“Bu gün görürsüz ki, Akif Çovdarovun adından istifadə edib, gündəmə gəlmək, özünü kiməsə göstərmək, gözə girmək istəyənlər var. Yaxşı bilirsiz ki, var. Ekspert kimi, hüquqşünas, millət vəkili kimi”. Bu sözləri ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) həbsdə olan generalı Akif Çovdarovun oğlu Ruslan Çovdarov “Yeni Müsavat” qəzetinə müsahibəsində bildirib. Ruslan Çovdarov atasının MTN-də təsadüfi adam olması barədə deyilənlərə də münasibət bildirib: “Biri deyir ki, Akif Çovdarov MTN-də təsadüfi adam olub. Və yaxud da Hacı Məmmədovla eyniləşdirirlər. Gəlin öncə Akif Çovdarovun MTN-də təsadüfi adam olması iddiasından danışaq. Bu adam MTN-də necə təsadüfi adam ola bilər ki, general səviyyəsinə çıxarılsın? Bu, çox mötəbər rütbədir. Akif Çovdarovun rəhbərlik etdiyi 6-cı baş idarənin əsas işlərindən biri də narkotiklərlə mübarizə olub. Yadınızdadır, ya yox, son bir ilə qədər mətbuatda külli miqdarda narkotiklərin saxlanılması, məhv edilməsi ilə bağlı informasiyalar yayılırdı. Bunlar hamısı mənim atamın rəhbərlik etdiyi 6-cı baş idarənin xidmətləri olub.
Hətta Rusiyada, Türkiyədə əlaqədar qurumlarla əməkdaşlıq edərək, narkotik tutublar. Arada belə fikirləşirəm ki, hətta atamın tutulmasında, onun barəsində sifarişli yazıların yazılmasında rol oynayanlar həmin o beynəlxalq narkotika mafiyasıdır. Onlar bu gün marağındadır ki, Akif Çovdarov kimi bir adam haqqında yanlış rəy yaransın, o, içəridə daha uzun müddət qalsın. Fikir verin: son bir ildə Azərbaycanda kütləvi miqdarda narkotik vasitələrin saxlanması barədə hər hansı fakt olub? Bu haqda oxumusuz mətbuatda?”
Ruslan Çovdarovun son fikirlərini Akif Çovdarovun hansısa dairələrə mesaji kimi dəyərləndirmək olar. Göründüyü kimi həbsdə olan generalın oğlu atasının narkomafiyanın sifarişilə həbs olunduğunu ehtimalını irəli sürür. Bu, artıq açıq şəkildə hakimiyyəti şantajdır. Görünür, Akif Çovdarov bununla hansısa dairələrə mesaj verir ki, bildikləri barədə danışa bilər.