Azər Tağıyev qanunsuz fəaliyyət göstərir
«Vəkillər Kollegiyasında üzvlük haqları mənimsənilir»
Bakı şəhər 11 saylı hüquq məsləhətxanasının təsisçisi Əfqan Məmmədov redaksiyaya müraciət edib. Müraciətdə deyilir:
“Nəzərinizə çatdırıram ki, Vəkillər Kollegiyası Rəyasət Heyəti qanunsuzluq və özbaşınalıq edir. Heyət üzvlərinin bəzi əməlləri barədə cəmiyyət məlumat almalı və həmin əməlləri törətmiş şəxslər ciddi qınaq obyektinə çevrilməlidir. Əks halda, həmin şəxslər bu cür əməllərindən əl çəkməyəcək.
Vəkillər Kollegiyasının Rəyasət Heyəti Milli Məclisin səlahiyyətlərini mənimsəyərək qanunlara özünün qərarı ilə əlavə-dəyişikliklər edir, qanunun icrasını dayandırır. Bu, inandırıcı görünməsə də həqiqətdir.
“Vəkillər və vəkillik fəaliyyəti” haqqında Qanunun müvafiq maddəsinə əsasən, kollegiyanın ümumi yığıncağı üç ildə bir dəfədən az olmayaraq VK Rəyasət Heyəti tərəfindən çağırılır. Vəkillər Kollegiyası Nizamnaməsinin 6.2 maddəsinə görə kollegiyanın ali idarəetmə orqanı vəkillərin ümumi yığıncağıdır. Nizamnamənin 6.3 maddəsinə əsasən, Vəkillər Kollegiyasının Rəyasət Heyəti daimi fəaliyyətdə olan ali kollegial idarəedici orqandır. Müvafiq qanunun 11-ci maddəsinin 2-ci hissəsinə əsasən, Rəyasət Heyəti sədri, sədr müavinləri və digər üzvlər Vəkillər Kollegiyası üzvlərinin ümumi yığıncağında gizli səsvermə yolu, sadə səs çoxluğu ilə beş il müddətinə seçilir. Hər kəs iki dəfədən artıq təkrarən Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri seçilə bilməz. Hazırda fəaliyyətdə olan Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvlərinin beşillik səlahiyyət müddəti 2009-cu ilin noyabr ayında bitib. Azər Tağıyev iki dəfə təkrar Rəyasət Heyətinin sədri seçilib. Vəkillər Kollegiyası üzvlərinin ümumi yığıncağı keçiriləcəyi təqdirdə, yenidən həmin orqana seçilməyəcəklərinə əmin olan heyət üzvləri ümumi yığıncağın keçirilməsində maraqlı deyil. Səlahiyyət müddəti bitdiyindən qeyri-legitim olan Rəyasət Heyəti qanunsuz fəaliyyətlərinə qanuni don geyindirməyə çalışır. Azər Tağıyev başda olmaqla Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvlərinin Azərbaycan qanunlarıyla istədiyi kimi rəftar etməsi dövlətin imicinə xələl gətirməklə bərabər, dövlətin təhlükəsizliyini təhdid altına alır. A.Tağıyev vəkillərin ümumi yığıncağının keçirilməməsində həm də ona görə maraqlı deyil ki, iclas keçirilsə, ondan Vəkillər Kollegiyasına ödənilmiş üzvlük haqlarının (ayda otuz min manata qədər) hara və necə xərclənməsi barədə hesabat tələb ediləcək. Kim inanar ki, həmin vəsaitin xərclənməsi zamanı kimsə öz korporativ maraqlarını güdməyib? Vəkillər Kollegiyasının vəsaiti xərclənərkən qanun pozuntusuna yol verilməyibsə, A.Tağıyev bu məlumatları niyə açıqlamaq istəmir?
A.Tağıyev başda olmaqla bir qrup şəxs kollegiyadakı idarəetməni qəsb edib. Onların qanunsuz hərəkətləri, səlahiyyət müddətlərini keçməsi, kollegiyanın vəsaitinin hara xərclənməsi barədə danışmağa vəkillərə “tabu” qoyulub. Vəkillərdən bunu pozub danışan dərhal təqib edilir, hər vəchlə onu kollegiyanın üzvlüyündən uzaqlaşdırmağa çalışırlar.
A.Tağıyev Vəkillər Kollegiyasında dözülməz şərait yaradıb. Bunun nəticəsidir ki, başqalarına hüquqi yardım göstərməli olan vəkillərin özünün vəziyyəti acınacaqlıdır və onların ictimaiyyətin dəstəyinə ehtiyacı var”.
Sosial şöbə