ABŞ prezidenti Donald Trampın Suriya əməliyyatı ilə bağlı qısa açıqlama verib. Prezident bu gecə Suriyaya hava zərbələri endirmək məri verdiyini açıqlayıb:
“Bu gecə, Suriyada kimyəvi hücum həyata keçirən təyyarələrin qalxdığı hava limanına hücum əmri verdim. Bütün ölkələri kimyəvi hücumu dayandırmağa çağırıram. Bu barbar hücumla (kimyəvi hücum) bir çox insan və hətta gözəl körpələr vəhşicəsinə öldürüldü. Suriyadakı mərmi əməliyyatı ABŞ-ın təhlükəsizliyi üçün vazkeçilməzdir. Bu axşam bütün mədəni ölkələri, Suriyadakı qırğını və hər cür terrorizmi dayandırmaq üçün ABŞ-a qoşulmağa dəvət edirəm”,- deyə ABŞ prezidenti bildirib.
***
Türkiyənin hökumət sözçüsü Qurtulmuş ABŞ-ın son addımlarını müsbət qarşıladıqlarını bildirib:
“Suriyada 7 ildir davam edən bir vətəndaş müharibəsi var. Suriya hökumətinin son hərəkətləri çox mərhəmətsizdir. Daha əvvəl də Əsəd hökumətinin kimyəvi silahlardan istifadə edildiyi sübuta yetirilib. Amma heç vaxt uyğun reaksiya göstərilməyib. ABŞ-ın dünən gecə başladığı əməliyyatı müsbət qarşılayırıq”,-deyə Qurtulmuş bildirib.
***
Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın Suriyanın Şayrat Hava bazasını vurması ilə bağlı açıqlama yayıb. Açıqlamada deyilir ki, Rusiya Suriyadakı hava təhlükəsizliyi razılaşmasını təxirə saldır.
Nazirlik Şayrat Hava bazasına hücumu “terrorizmlə mübarizə aparan bir ölkəyə yönəlmiş güc nümayişi” adlandırıb.
Açıqlamada hücumun mövcud problemləri daha da dərinləşdirdiyi deyilir.
Digər tərəfdən Rusiya BMT TŞ-nı təcili yığıncağa çağırıb.
***
Birləşmiş Ştatlar aprelin 6-dan 7-ə keçən gecə Suriyaya ballistik raket zərbələri endirib.
ABŞ rəsmiləri bildirirlər ki, zərbələr Suriyada dinc əhali üzərinə kimyəvi hücuma cavab olaraq endirilib.
Associated Press agentliyi xəbər verir ki, bu Suriya hökuməti üzərinə Amerikanın ilk birbaşa hücumu və prezident olandan bəri Donald Trump-ın ən dramatik hərbi əmridir.
Agentliyin xəbərində deyilir ki, raket zərbələri habelə Trump-ın ABŞ prezidentliyinə namizəd kimi verdiyi vədi pozduğunu göstərir. Trump kampaniya zamanı ABŞ-ın Suriyadakı vətəndaş münaqişəsinə qarışmayacağını demişdi.
Lakin belə görünür ki, prezident Suriyada kimyəvi silahdan ölən uşaqların görüntülərindən təsirlənib.
O deyib ki, Suriya “insanlığa qarşı rüsvayçılıq törədib” və “bir çox cızıqları aşıb”.
AP xəbər verir ki, ABŞ-ın Aralıq dənizindəki hərbi gəmilərindən atılan 59 Tomahawk raketi Suriyadakı hökumət hərbi bazalarından birini hədəfləyib. Amerika rəsmiləri inanırlar ki, Suriya kimyəvi silahlarla hücumu bu bazadan həyata keçirib.
Bir sıra başqa agentliklər raket zərbələrinin Homsdakı Şayrat hərbi-hava bazasına endirildiyini xəbər verirlər.
Pentaqon bildirib ki, Tomahawk raketləri Aralıq dənizindəki USS Porter və USS Ross gəmilərindən atılıb.
Suriya vaxtilə səhər 3:45-də endirilmiş raket zərbələri hökumət qoşunlarının hərbi-hava bazasındakı təyyarələri, radarları və yanacaq anbarlarını dağıdıb.
Suriya dövlət televiziyası ABŞ-ın raket zərbələrini “Amerika təcavüzü” adlandırıb və “itkilərin” olduğunu xəbər verib.
AP xəbər verir ki, prezident zərbələr barəsində xəbərdarlıq etməyib, hərçənd aprelin 6-da gün ərzində ABŞ rəsmiləri Suriya hökumətini kəskin tənqid edirdilər.
Bu da xəbər verilir ki, Trump prezident təyyarəsində onunla Floridaya uçan jurnalistlərə deyib ki, Suriyada baş verənlər “ən dəhşətli cinayət” olub və bunun baş verməsinə qətiyyən yol verilməməliydi.
Pentaqondan alınan məlumatlarda deyilir ki, Suriyadakı Rusiya hərbi kontingentinə zərbələr barədə əvvəlcədən xəbərdarlıq edilib.