Nemət Əliyev: «Gömrük Komitəsinin büdcəyə təqdim etdiyi manat kütləsinin alıcılıq qabiliyyəti kəskin şəkildə aşağı düşüb»
Azərbaycanın xarici ticarət dövriyyəsində kəskin azalma müşahidə olunsa da, başqa maraqlı statistik göstərici diqqət çəkir. Son məlumatlara görə, gömrükdaxilolmalar 66 faiz artıb. Bunu necə izah etmək olar?
Bu sırada İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad Ibadoğlunun “Güzgü statistikası” metodologiyası əsasında Azərbaycanın 16 ticarət tərəfdaşı ilə idxal-ixrac əməliyyatlarını araşdırması yada düşür. Araşdırma zamanı məlum oldu ki, 2010-2012-ci illərdə 12.3 milyard dollarlıq ticarət dövriyyəsi qeydiyyata düşməyib.
Araşdırmaya cəlb olunan ölkələrin Azərbaycanın idxalında payı 75 faizdən çoxdur.
Qubad Ibadoğlunun hesablamasına görə, idxaldan yayınmalar nəticəsində dövlət büdcəsi 2010-2012-ci illərdə 4.6 milyard dollar itirib.
Ekspertin sözlərinə görə, son on ildə gizli idxal dövriyyəsi artan istiqamətdə davam edib: “2003-2009-cu illər arası idxalda gizli dövriyyə 42.3 faiz təşkil edirdisə, 2010-2012-ci illərdə bu göstərici 62.7 faiz olub. Azərbaycanın Dünya Ticarət Təşkilatına üzv olmamağının bir səbəbi də budur. Çünki bu təşkilata üzvlük gömrükdə şəffaflığın olmasını tələb edir. Məişət səviyyəsində korrupsiyanın qarşısı alınsa da, ən böyük korrupsiya fiskal orqanlardadır. Büdcədən bu vəsaitlərin yayındırılması vergi yükünün sahibkarların üzərinə düşməsi ilə nəticələnir. Gizli dövriyyə büdcədən yayındırmalara, daxili bazarda inhisarçılığa, mikrosəviyyəli uçot və hesabat sistemində problemlərə səbəb olur”.
Idxalda kənarlaşmanın maksimum 10 faiz ola biləcəyini deyən iqtisadçı ekspertin sözlərinə görə, araşdırmaya cəlb olunmuş ölkələr üzrə bu göstərici bir neçə dəfə çoxdur.
Araşdırmada qeyd olunur ki, 2012-ci ildə idxalda kənarlaşmalar üzrə vəziyyət belədir: Almaniya – 33.1, Belarus – 104.6, Çin – 69.3, Macarıstan – 105.9, Rusiya – 106.4, Türkiyə – 94.8, Gürcüstan – 382.4, Ukrayna – 42.2, Böyük Britaniya – 62.5, Qazaxıstan – 2.5, Italiya – 96.2, Cənubi Koreya – 16.2, Israil – 126.3 faiz.
Digər bir məqamı da qeyd etmək yerinə düşər. O da ondan ibarətdir ki, mötəbər beynəlxalq maliyyə qurumları dəfələrlə Azərbaycanın kölgə iqtisadiyyatına diqqət çəkiblər. Ölkə iqtisadiyyatının rəsmiyyatdan kənar dövriyyəsi 35-50 faiz aralığında qiymətləndirilir.
İqtisadçı Nemət Əliyevin fikrincə, xarici ticarət dövriyyəsinin azalmasına baxmayaraq gömrük daxilolmalarının artması təsadüfi deyil. N.Əliyevin sözlərinə görə, xarici ticarətdə azalma daha çox ixracın azalması ilə bağlıdır. Xarici ticarət dövriyyəsi həm ixracdan, həm də idxaldan ibarətdir: «İxrac dövriyyəsi kəskin şəkildə azalıb. Orada idxalın da azalması var. Amma idxalın azalması xarici valyuta ilə müqayisədə azalmadır. Dövlət büdcəsinə isə ödəmələr manatla aparılır. Ona görə manat kəskin şəkildə dəyərdən düşdüyünə dollar dəyər qazandığına görə, hər 100 dollar dövlət büdcəsinə əvvəl 150 manat ödəniş demək idisə, hazırda bu göstərici 180 manatdır. Deməli əgər biz dövlət büdcəsinə daxilolmanı xarici valyuta ilə hesablasaq, bəlli olacaq ki, bu istiqamətdə artım yox, azalma var. Bu göstəricini inkişaf kimi qiymətləndirmək olmaz. Əksinə bu xoşagəlməyən bir prosesdir. Gömrük Komitəsinin büdcəyə təqdim etdiyi manat kütləsinin alıcılıq qabiliyyəti kəskin şəkildə aşağı düşüb».
Hikmət