Elxan Şahinoğlu: «Əslində bu rəsmi Bakının Tehrana mesajıdır ki, bizdən əl çəkin, qoyun işimizi görək»
“Son illərdə rəsmi Tehran və Bakı arasında əlaqələr bənzəri az görülmüş bir səviyyəyə çatdı və bu məsələ İsraili çox narahat etdi. Buna görə də Netanyahu öz səfəri ilə rəsmi Bakı və Tehran münasibətlərindəki müsbət irəliləyişlərə zərər vermək istəyir”.
Bunu “Tasnim” agetliyinə açıqlamsında İranın Azərbaycandakı sabiq səfiri Möhsin Pak Ayin bildirib.
İsrailin baş naziri Netanyahunun Azərbaycan səfəri ilə bağlı söylənənlərə sabiq səfir bunu da əlavə edib: ”Azərbaycan Respublikasının bu səfərə razılıq verməsi bizi təəccübləndirdi, çünki Azərbaycan İslam cəmiyyətinə üzv olan bir ölkə kimi İsraili təcriddən çıxaracaq hər hansı bir hərəkətdən çəkinməli idi. Digər tərəfdən, işğaldan zərər görmüş olan bir ölkə kimi Azərbaycanın işğalçı bir rejimə dəstək verməsi son dərəcə təəccüblüdür”. (Strateq.az)
İsrailin baş nazirinin səfərindən sonra iki ölkə arasında bir sıra sahələrdə əməkdaşlığın daha da dərinləşməsi gözlənilir. Belə olan halda İranın bundan sonrakı reaksiyası necə olacaq?
Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun fikrincə, Netanyahunun Azərbaycana nəzərdə tutulan səfərinə saatlar qalınca, İran siyasilərinin və din xadimlərinin Azərbaycan əleyhinə açıqlamalarının sayı artması bir sıra məqamlardan xəbər verir: «İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin deyib ki, guya Netahyahu Azərbaycana səfərini rəsmi Bakıya zorla qəbul etdirib və guya Netanyahu bu səfərlə Tehran-Bakı münasibətlərinin müsbət prosesinə xələl gətirməyə cəhd göstərir. Hələ Möhsün Pakayi bir az diplomatik münasibət bildirib. Urmiyanın cümə namazının rəhbəri axund Seyid Mehdi Qüreyşi və İran parlamentinin sədri Əli Laricaninin köməkçisi Hüseyn Əmir Abdullahiyan Netanyahunun Bakıya səfərini daha sərt şəkildə tənqid ediblər. Netahyahunun Azərbaycana səfəri İran rəsmilərini və din xadimlərini elə qorxudub ki, sanki İsrailin baş naziri Bakıya ona görə gəlir ki, Azərbaycandan İrana hücum təşkil etsin. Bu mənə «Evrovision» yarışmasının Bakıda keçirildiyi günləri xatırladır. Həmin yarışma ərəfəsində də iranlı rəsmilər və din xadimləri avropalı müğənnilərin Azərbaycana gəlişini sanki İranın əsas təhlükəsizlik problemi elan etmişdilər. Niyə anlamaq istəmirlər ki, Azərbaycan İsraildən müsir silahlar alır və bu bizə torpaqlarımızı işğaldan azad etmək üçün vacibdir. Aprel döyüşlərində İsrail dronlarının işğalçıya necə böyük zərər vurduğunu hamı gördü. Üstəgəl İsrail Ceyhan limandan Azərbaycan neftinin əsas alıcılarındandır. Buna baxmayaraq, Netahyahunun səfəriilə bağlı yayılan məlumatda belə bir hissə də var ki, Bakıda Fələstin-İsrail münaqişəsi də müzakirə olunacaq. Xəbərdə elə belə də yazılır: «Azərbaycan hər iki tərəflə normal münasibətlər saxlayan, həmçinin İslam dövləti olaraq, problemin həlli üçün öz barışdırıcı missiyasını təklif edəcək. Əslində bu rəsmi Bakının Tehrana mesajıdır ki, bizdən əl çəkin, qoyun işimizi görək, baxın, Fələstinin problemini də diqqətdə saxlayırıq».
Xəyal