Pənah Hüseyn «4 iyun qiyamı»nın əsas simaları haqda danışdı
“Azadlıq” qəzeti Gəncə hadisələrinin ildönümüylə bağlı araşdırmalara başlayıb. Araşdırmaların tərkib hissəsi olaraq, həmin hadisələrdə adları hallanan və ya o dövrdə müəyyən vəzifələr tutmuş, sözügedən olaylar barədə məlumatlı şəxslərlə müsahibələrə də yer verəcəyik. Bugünkü həmsöhbətimiz Pənah Hüseyndir. Mövzunun müzakirəsi üçün məhz onu həmsöhbət seçməyimiz təsadüfi deyil. Məsələ burasındadır ki, AXC hakimiyyəti dövründə baş nazir olmuş Pənah Hüseyn bu gün də rəsmi təbliğatda “iyun qiyamı”na görə ittiham olunan əsas simalardan biridir. Hətta bu olaylarla əlaqədar ona qarşı rəsmi şəkildə ittiham da irəli sürülmüşdü.
– Pənah bəy, sizcə, “4 iyun”un əsas qəhrəmanı Surət Hüseynovdurmu?
– Əslində, bu qiyamın beynəlxalq cəhətlərini kənara qoysaq, daxildə hansı liderə, hansı təşkilata, cərəyana işlədiyi ötən tarixi dövrdə görünüb. O proseslərdə Surət Hüseynov önəmli isim idi, amma indi hanı o?
Özü-özlüyündə proseslər sizin suala cavab verib. “4 iyun qiyamı” əslində, regional əhəmiyyətli məsələ idi. Elçibəy hakimiyyəti devrilməsəydi, “4 iyun” hadisələri olmasaydı, bütövlükdə regionun taleyi başqa cür olardı. Mən başa düşürəm ki, tarix haqqında şərt şəkilçisilə danışmaq doğru deyil, bu, sonsuzluğa qədər gedəcək. Lakin hər halda, “4 iyun” çox ciddi bir proses idi və nəticələri də yalnız Azərbaycan çərçivəsilə yekunlaşmamışdı. Mən Ictimai Palatanın tədbirində səsləndirdiyim tezisi təkrarlamaq istəyirəm, bu qiyam Ermənistan-Azərbaycan konfliktinin, Qarabağ probleminin həllinin qarşısını aldı. Yəni, bu qiyam Qarabağ probleminin həllində maraqlı olmayan qüvvələrin planının icrası oldu. O qiyam olmasaydı, münaqişə 93-cü ilin yayında qurtarırdı. “4 iyun qiyamı”nda iştirak edən bütün qüvvələrin hərəkətləri dövlətin maraq və mənafeləri baxımından milli xəyanət idi. Bu xəyanətin nəticələrini bu gün də hiss edirik. Bizim özümüzün də, yəni, devrilən hakimiyyətin də siyasi məsuliyyəti vardır.
– Qiyamda adı keçən əsas simalardan biri də Heydər Əliyevdir. Onun Surət Hüseynovla koordinasiyalı fəaliyyəti haqda Sizdə hansısa məlumat vardımı?
– Heydər Əliyevin rolundan danışarkən bəzən məsələləri olduqca primitivləşdirirlər. Bir də görürsən, biri deyir ki, Heydər Əliyev may ayında Naxçıvandan Yevlaxa uçub, Surətlə görüşüb müəyyən razılaşma əldə edib. Bunlar mif yaratmaq kateqoriyasından olan söhbətlərdir. Amma sirr deyildi ki, o zaman Ayaz Mütəllibovun və Heydər Əliyevin hakimiyyətə gəlməsi üçün çalışan qüvvələr vardı. Nə qədər qəribə olsa da, məntiqlidir ki, 1993-cü ilin mayında bu iki qüvvə arasında rabitə yarandı. Mütəllibov və Heydər Əliyev subyektiv cəhətdən bir-birinə zidd qüvvələr idi. Onların birinin hakimiyyətə gəlməyi digərinin hakimiyyətdən kənarda qalması demək idi. O dövrdə Ali Sovetin çağırılması üçün bu iki qüvvə birləşdi və 132-yə qədər imza toplamağa başladı. Bunların çoxu təbii ki, Mütəllibovu müdafiə edənlər idi. Çünki Ali Sovetin tərkibi onun zamanında formalaşmışdı. Sessiyanın çağırılması da əslində, qiyamın əlaməti idi. Qiyamla bağlı bir neçə variant vardı. Onlardan biri bu idi ki, sessiya Gəncədə çağırılır. Yeri gəlmişkən, bu sessiyanın çağırılmasının qanuni əsası yox idi, çünki Ali Sovetin bütün səlahiyyətləri ləğv edilmişdi. Gəncədə sessiya çağırılanda Surət Hüseynovun qüvvələri həmin toplantının təhlükəsizliyini təmin etməli idi. Qiyamın ilkin sesnarisi bu idi və orada siyasi qərarlar verilməliydi, Bakıda Elçibəy hakimiyyətinin devrilməsilə bağlı addımlar atılmalıydı. Bunları xüsusi xidmət orqanları vasitəsilə aldığımız informasiyalara, həmçinin elə açıq-aşkar gedən proseslərə əsaslanaraq deyirəm. O vaxt Heydər Əliyevin əsas koordinatoru kimi, Bakı şəhər Icra Hakimiyyətinin keçmiş başçısı Rəfael Allahverdiyev, Lənkərandan bir xanım deputat və Arif Rəhimzadə çıxış edirdi. Onlar vaxtaşırı Moskvada Ayaz Mütəllibovun, burada isə Surət Hüseynovun adamları ilə görüşürdülər. Heydər Əliyev bütün başqa keyfiyyətlərilə yanaşı, həm də olduqca ehtiyatlı adam idi. Görünür, bu həm də onun peşə vərdişlərindən irəli gəlirdi. Yalnız iyunun 2-də Heydər Əliyevin öz tərəfdarlarına “Hazır olun!” göstərişi verdiyi bəlli oldu. Bu da belə baş vermişdi: o zaman əməliyyat tədbiri kimi, bəzi insanların dinlənilməsi qərarı vardı. Heydər Əliyev də o adamlardan birinə zəng edib elə söz demişdi.
Mənim bildiklərim bu qədər idi və heç sonra da bu olaylarla bağlı başqa hallar ortaya çıxmadı. Mən yenə də o qənaətimdə qalıram ki, qiyamın ilk günlərində çox ciddi şəkildə güc göstərsəydik, möhkəmlənsəydik, mümkün idi ki, Heydər Əliyev elə sona qədər ehtiyatlı mövqeyində qalardı. Bu fikrimi əsaslandıra bilərəm. Iyunun 15-də Heydər Əliyev spiker seçiləndə onun müavinlərindən biri ondan Gəncə səfəri haqda Milli Məclisə hesabat, məlumat verməyi bir neçə dəfə tələb etdi. Heydər Əliyev isə cavab vermədi, axırda da dedi ki, “mən bu barədə heç nə demirəm”. Çünki vəziyyət tam aydın deyildi. Surət Hüseynovu müdafiə etsəydi, zaldakılarla problem yaranacaqdı. Çünki zalda səs verənlərin əksəriyyəti bizimkilər idi. Yox, bizimkiləri müdafiə etsəydi, Surətlə münaqişə başlayacaqdı.
Yekun olaraq, onu deyim ki, hərbi qiyam sonradan siyasi qiyama çevrildi və bu işdə YAP, onun rəhbəri Heydər Əliyevin müstəsna rolu var.
– Surət Hüseynovla AXC hakimiyyəti arasında münasibətlərin gərginləşməsinin səbəbi nə oldu? Axı o, baş nazirin müavini və prezidentin Qarabağ məsələləri üzrə səlahiyyətli nümayəndəsi idi…
– O, 1993-cü il fevralın 12-ə qədər bu vəzifələrdə olub, amma sonradan azad edilərək əvvəlki iş yerinə – Yevlax yun zavoduna göndərilib.
– Vəzifədən uzaqlaşdırılmasının səbəbi nə idi? Surət Hüseynovun dediyinə görə, onun nüfuzu gündən-günə artırmış, bundan ehtiyatlanaraq onu “vurmusunuz”. O da heç bir böyük dövlətlərin oyununa girmədən öz qürurunun müdafiəsi üçün hakimiyyətə qarşı qiyam edib…
– Bu, məsələlərə olduqca primitiv yanaşmadır. Qiyamın ilk günlərində hadisələrin əsas iştirakçılarından biri – Daşkəndli Vaqif (o qiyamdan sonra qısa müddət Gəncənin icra başçısı da oldu) idi. Onun bir müsahibəsi çıxmışdı, bildirirdi ki, Surət fevralda vəzifədən gedəndən sonra hər şeylə qurtarmışdı, kənara çəkilmək istəyirdi və s. Amma biz onu inandırdıq ki, davam etdirmək lazımdır.
Bir detalı da deyim. Surətin qiyamında daha bir fəal insan vardı – Nəriman Imranov. Bizə bu adam barədə xüsusi xidmət orqanları vasitəsilə məlumat daxil olmuşdu. Məlumatda göstərilirdi ki, Rusiyanın xüsusi xidmət orqanlarında çalışan Imranov təqaüdə çıxmasına altı ay qalmış istefa verib və respublikaya qayıdır. Paqonlu işçilər üçün təqaüdə 6 ay qalmış istefa vermək adi hadisə sayılmır, ona görə də bu, bizim də diqqətimizi çəkdi. Imranov Gəncəyə, Surətin yanına gəldi, bu, əslində peşə ezamiyyəti idi. Həm Mütəllibovçuların, həm Heydər Əliyevçilərin Surətin yanına getməsi, onun dediyi “şəxsi qisasçılıq” məsələsinin primitiv izahı olduğunu göstərir. O dövrdə Surətin ətrafında sosial-demokratlardan tutmuş, Nemətə qədər müxalif kəsimlərdən olan adamların yığışması da adi hal deyildi. Nə qədər paradoksal görünsə də, konkret halda, fiqur öz ətrafına toplananları yox, ətrafındakılar onu idarə edirdi.
– Surət Hüseynovun “Rusiyanın adamı” olması barədə deyilənlər nə dərəcədə doğrudur?
– Surət Rusiya xüsusi xidmət orqanlarının hədəfində, maraq dairəsində olan bir şəxs idi. Surətin yaranmasında, güclənməsində rus hərbçilərinin böyük rolu olub. Onun Rusiyanın kəşfiyyat orqanları ilə əlaqələri vardı. Bütün bunlar da onu şərtləndirdi ki, ölkədə qiyam eləmək lazım olanda onu Surətin əlilə həyata keçirildi.
– Onun Rusiyaya bağlı olduğu nə vaxt Sizin hakimiyyətə bəlli oldu?
– Əslində, onun vəzifəyə gətirilməsi elə bu əlaqələrə görə idi. Çünki o dövrdə silahların, aviasiyanın, texnikanın əldə olunma mənbələri əsasən rus hərbi hissələri idi. Biz onları Rusiyadan alırdıq, belə olan halda isə Rusiya ilə əlaqəli olmaq çox şeyi həll edirdi.
– Rusiya ilə əlaqəli, yoxsa Rusiya kəşfiyyatı ilə?
– Kəşfiyyat deyərkən, Surətə sıravi agent kimi baxmaq lazım deyil. Məsələ belə bəsitləşdirilməməlidir. Bu adam hərbi dairələrlə əlaqəsi olan, Ali Sovetin deputatı, müəyyən mafioz dəstələrin qəbul etdiyi nüfuz sahibi idi. Demək istədiyim odur ki, Rusiya hərbi dairələrilə əlaqəni casusluq kimi dəyərləndirmək doğru deyil. Bu əlaqələr açıq idi və biz Surət vasitəsilə Rusiya mütəxəssislərindən, texnikasından istifadə edirdik.
– Düşünürdünüz ki, bir dövlət adamının belə bir əlaqəsi dövlət üçün təhlükəli deyil?
– Əvvəla, biz hakimiyyətə gələnə qədər Surət çox ciddi fiqura çevrilmişdi. Hələ Xalq Cəbhəsi hakimiyyətə gəlməmişdən əvvəl o, bir sıra hərbi birləşmələri yığaraq özünə and içdirmişdi. 1992-ci ildə AXC hakimiyyətə gələn ərəfədə bəzi siyasətçilər, hətta ona Bakıya yürüş etməyi təklif etmişdi. Nəzərə alın ki, ölkə müharibə içindəydi, dövlətçilik yeni qurulurdu, ordu yox vəziyyətindəydi, silahlı birləşmələr cəbhədə çox şeyi həll edirdi. Surət də məhz belə bir şəraitdə Surət olmuşdu. Biz hakimiyyətə gələndən sonra bir neçə məsələyə görə onun vəzifəyə gətirilməsi müzakirə olunmuşdu. Geniş ictimaiyyət bilməsə də, bizə məlumatlar daxil olurdu ki, Surətin nüfuzunu qəbul edən çoxlu sayda hərbi qüvvələr var. Bundan başqa, prezidentin Qarabağ üzrə o zamankı nümayəndəsi Əlisahib Orucov vəziyyətə nəzarət edə bilmirdi. Əslində, o, heç bu vəzifələrə getmək istəmirdi, korpus komandirliyinə iddialı idi.
– Uzun müddət keçib, indi cavab vermək daha asan olar: qiyamı yatırmaq mümkün idimi?
– Mən həmişə birmənalı demişəm ki, Elçibəy hakimiyyətinin məğlubiyyəti fatal məsələ deyildi. Biz Kəlbəcərin işğalından sonra beynəlxalq aləmdə ciddi uğurlar əldə etmişdik. Mövqelərimizi gücləndirmişdik. Ona görə də kim deyirsə ki, “onsuz da əvvəl-axır Elçibəy hakimiyyəti məğlubiyyətə məhkum idi”, bu fikrin əsası yoxdur. Daha qətiyyətli addımlar atılsaydı, qiyamın qarşısını almaq mümkün idi. Bəzən 1920-ci il qiyamı ilə 1993-cü il qiyamını eyniləşdirirlər. 20-ci ildəki qiyamın qarşısını almaq heç cür mümkün deyildi, 1993-cü il qiyamı haqqında isə belə demək olmaz. Bəli, biz müəyyən səylər göstərdik, amma alınmadı. Gücümüz ona çatdı ki, 1997-ci ilin payızına qədər Əbülfəz bəy istefa vermədi, legitim prezident kimi, Kələkidə oturdu. Bununla da, Azərbaycanda baş qaldıra biləcək daha ciddi hadisələrin qarşısını aldı. Əbülfəz bəyin müəyyən etdiyi xarici siyasət kursu əsasən saxlanıldı. Bu xəttin dəyişdirilməsinə cəhd göstərildikdə isə hakimiyyətdəkilərə xatırladıldı ki, baxın haaa, başqa legitim prezident var.
– Necə düşünürsünüz, normal bir hakimiyyət qurulsa, “iyun qiyamı”yla bağlı yenidən məhkəmə qurula bilərmi?
– Həm siyasi, həm də hüquqi baxımdan bu hadisələrlə bağlı çox dərin tədqiqat aparılıb. Zəngin bir material var ki, onun üzərində dəyərləndirmə aparmaq olar. Təbii ki, bu olaylarla bağlı məhkəmənin keçirilməsinin mühüm əhəmiyyəti var. Söhbət kimisə zindana salmaqdan getmir. Bu, bir mənəvi proses olaraq, siyasi arenanın, cəmiyyətin təmizlənməsinə xidmət etməlidir. Hesab edirəm ki, bu hadisə Azərbaycanda baş verəcək.
Natiq