Aqil Məhərrəmov
Özü də yeyər, yada da verər, amma xalqa qıymaz…
Nazirlər Kabineti özünün 1 oktyabr 2014-cü il tarixli 318 nömrəli qərarına əlavələr edib. Əlavələrə əsasən, büdcə təşkilatlarının həyata keçirəcəyi beynəlxalq və ölkə səviyyəli tədbirlər zamanı xarici nümayəndə heyətlərinin və rəsmi şəxslərin qəbulu, onlara xidmət göstərilməsi üçün çəkiləcək xərc norması müəyən edilib – adambaşına çay və ya qəhvə fasiləsi 10 manata, nahar yeməyi 40 manata, şam yeməyi 60 manata, ziyafətlər 80 manata qədər. Bununla yanaşı, nümayəndə heyətinin rəhbərinə dəftərxana xərcləri üçün 60 manata, nümayəndə heyətinin üzvlərinə 30 manata qədər əlavə vəsait ayrılmasına icazə verilir.
Əgər ölçü meyarı budursa, hökumətimizdən soruşmamaq olmur: Niyə özünüzə gələndə səxavətli olursunuz, amma xalqa gələndə böhran yada düşür? Ölkədə 1,5 milyon pensiyaçı var. Onun da yaş həddini hər il artırmaqda israrlısınız. Ölkədə ən yüksək pensiya alanların aylıq gəliri 150-200 manat arasında dəyişir. Artım edəndə də manat-manat edirsiniz. Təxminən sizin 3-4 günlük naharınızın qiymətini insanlara bir aylıq norma kimi verirsiniz. Nəzərə alın ki, onunla bir ay təkcə naharı yox, gündəlik təlabatlarını da ödəməlidirlər.
Bir müəllim, həkim 30-40 il işləməlidir ki, nəticədə 200 manat pensiya alsın. Pensiya da nə pensiya, sizin 3 günlük çay, kofe və yemək xərclərinizdən də az.
Tələbələri niyə bu normalarla təmin etmirsiniz? Niyə hər il təhsil haqqını bahalaşdırmaq əvəzinə tələbələrə normal təqaüd vermirsiniz? Tələbəyə verdiyiniz ən yaxşı təqaüd 10 günlük çay və kofenizin həcmindədir. Niyə bu normalardan yalnız sizlər faydalanmalısınız?
Necə olur ki, özünüzün avtomobillərinizin bir ədədi üçün 100 km yürüşə görə yanacaq sərfi normasını avtomobillərinizin texniki göstəricilərinə əsasən müəyyən edə bilirsiniz, amma xalqa gələndə gözlərinizə tor gəlir? Belə göstəricilərlə əlbəttə ki, “bahalaşmaların heç bir təsiri yoxdur” deyib, palaz-palaz açıqlamalar verəcəksiniz. Sizin nə vecinizə ki, benzin, çörək, qaz, işıq, su, metro pulu nə qədər bahalaşdı. Özünüz Avropa standartları ilə yaşayanda, o standartları ancaq özünüzə tətbiq edəndə əlbəttə ki, açıqlamalarınızda ölkəni hər gün “çiçək”ləndirib “dünya lideri” edəcəksiniz.
Bu standartları əcnəbi qonaqlara tətbiq etməklə ölkədə hamının yaxşı yaşadığını göstərəcəyinizimi zənn edirsiniz? Bəlkə elə bilirsiniz ki, onlar da sizin kimidir? Siz burada milyonluq süfrə aça bilərsiniz, lap Venesueladan kofe də gətirib süfrəyə düzə bilərsiniz. Bunlar imic yaratmağa kömək etmir. Hər il ölkələrin adambaşına düşən illik gəlirinə görə reytinqi açıqlanır. Onlar üçün meyar o siyahıdır, həbsxanada yatanların sayının normadan artıq olması, ölkədəki demokrtik mühitin, azad biznesin göstəricisidir. Onların ölkəsində ən ali dəyər xalq olduğu üçün sizin haqqınızda nə düşündüklərini yəqin ki, anlayırsınız. Tarix boyu nə hakimiyyətlər, nə xanədanlıqlar olub ki, sonda xalqın “Azadlıq!” hayqırtısının vahiməsində boğulub.