Bəli, bayramlar da sovuşdu. Bilirsiniz, yadımda nə qaldı? Bu hakimiyyətin o ki var qarğış yağdırması. Hiss olunur ki, bunların arsenalındakı təzyiq üsulu və mexanizmləri artıq tükənmək üzrədir. İndi də qarğışa keçiblər. Bir gün də eşidəcəyik ki, cadugərlərin yanına gediblər, müxalifət üçün cadu etməyə. O səbəbdən də belə şeyləri eşidəndə nə dilxor olun, nə də təəccüblənin. Bunu həm də bir əsəb mübarizəsi saymaq lazımdır, qələbə əsəbcə möhkəm olanı seçəcək… Bəli, bu isti yaz günlərində adamın ağılına ancaq belə fikirlər gəlir və buna da təəccüb etməyin. Ümumiyyətlə, arabir mənə elə gəlir ki, bizim də təəccüblənmək potensialımız tükənib, heç nə bizi təəccübləndirmir. İndi gileylənməyin də bir mənası yoxdur. Lakin “dəmir Feliks” olmaq da müşkül məsələdir. Məni yaxın günlər üçün təkcə bir məsələ maraqlandırır. H.Klinton Bakıya səfər edəcəyi təqdirdə müxalifət liderləri ilə görüşəcəkmi? Bu görüş baş tutsa, bu hakimiyyətin “əsas bayramı” ərəfəsində ona ən yaxşı və ən layiqli mükafat olacaq. İndi hər həftə siyasi sürprizlər yaşayırlar. Gah bu, gah da o biri xarici qəzet və jurnallar bunlardan yazır. Az qala kino ulduzuna çevriliblər. Bütün bunların bir səbəbi var: dünya artıq imitasion demokratiya istəmir! Mənim yadıma bir epizod düşür. Bəli, Polşada bir seminarda iştirak edirdik. Hamı öz ölkəsindəki problemlərdən danışırdı və növbə öbəkistanlı hüquq müdafiəçisinə çatdı. Birdən bu adam öz ölkəsindəki seçkilər haqda bir neçə cümlə dedi. Hamı təəccüblə dönüb ona baxdı ki, görən bu adam biz fəalları ələ salmır ki? Özbək çıxışına kiçik bir pauza verib qayıtdı ki, bəs indi dediklərini ATƏT-in Özbəkistandakı seçkilərə verdiyi qiymətdən götürüb və o da həmin qiymətə bir nöqtə belə əlavə etmədən onu səsləndirib! Möhkəm pərt olmuşduq, çünki hamımız Avropa və ATƏT deyəndə az qala obyektivlik meyarı düşünürdük. Bunu nədən xatırladım? Demokratik ölkələrdə də xarici siyasət bir qədər ictimai nəzarətdən kənarda olur və ona görə də burada əsl alver başlayır. Amma bu alver böyüyəndən sonra ictimaiyyətə də bu haqda məlumat çatır. Birdən məlum olur ki, onların avropalı siyasətçiləri mürtəce diktatorlarla qədəhləri toqquşdurmaqdan xüsusi həzz alırlar! Məlum olur ki, bu diktatorların əlləri bəzən avropalı siyasətçilərin cibinə də uzanır… Bütün bunlar qəzetlərə və jurnallara çıxır. O vaxt həmin avropalı siyasətçilər cəld xarici siyasətə korrektələr etməyə başlayırlar və bir də görürsən ki, bəli, bu korrektələr haradasa özünü göstərdi və haradasa bir diktator çökdü. Bu prosesdə vətəndaş cəmiyyəti fəallarının böyük rolu olur, çünki onlar biri-birini məlumatlandırır. Tutaq, azərbaycanlı hüquq müdafiəçisinin sayəsində fransız fəalı öz ölkəsinin Azərbaycandakı siyasətindən xəbər tutur. Xaricdə bunun, yəni bu prosesin maraqlı adı var. Amma mən ona inter-demokratiya deyərdim. Hətta şüarı da belə müəyyən edərdim: bütün ölkələrin demokrat insanları, birləşin! Bəli, birləşin ki, Sizi idarə edənlər haqda tam məlumata və bilgiyə malik olasınız! Belə bilgi Sizə onları daha yaxşı tanımaq üçün, onlara daha yaxşı nəzarət etmək üçün lazımdı. Sizə bəzən elə gəlir onları yetərincə yaxşı tanıyırsınız. Amma belə deyil. Onlar Sizin sayıqlığınız sayəsində belə qanunpərəst, prinsipial olurlar. Sayıqlığınızı itirsəniz onları tanımaycaqsınız və özünüz də təəccüb edəcəksiniz ki, məgər bunlar həmin adamlardır?!
Kiçik sözardı
Bu yazı da belə tamamlandı. Mən onu “Ərəfə” də adlandıra bilərdim. Amma hadisələri qabaqlamaq istəmirəm. Mənə elə gəlir ki, demokratiyanın böyük dalğası özünü hiss etdirməkdədir. Bu dalğa da yəqin ki, möhtəşəm olacaq. Nə isə. Siyasi futurologiyaya çox qapılmayaq. Əsas odur ki, sədd uçmaq və biz də dünyaya qovuşmaq ərəfəsindəyik. Əvvəllər biz hamımız informasiya blokadasından gileylənirdik. Bir müddət keçdi, bir kəsimimizin problemi öz həllini tapdı. Qaldı başqa bir kəsim – müxalifət. Amma indi müxalifətin də öz informasiya şəbəkəsi və sistemi yaranıb, xaricdəki qəzet və jurnallar hətta o qədər yazırlar ki, onların hamısını tərcümə edib insanlara çatdıra bilmirik və bəzən hansısa yazıdan hətta bir neçə gün sonra xəbər tuturuq…