“Der Tagesspiegel”: “O, qorxuya qarşı mübarizə apardı və ona qalıb gəldi”
Almaniyanın “Der Tagesspiegel” qəzetində Azərbaycandakı ictimai-siyasi durumla bağlı məqalə yayımlanıb. Məqalə daha çox araşdırmaçı jurnalist, “Azadlıq” raidosunun əməkdaşı Xədicə İsmayıldan bəhs edir. “Der Tagesspiegel” yazır ki, Xədicə İsmayıl Azərbaycanda çoxlarının edə bilməyəcəyini edib. O, avtoritar ölkə rəhbəri İlham Əliyevin ailəsinin biznesini ifşa edən araşdırmaların müəllifidir.
Qəzet jurnalistin, şantaj və təzyiqlərlə üzləşməsinə baxmayaraq, professional fəaliyyətini davam etdirdiyini də vurğulayıb: “O, qorxuya qarşı mübarizə apardı və ona qalıb gəldi. Xədicə İsmayıl heç nə olmamış və naməlum məktubların onun həyatına heç bir təsir göstərmədiyi kimi fəaliyyətini davam etdirir”.
“Der Tagesspiegel” əlavə olaraq İlham Əliyevin Azərbaycanı avtoritar qaydalarla idarə etdiyini yazıb. İlham Əliyevin hakimiyyəti 2003-cü ildə atası Heydər Əliyevdən aldığını da bildirib. “Parlamentdə real müxalif qüvvələr təmsil olunmur. Hakimiyyətə müxalif olanlar həbsə atılır. Təhlükəsizlik qüvvələri dinc etiraz aksiyasına qoşulanları döyür”, – deyə alman qəzeti yazır.
azadliq.info