Azərbaycanın keçmiş daxili işlər naziri və MSK sədri Cəfər Vəliyev uzun sürən xəstəlikdən sonra iyunun 1-də dünyasını dəyişib.
C.Vəliyev 1930-cu il noyabrın 12-də Bakı şəhərində anadan olub. 1953-cü ildə Leninqrad Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1953-1960-cı illərdə Azərbaycan Nazirlər Sovetində rəhbər vəzifələrdə, 1960-1962-ci illərdə Azərbaycan KP MK inzibati orqanlar şöbəsi müdirinin müavini, 1962-1971-ci illərdə Azərbacan Respublikası Prokurorunun birinci müavini, 1971-1978-ci illərdə Azərbaycan KP MK-nin inzibati orqanlar şöbəsinin müdiri, 1979-1987-ci illərdə Azərbaycan SSR-in daxili işlər naziri, 1987-1992-ci illərdə Xalq Təsərrüfatını İdarəetmə İnstitutunda kafedra müdiri, 1992-ci ildən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri, daha sonra isə Azərbaycan Respublikası İqtisad Məhkəməsinin sədri vəzifələrində çalışıb.
Hüquq elmləri namizədi, professor, Azərbaycan Milli Yaradıcılığ Akademiyasının hüquq doktoru, Azərbaycanın əməkdar hüquşünası, daxili xidmət general-leytenantıdır.
Azərbaycan Respublikası Prezidentinin 11 noyabr 2000-ci il və 11 noyabr 2005-ci il tarixli fərmanları ilə “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif edilib. Həmçinin SSRİ, Polşa, Çexoslovakiya, Monqolustan və Kubanın orden və medalları ilə də təltif edilib (Qafqazinfo.az).