“İlqar Məmmədovun səhhətində kifayət qədər ciddi problemlər var və onu müayinə, müalicə edən həkimlər xaricdədir. Biz Penitensiar Xidmətin onu xarici mütəxəssislərin müayinə və mülaicə etməsinə şərait yaratmasını istəyirik. Bununla bağlı Azərbaycanın beynəlxalq öhdəlikləri var”. Bunu vəkil Fuad Ağayev “Amerikanın Səsi”nə müsahibəsində deyib.
“Martın 22-də onun səhhətindəki problemin daha da ciddiləşməsi ilə bağlı məlumat aldıq. O çətinliklə telefon şəbəkəsi olan məntəqəyə gəlib həyat yoldaşına zəng edib ki, ağrıları şiddətlənib və çox çətinliklə yeriyir”, vəkil bildirib.
F.Ağayev bayram günləri olduğundan Məmmədova cəzaçəkmə müəssisəsində tibbi yardım göstərilib-göstərilməməsi və ya müalicə müəssisəsinə köçürülüb-köçürülməməsi barədə məlumatsızdır.
REAL Hərəkatının lideri İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunub. O, 7 il azadlıqdan məhrum edilib.
2015-ci ilin əvvəlində Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) İ.Məmmədovun şikayətini təmin edərək, onun azadlığa buraxılması barədə qərar qəbul edib.
Avropa Şurası Nazirlər Komitəsi bir neçə dəfə Azərbaycan hökumətini Strasburq məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb.
2015-ci ilin oktyabrında Ali Məhkəmə işi təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərib. 2016-cı ili aprelin 29-da Şəki Apelyasiya Məhkəməsi əvvəlki hökmü qüvvədə saxladığından İ.Məmmədov azadlığa buraxılmayıb. Ali Məhkəmə də bu qərardan verilən kassasiya şikayətini təmin etməyib.
İlqar Məmmədov qanunsuz məhkum edilməsi ilə bağlı 2015-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsinə (ikinci şikayət) şikayət verib.