Yaxud icra hakimiyyətlərinin fəaliyyətini tənzimləyən yeni əsasnamənin sirri
Ölkə başçısı Ilham Əliyevin yeni fərmanı gündəmin əsas müzakirə mövzusu olaraq qalır. Söhbət “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə fərmandan gedir.
Iqtisadi Təşəbbüslərə Yardım Ictimai Birliyinin sədr müavini Rövşən Ağayev “Media forum” saytına bu məsələni şərh edərkən deyib ki, yeni əsasnamə ilə yerli icra hakimiyyətləri daha da gücləndirilib: “Köhnə əsasnamədə yerli icra hakimiyyətinin əhatə dairəsi tam müəyyənləşməmişdi. Yəni yerli icra hakimiyyəti orqanları dedikdə daha çox prezidentin təyin etdiyi icra başçısı və onun aparatı nəzərdə tutulurdu. Yeni əsasnamədə isə yerli icra hakimiyyətlərinin dairəsi daha da genişləndirilib. Hüquq mühafizə orqanlarının yerli bölmələri istisna olmaqla bütün mərkəzi hakimiyyət orqanlarının, dövlət agentliklərinin yerlərdəki təmsilçiləri yerli icra hakimiyyəti sisteminə daxil edilib.
Icra başçılarına verilən səlahiyyətlər onları yerli prezidentlər kimi təsəvvür etməyə imkan verir”.
Ekspertə görə, yeni əsasnamə hakimiyyətin idarəetmədə islahatlar mexanizmini tətbiq etmək niyyətində olmadığından xəbər verir: “Bu onu göstərir ki, siyasi hakimiyyət islahatlara, hətta özlərinin qəbul etdiyi normativ aktlara zidd işləyir, islahatları nəzərdə tutan mexanizmləri tətbiq etmək fikrində deyil. Əksinə, mərkəzi hakimiyyəti yerlərdə gücləndirməklə seçkili orqanların işləməsinə imkan vermir”.
Bu arada yeni əsasnamə ilə bağlı “Azadlıq”a maraqlı məlumatlar daxil olub. Həmin məlumatlarda deyilir ki, Ilham Əliyevin icra hakimiyyətlərinin səlahiyyətlərini artırması təsadüfi deyil. Bu, ölkə başçısının rayonları oliqarxların əlindən alınmasına hesablanıb. Azərbaycan rayonlarının oliqarxlar arasında bölündüyü heç kimə sirr deyil. Bu isə qruplar arası savaşda hakimiyyətə xeyli problemlər yaradır. Məsələn, nəqliyyat naziri Ziya Məmmədov nəzarətində olan rayonların yol infrastrukturuna daha ciddi yanaşır. Amma tutaq ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun kurasiyasında olan rayonlarda yolların bərbad olması nəqliyyat nazirini o qədər də narahat etmir.
Digər tərəfdən rayonların oliqarxların nəzarətində indiki vəziyyət Ilham Əliyevin ürəyincə deyil. Hakimiyyət daxilində təlatümlərin olması, hər an ölkədə sosial partlayışın baş vermə ehtimalı, inqilab təhlükəsi və s. ölkə başçısını narahat etməkdədir. Ilham Əliyev düşünür ki, belə bir həssas dönəmdə iqtidardakı hansısa qruplar rayonlarda təxribatlar törədə, bu isə hakimiyyət üçün acı nəticələrə səbəb ola bilər. Bu baxımdan ölkə başçısı icra başçılarına bu cür jest etməklə onları birbaşa “öz adamları”na çevirmək, asılı olduqları oliqarxların əlindən qoparmağa çalışır.
Hikmət