Rusiya ilə Türkiyə arasında “təyyarə vurma” hadisəsi ilə başlayan gərginlik iqtisadi sahədə də iz buraxaraq davam edir.
Türkiyənin Rusiyadan təxminən 1,3 milyard dollarlıq idxal dəyəri olan 6 qida məhsulunun qəbulunun dayandırılmasına ilk reaksiya Kremldən gəlib. Rusiya Kənd Təsərrüfatı Nazirliyi “Türkiyəyə bəzi qadağaların qaldırılması qərarına gələcək bir heyətin apreldə göndərilməsi” planının ləğv edildiyini açıqlayıb.
Moskva-Ankara arasında təkrar başlayan siyasi danışıqlar iki ölkə arasında xüsusilə qida məhsullarının ixrac-idxalına embarqonun qaldırılacağına işarə idi. Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında gerçəkləşən Türkiyə heyətinin Moskva ziyarətində bu gözlənti önə çıxdı. Rusiya, bəzi qida məhsullarına embarqonu qaldırdı. 14 fevralda qaldırılan embarqo siyahısında “soğan, gül kələm, brokoli, duz, qərənfil çiçəyi və saqqız” vardı.
Bu məhsulların ümumi dəyəri 20 milyon dollardan aşağı idi. Ancaq həsrətlə gözlənən yaş meyvə-tərəvəz ixracına yaşıl işıq yandırılmadı. Türkiyə də təxminən 1,3 milyard dollarlıq idxal dəyəri olan “qarğıdalı, buğda, xam günəbaxan yağı, göy noxud və düyü” alışını dayandırdı.
Rusiyadan gələn reaksiyalar arasında ən diqqət çəkəni Rusiya Federal Baytarlıq və Bitki Sağlamlığı Nəzarət Xidməti (Rosselhoznadzor) adlı təşkilatdan oldu. Öz məhsullarını yetişdirmək və “qida təhlükəsizliyi təmin etmək” üçün Türkiyədə bir əkinçilik şirkəti qurmaq istədiyini açıqlayan “Rosselhoznadzor” Türkiyədən pomidor, xiyar, alma və armud qəbuluna qadağaların qaldırılmasını planlamadıqlarını açıqladı.
Rusiya yalnız pomidor alışına deyil, heyva kimi məhsullara qarşı da sanksiyalar tətbiq edir. Son olaraq “Rosselhoznadzor” gömrük nəzarət nöqtəsində Türkiyədən gələn təzə heyva yeşiklərinin keçişinə icazə vermədi. Türkiyədən gələn heyvaların içərisində sağlamlığa zərərli həşəratlar olduğunu səbəb göstərən təşkilat, 16 ton heyvanı geri göndərdi.
azadliq.info