Əliyevlərə cani-dildən, səmimi-qəlbdən bağlı olduğuna inandıra bilməz. Belə bir insanı mən təsəvvür edə bilmirəm. Əlbəttə, indiyədək heç bir səmimiyyət cihazı icad edilməyib, ona görə də kiminsə ölkədəki bunca oğurluğa, quldurluğa, talançılığa, əxlaqsızlığa bəraət qazandırarkən riyakarlıq edib-etmədiyinə, bu mövqeyində doğrudan da, səmimi olub-olmadığına biz qəti qərar verə bilmərik.
Amma mən hər bir insanın dünyaya vicdan, ləyaqət, dürüstlük kimi keyfiyyətlərlə bərabər gəldiyinə inanıram, sonradan kimlərsə bu keyfiyyətlərdən artıq əşya kimi imtina edə bilərlər. Di gəl, heç kim ürəyinin ən dərin qatlarında Azərbaycanın necə iyrənc, çirkin, axmaq bir təfəkkürlə idarə edildiyi həqiqətini inkar edə bilməz. Bu ölkədə hər kəs özü ilə, vicdanı ilə təkbətək qalanda ölkədə nə qədər şərəfsiz, əclaf işlərin baş verdiyini çox gözəl dərk edir.
Biz qarının qardaşdan irəli olduğuna dair mental zehniyyətin hökmran olduğu bir ölkədə yaşayırıq, belə bir ölkədə qarın qardaşdan irəli keçirsə, demokratiyadan, hüquqdan, azadlıqlardan niyə irəli keçməməlidir?
Bir sözlə, Əliyevlərə bağlılıq əsla mənəvi, ruhi, ideoloji bir hadisə deyil, bu, sadəcə və sadəcə, insanların çörəyə, mədəyə bağlılığıdır, ən qatı Əliyevçi isə ən qarınqulu Əliyevçi deməkdir.
Elə iki gündür iki Əliyevçinin – Fəzail Ağamalı ilə Ismayıl Ömərov arasındakı saçyoldusu da bu söylədiklərimizin bariz təsdiqidir. Onların bir-birinə ittihamları hamımıza necə də tanışdır! Mən indiyədək özünü Əliyevçi hesab edən elə bir adam görmədim ki, o, hansısa cəbhədaşını ciddi ideoloji, elmi, analitik bir müstəvidə təqsirləndirsin, suçlandırsın. Bunların bir-birinə ittihamının yeganə leytmotivi var: “Mən Heydər Əliyevi müdafiə edəndə, sən ondan donoslar yazırdın”. Fikir vermisinizsə, istifadə müddəti başa çatan, sıradışı edilən YAP-çıların da müsahibələrində təxminən eyni fikir hakimdir: “Dünən Heydər Əliyevi asıb-kəsənlər, bu gün onun qızğın müdafiəçiləri olublar, amma mən qalmışam qıraqda”. Hamısını üst-üstə qoyanda görürsən ki, elə bir yaptokrat yoxdur, onun çörəyi kəsiləndə belə, qalxıb eyni ehtirasla, eyni həvəslə rejimin təəssübünü çəksin, ona yaltaqlanmağa davam etsin.
Biz hətta bu rejimin Allah qoymasa, guya ən sədaqətli nazirlərindən sayılan Ramil Usubovun Hacı Məmmədov məsələsində bir az dara düşən kimi öz ümummilli liderini necə “güllə ağzına” verdiyini də yaxşı xatırlayırıq. Illərcə Heydər Əliyevə toz qondurmayan Əli Insanovun, Elşad Abdullayevin çıxışlarını xatırlayın. Bu qədər təsadüf ola bilərmi?
Əliyevçi sistemə Allah qoymasa, ən sadiq iki Əliyevçinin – Fəzaillə Ismayılın saçyoldusu isə bir daha təsdiqləyir ki, heç bir yaptokrat öz mahiyyətini sonadək gizlədə bilməz. Əvvəl-axır elə bir gün gəlir ki, onlar bu rejimə bağlılıqlarının vəzifə, komfort həyat, karyera hərisliyindən başqa heç nədən doğmadığını hər kəsin gözü qarşısında bir-birlərinin üzünə söyləyirlər. Bir yaptokratın ayağının azca büdrəməsi kifayətdir ki, illərdir tərifini göylərə qaldırdığı, mədh etməkdən doymadığı rejimi, silahdaşlarını rəzil-rüsvay eləsin.
Onları qınamalı da deyil: onları heç bir ideoloji dəyər birləşdirmir, onların heç bir ortaq mənəvi yanları yoxdur, onları qəndə daraşan qarışqalardan heç nə fərqləndirmir. Onlar üçün bağda ərik varsa, salaməleyk də var, bağda ərik qurtardı – salaməleyk də qurtardı!
Qısacası, Fəzaillə Ismayılın davası hətta müğənni Rəqsanə ilə prodüsserinin saçyoldusundan da az funksionaldı. Onların davası iki qafanın, iki qəlbin davası olsaydı, ictimai maraqlar baxımından çox maraqlı, çox faydalı görünərdi, amma iki qarının davası olduğu üçün adamda gülüş və ikrahdan başqa bir şey doğurmur. Onları toqquşduran bilgiləri, fikirləri, ağılları deyil. Onları mədələri toqquşdurur. Onları cibləri, qarınları kəllələşdirir.
Ümumiyyətlə, bugünkü yaptokratların sabah Azərbaycanda situasiya dəyişəndə bir-birlərini necə baqaja qoyacaqlarını, özlərini təmizə çıxarmaq, özlərini millətcanlı göstərmək üçün bir-birlərini necə ayaqaltı edəcəyini düşünəndə adamın tükləri biz-biz olur.
Busuz da, cənablar, busuz da!