Hakimiyyətdə oturanlar və böyür-başlarındakılar elə bilirlər ki, onlar kimi danışmaq, ağa qara demək üçün insanda xüsusi istedad lazımdır. Guya məddahlıq, həqiqətləri malalamaq, hər pisliyə bir don geyindirmək fövqəladə bacarıqdır, biz isə ona görə rejimə qarşıyıq ki, əksini etməyə sadəcə, qabiliyyətimiz çatmır.
Oysa bu gün Mübariz Qurbanlı, Əli Əhmədov, Ibrahim Məmmədli, ya da Rəşad Məcid olmaq üçün insandan məhz heç bir bacarıq tələb edilmir, buna görə nə istedadlı, nə də intellektual olmaq lazımdır, vicdan hissini, ədalət duyğusunu itirmək kifayətdir.
Məsələn, götürək 14 may aksiyasını – mərcə dursaq, srağagün Bakı küçələrindəki qəddarlığa, vəhşiliyə elə don geyindirərəm ki, mübarizlərin, fəzaillərin, siyavuşların ağzının suyu axar, hələ bəlkə boğazlarına ortaq, çörəklərinə şərik ola biləcəyimdən narahat olmağa da başlayarlar.
Deyək ki, 14 may aksiyasının ardınca bunları yazmaq üçün adamda xüsusi istedadmı lazımdır: “Bilirsiniz, polis əslində bu gün heç kimi döymürdü. Məsələn, şəkillərin birində polisin düyünlənmiş və mitinqçiyə doğru uzanmış yumruğunu görürük. Bəziləri bunu onun mitinqçini yumruqlamağa hazirlaşması kimi qələmə verir. Qətiyyən doğru deyil. Polis sadəcə, bununla mitinqçiyə demək istəyir ki, yumruq kimi birləşmək və Qarabağı işğaldan azad etmək lazımdır”. Çətindirmi həqiqəti belə əclafcasına malalamaq, zülmə belə əxlaqsızcasına don geyindirmək çətindirmi? Əlbəttə, yox! Bunu yazmaq üçün insan sadəcə, dəhşətli dərəcədə deqradasiyaya uğramalı, bütün insani keyfiyyətlərini itirməli, şərəfsiz məxluqata çevrilməlidir, vəssalam.
Ona görə də hakimiyyətdəkilər və böyür-başlarındakılar elə sanmasınlar ki, əgər bu gün onlar məşəqqətlərsiz, məhrumiyyətlərsiz həyat yaşayırlarsa, buna hansısa yüksək keyfiyyətlər hesabına nail olublar. Bu gün istənilən adam ən qısa vaxtda ölü yerdən Ibrahim Məmmədlidən, Etibar Hüseynovdan-zaddan biri ola bilər – yetər ki, yalan danışa bilsin, qaraya ağ deyə bilsin, qarnı qafasından önə keçsin.
Heç bilmirəm, bunları yazmaq ehtiyacını hardan hiss etdim. Hər halda heç nə səbəbsiz yazılmır. Yazdımsa, deməli, birilərinin oxumasına, oxuyub da dillərini yumşaq yerinə qoymasına ehtiyac vardı…
Əslində isə mən bu gün tamamilə başqa mövzuda yazmaq istəyirdim. Dünən saytlarda xəbər vardı ki, Azərbaycan Londonda dəniz quldurluğuna qarşı mübarizəyə dair müzakirələrə qatılacaq. Bundan az əvvəl isə Somali quldurlarının Azərbaycan nefti ilə yüklənmiş gəmini ələ keçirdiklərinə dair xəbər yayılmışdı. Ola bilər, məhz bu, bizimkiləri dəniz quldurluğuna qarşı mübarizəyə qoşulmağa həvəsləndirib, amma hər halda dünyada dəniz quldurluğuna qarşı ən son mübarizə aparacaq biri varsa, o da bunlardır.
Bunlar deyilmi, sahilboyu dənizi hasarlayan, insanları təbiətin bu millətə lütfü olan dənizə təşnə qoyan? Özləri xalqdan dəniz oğurlayıblar, kimsə gəmi oğurlayırsa, çoxdurmu?
Ya da bunlar özləri xalqın neftini oğurlayırlarsa, Somali quldurlarını nə haqla qınayacaqlar? Nə haqla dəniz quldurları ilə mübarizə aparacaqlar? Adama deməzlərmi, siz ilin 365 günü oğurlayırsınız, bir dəfə də onlar sizdən oğurlasın, nə var bunda? Üstəlik də oğrudan oğruya halal deyilmi? Sayənizdə, Somali quldurlarının da boğazından halal tikə keçsin.
Əslində dəniz quldurlarının yerinə olsam, bizimkilərin bu üzgörənliyini cavabsız qoymaz, özlərinin adı dəniz oğurluğuna, neft oğurluğuna çıxmışkən durub utanmadan Somali quldurlarına savaş açmalarını içimə sindirməz, götürüb Londondakı o toplantıya əl boyda bir kağız yazıb göndərər, xahiş edərdim ki, toplantıdakı Azərbaycan nümayəndəsinə çatdırsınlar. Kağızda da ikicə kəlmə: “Səndəmi, yaptokrat?!”.
Tıpkı “Səndəmi, Brut?” misalı kimi.