“Lider” telekanalına əlvida! Siyavuş Novruzova da, Rəbiyyət Aslanovaya da, Qüdrətə də, Fazilə də əlvida! Niyə də yox? Axı tənqidçi köşə yazarlarına qarşı nifrin püskürmək sırası “Azad Yazarlar Ocağı”nın “xaç atası”, dost deyib bağrımıza basdığımız Rasim bəy Qaracaya çatıb.
Bəli, cənab Qaraca “Azadlıq” radiosunun saytına yerləşdirilmiş bir məqaləsində ölkədə tənqidçi fikrin son adaları sayıla biləcək köşə yazarları haqqında demədiyini buraxmayıb. Onların topasına həm kin, həm də savadsızlıq dolu ittihamlar ünvanlayıb. Rasim bəyin bu ittihamlarının onun hökumətdən yemlənən məlum QHT Fondundan qrant aldıqdan həmən sonra ortaya çıxması xeyli düşündürücüdür.
Rasim bəy iddia edir ki, “yaxşı, radikal yazılar yaza bilirsənsə, artıq imzanı da ictimaiyyətə tanıtdıra bilmisənsə, çeşidli mətbuat orqanlarından sənə təkliflər gələ bilər, gəl bizdə yaz, sənə filan qədər veririk”.
Nə qədər gülməli və absurddur, deyilmi? Əcəba, Rasim bəy Qaraca son illərdə Yerdən başqa bir planetəmi köçüb ki, Azərbaycan reallığından bu qədər xəbərsizcəsinə danışır, danışa bilir? Axı radikal yazılarla “məşhurlaşmağı” hədəfləyən bir köşə yazarı başqa hansı qəzetdən daha yüksək qonorarlı dəvətə ümid edə bilər? Hansısa radikal yazara yüksək qonorarla dəvət göndərə bilən ikinci qəzet hansıdır ki, bizim xəbərimiz yoxdur?
Rasim bəy Qaracanın daha bir komik iddiası: “Bir çox hallarda jurnalistika ədəbiyyatdakı uğursuzluğu gizlətmə vasitəsidir”. Əgər həqiqətən də belədirsə, onda gərək Rasim bəyin özü bu saat hansısa qəzetdə idman səhifəsi hazırlayaydı. Çünki cənab Qaracanın “Ən yeni ədəbiyyat” seriyasından nəşr olunan hekayələr kitabından sonra onun ədəbi istedadı haqqında hər şey aydındır. Bir neçə yaxşı şeirlə isə Rasim bəy ədəbiyyatda ancaq Izəddin Həsənoğludan sonrakı yerə iddia edə bilər.
Üstəlik, yuxarıda dedikləri, hörmətli bəyin vicdan və ədalət hissini tədricən köhnə paltar kimi əynindən çıxarıb bir tərəfə atmaqda olduğunu deməyə əsas verir. Bu gün Azərbaycan reallığında jurnalistika ilə, əlbəttə, həm də tənqidçi, vicdanlı jurnalistika məşğul olmaq sözün bütün mənalarında fədakarlıq, cəfakeşlik və cəsurluq hadisəsidir. Ölkədə azad söz və alternativ fikir az-çox ayaqda qalıbsa, buna görə indiki və gələcək nəsillər məhz belə jurnalistlərə minnətdar olmalıdır. Bu, həqiqəti qiymətləndirməyən, qiymətləndirməməsi cəhənnəm, üstəlik, onu qaralamağa, ləkələməyə, aşağılamağa çalışan biri buraxın ədəbiyyatda, hətta həyatda uğur qazanmaq şansından məhrumdur. O, uzaqbaşı, Fazil Mustafa ilə bir medalın iki üzü ola bilər və mütləq olacaqdır.
Rasim bəy Qaraca radikal yazarları “reytinq dalınca” qaçmaqda da günahlandırır və əlavə edir: “Reytinq hər zaman və hər yerdə pul deməkdir, ”yaxşı pula getmək” deməkdir”. Əlbəttə! Əlbəttə! Həm də Azay Quliyevin puluna getmək deməkdir. Dünənəcən hakimiyyətin ədəbi siyasətini asıb-kəsən, ən radikal dildə ələşdirən birinin bu gün əlində alternativ “prezident təqaüdü” siyahısı ilə Prezident Administrasiyası qarşısında var-gəl etməsi, Mədəniyyət və Turizm Nazirliyinin dəhlizlərində himayəçi axtarışına çıxması deməkdir. Ölkədəki siyasi köləliyin dəyənəklərindən olan Sabir Rüstəmxanlının hansısa qurumda sədr müavini olmaq deməkdir.
Əslində, sonuncu məsələdən sonra Rasim bəy Qaracanın tənqidçi yazarlara qarşı nifrininə ümumiyyətlə, baş qoşmamaq da olar. Əgər sən Sabir Rüstəmxanlının çətiri altına sığınmısansa, əgər sən Azay Quliyevdən yemlənirsənsə, deməli, neyləməlisən? Ay sağ ol, vicdanlı, cəsarətli jurnalistikanı, haqq sözü ayaqda tutan, yaltaqlığa bütün qəlbi və ruhu ilə nifrət edən yazarlara şər yağdırmalısan, şəbədə qoşmalısan.
Necə ki, Rasim bəy də bunu edib. Biz bundan qətiyyən inciməməli, onu yenidən, daha yaxından tanıdığımıza görə, hətta taledən razı olmalıyıq.
Axı hər nə qədər səni sonradan ağrıtsa və acıtsa da, bütün yeni tanışlıqlar gözəldir.