Donald Trampın ABŞ dövlət katibi postuna təyin etdiyi Reks Tillerson Rusiya prezidenti Vladimir Putinlə 90-cı illərdən dostluq münasibətlərindədir.
Qərb mətbuatının yazdığına görə, bu mühüm postun «ExxonMobil»in sahibi Tillerosona həvalə edilməsinin səbəbləri arasında Rusiya amili də var.
Belə ki, müdafiə naziri vəzifəsinə Ukraynanın dostu Ceyms Mettis gətiriləndən sonra Tramp üçün Moskva ilə ABŞ arasında vasitəçilik edə biləcək vacib fiqur lazım idi. Putinin çoxillik dostu Tillerson da bunun üçün ən uyğun namizəd idi.
Putinlə dostluğunu gizlətmir
Nəhəng neft şirkətinin rəhbəri olan Tillerson Putinlə əlaqələrini heç vaxt gizlətməyib. Bu ilin əvvəlində Texas Universitetindəki çıxışı zamanı etiraf etmişdi ki, Putini 15 ildən çoxdur tanıyır və onunla çox yaxın münasibətləri var.
Tillersonun təyinatına qarşı çıxanlar arasında Trampın partiya yoldaşları da az deyil. Yeni dövlət katibinin Putinin dostu olması xüsusən senator Con Makkeyndə narahatlıq yaradıb.
Son açıqlamasında o, Putini bandit, qatil və KQB agenti adlandıraraq Trampı onunla güc dilə ilə danışmağa çağırıb.
Respublikaçı senatorlardan Marko Rubio da bu təyinata qarşı çıxanlardandır. Rubio bazar günü «Twitter» hesabından yazıb: «Vladimir Putinin dostu olmaq… Bu, mənim dövlət katibindən gözlədiyim keyfiyyət deyil».
Mühəndislikdən şirkət rəhbərliyinə…
Tillerson karyerasına «Exxon»da başlayıb. Mühəndislikdən şirkət rəhbəri vəzifəsinə qədər pillə-pillə yüksəlib.
80-ci illərin ortalarında qaz departamentində biznesin inkişafı xidmətinin rəhbəri olub. 2006-cı ildən isə şirkətin rəhbəri və Direktorlar Şurasının sədri olub.
Tillerson ABŞ-ın Yaxın Şərqdə mövcudluğuna həmişə tərəfdar olub. 2011-ci ildə «ExxonMobil» İraqın kürd bölgəsində neft hasilatı ilə bağlı müqavilə bağlayıb. Bu, İraq qanunlarının pozulması demək idi. ABŞ hökuməti isə bu razılaşmadan xeyli razı qalmışdı.
Tillerson ABŞ-da xam neftin ixracına qoyulan qadağanın əleyhinə idi və bu qadağanın ləğvinə çalışırdı.
Həmçinin mayeləşdirilmiş qazın ixracı ilə bağlı layihələrə qoyulan məhdudiyyətlərə də qarşı çıxırdı.
Sanksiyalara baxmayaraq, «Exxon» Rusiyanın nəhəng neft şirkəti olan «Rosneft»ə əməkdaşlıq təklif etdi. Lakin sanksiyalara görə sonradan müştərək layihələri dondurmaq lazım gəldi.
“Forbes”in siyahısında
Ötən il «Forbes» Tillersona dünyanın ən nüfuzlu insanlarının reytinqində 25-ci yeri vermişdi.
Tillersonun necə idarəçi olduğunu göstərən nümunələrindən biri «Exxon»un Yəmənlə apardığı danışıqlardır.
Yəmən vacib kommersiya qərarlarının qəbuluna «veto» hüququ istədiyi üçün danışıqlar dalana dirənmişdi. Görüşlərin birində
Tillerson əlindəki kitabı ataraq qəzəblə otağı tərk etmişdi. Onun bu addımını Yəməndən olan nümayəndələr, həmçinin «Exxon»un müttəfiq şirkətləri heyrətlə izləmişdi.
Amerika mətbuatı yazır ki, Trampa məhz belə sərt və qərarlı dövlət katibi lazımdır.
Tramp: “Tillerson dünya səviyyəli «oyunçudur»
Bugünlərdə Tramp Tillerson haqqında belə deyib: «O, təkcə biznesmen deyil. Həm də dünya səviyyəli «oyunçudur».
«Exxon» dünyanın təxminən 50 ölkəsində işləyir və bu, həm də Tillersonun əlaqələrinin nə qədər geniş olduğunu göstərir.
Energetika üzrə ekspertlər deyir ki, Tillerson xüsusən Anqola, Argentina, Kanada, Meksika, Nigeriya və Qətərə yaxından hakim olan biridir.
Corc Buşun prezidentliyi dövründə ABŞ-ın Qətərdəki səfiri olan Çeyz Antermeyer deyir ki, Tillerson bu ölkədə danışıqları həmişə ən yüksək dairələrlə aparıb.
«Məndə belə bir qənaət var ki, o bir nömrəli korporativ diplomatdır», deyə keçmiş səfir bildirib.
Möhtəşəm biznesmen, vətənpərvər amerikalı…
Respublikaçılar Partiyası Milli Komitəsinin rəhbəri, Tramp Administrasiyasında aparat rəhbəri Rayns Pribes Tillersonu möhtəşəm biznesmen və vətənpərvər amerikalı adlandırıb. Həmçinin əlavə edib ki, onun xarici təcrübəsi çox az adamda var.
90-cı illərdə Saxalində neft layihəsi həyata keçirərkən Tillerson Putinlə tanış olub və aralarında yaxşı münasibətlər yaranıb.
2011-ci ildə Tillerson «Rosneft»lə müqavilə bağlayıb. Bu saziş «Exxon»a Sibirdə qiymətli faydalı qazıntılara çıxış imkanı yaratmışdı.
Putindən orden alıb
İki il sonra Putin Reks Tillersonu “Dostluq” ordeni ilə təltif etmişdi. Bu, Rusiyanın əcnəbilərə verdiyi ən ali mükafatdır.
«ExxonMobil»in Rusiyada əldə etdiyi uğurda Tillersonun Rusiya hökuməti ilə şəxsi əlaqələrinin yaxşı olması böyük rol oynayıb.
«Exxon» Rusiyadakı biznesini bütün dövrlərdə genişləndirə bilib. Hətta rəqibləri bu sahədə ciddi problemlər yaşadığı vaxtlarda belə.
Tillerson Rusiyaya qarşı sanksiyaların əsas əleyhdarlarından olub və prezident Barak Obamanın Moskvaya münasibətini həmişə sərt tənqid edib.
Böyük ehtimalla, Tramp məlum seçimi ilə həm də Rusiyaya qarşı barışıq siyasəti yürüdəcəyini nümayiş etdirməyə çalışır.
Tramp çıxışlarının birində deyib ki, Tillerson Rusiya ilə nəhəng sazişləri özü üçün yox, şirkət üçün bağlayır.
218 milyon dollarlıq səhm payı
Tillersonun «Exxon»un səhmlərindəki payı 218 milyon dollar dəyərindədir. Şirkətin illik dövriyyəsi isə fantastik rəqəmlərlə ölçülür. Məsələn, 2014-cü ildə dövriyyə 400 milyard dollar olmuşdu. Həmin il şirkət 34 milyard xalis mənfəət əldə etmişdi.
Rayns Pribes «Tillersonun Rusiya hökuməti ilə münasibətləri nə dərəcədə yaxındır» sualına belə bir cavab verib: «Tillerson bütün dünyada neft axtarır. Bunun üçün də neftin olduğu hər yerə gedir. Onun Putin kimi adamlarla əlaqələrinin olması bizi qəzəbləndirməməlidir. Bu, Birləşmiş Ştatlar üçün böyük üstünlük də ola bilər».
Kondoliza Rays: “Dəstəkləyirəm”
ABŞ-ın keçmiş dövlət katibi Kondoliza Rays Tillerosunun təyinatına müsbət yanaşıb. Rays onu uğurlu biznesmen və vətənpərvər kimi tanıdığnı deyib:
«O, ABŞ-ın maraq və dəyərlərini qətiyyətlə və böyük maraqla təmsil edəcək. Dövlət katibləri ailəsində onu salamlayır və dəstəkləyirəm».
Rusiyadan reaksiya
Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Aleksey Puşkov Tillersonun təyinatının ABŞ-Rusiya münasibətləri fonunda qiymətləndirib:
«Hesab edirəm ki, Tramp ilk növbədə bu postda öz mövqeyinə yaxın birini görmək istəyirdi. Ola bilsin ki, ona dünya siyasəti ilə bağlı məsələlərdə həmfikir olacaq nəhəng biznesmen lazım idi.
Tramp dünya siyasətinə ABŞ-ın maraqlarına cavab verəcək əməliyyat kimi baxır. O, Rusiya ilə münasibətləri düzəltmək istədiyini bəyan edəndə ciddi idi və ona bunu gerçəkləşdirməyə kömək edəcək adam lazım idi».
Gültəkin