Ruslar axır vaxtlar xarici siyasətdən yaman çox dəm vururlar. Mən onların o mövzuda yazdıqlarını izləyirəm. Elə təəssürat yaratmaq istəyirlər ki, V.Putin növbəti qayıdışını yeni xarici siyasət doktrinası ilə nümayiş etdircək. Mənə maraqlı görünən odur ki, indi bu doktrinadan kənarda qalan iki ölkəyə qarşı hansı təzyiqlər olacaq? Bu təzyiqlər artıq hiss olunur. Amma eksperimental fizikada olduğu kimi, bəzən həqiqi siqnalı küydən ayırmaq çətinləşir. Putinə qalsa, o, Avrasiya Ittifaqı ilə bağlı planlarını reallaşdırmağa cəhd edəcək. Bu, ehtimal olunan ssenaridir. Amma ona imkan verəcəklərmi? Hələlik, Putin də ABŞ prezidenti ilə yaxın təmaslardan qaçır. O “8-lər”in sammitinə qatılmaq istəmir. Bunu onunla da izah edirlər ki, B.Obama indi seçki ərəfəsindədir və Rusiya prezidenti belə hesab edir ki, vaxt ciddi və uzunmüddətli danışıqları istisna edir, onlar üçün o qədər də əlverişli deyil. Hər halda, maraqlı proses gözlənir. Güman etmirəm ki, Rusiya öz planları ilə çox uzağa gedə bilər və bunu digər analitiklər də təsdiq edir. Təbii, Azərbaycan və Ukrayna siyasi elitasından da çox şey asılı olacaq. Avropanın Şərqi adlandırılan o ölkələrin siyasətindən Putinin planları çox asılıdır. Xüsusən də Ukrayna vacib ölkədir və xarici politoloqlar artıq dəfələrlə qeyd ediblər ki, Ukraynasız Rusiyanın o qədər də genişlənmək (geosiyasi planda) imkanı yoxdur və o ölkə olmadan Rusiyanın geosiyasi ambisiyaları puçdur. Indi bir maraqlı detalı xüsusi qeyd etmək istəyirəm. Bəri başdan deyim ki, ola bilsin, bu qeyd bir qədər və bəlkə də haqlı olaraq etiraz doğuracaq. Lakin Almaniya Ukraynaya təzyiqlər üçün ya vaxtı düz seçməyib, ya da bunu bilərəkdən edir. A.Merkellə Putin arasında yaxınlıq çoxdan duyulur. Təbii ki, Ukrayna hökuməti heç də mələk deyil. Bunu bəri başdan etiraf edirəm. Amma Almaniya Gürcüstanın NATO-ya yolunu bağlayıb və bu da bir faktdır. Böyük siyasəti biz bir çox hallarda “obyektiv qanunlar”ın məcmusu kimi götürürük, amma hər vaxt belədirmi? Buna təsdiq tonunda cavab verməyə çətinlik çəkirəm. Elə Fransa da bir qədər Rusiya siyasətinə “oynayır”. Indi növbəti prezident gəlib. Görək onun siyasəti necə olacaq?..
Turistlər və jurnalistlər gəldi, amma…
Mahnı festivalı da qapını “döyür”. Artıq qonaqlarmız gəlməyə başlayıb. Mən hələ də ümid edirəm ki, ən azı professional keyfiyyətlər mətbuat adamlarını ölkədəki vəziyyətlə tanış olmağa vadar edəcək. Təbii ki, çox böyük gözlənti ümidində də deyiləm, xüsusən də turistlər sarıdan, çünki onlar daha çox öz vaxtlarını keçirməyə, dincəlməyə və əylənməyə gəlirlər. Hər halda, ümidliyik və gözləyirik. Lakin indidən çox böyük ümidlərə köklənəməyə də dəyməz, o səbəbdən ki, onlar doğrulmayanda bir növ dilxorçuluq yaranır. Onu da qeyd edim ki, turistlər ekzotikanı çox sevirlər. Bir vaxt, hətta H.Mübarək vaxtında Misir dünyanın ən çox turist axını olan ölkələrindən biri idi. Indi mən çətinlik çəkirəm. Bilmirəm bunun Misirdəki proseslərə hansısa bir təsiri oldu, yoxsa yox? Hər halda, bunu təsdiq və yaxud da inkar etmək çətindir. Bütün halda, ölkə xaricilər üçün açıq olanda, insanlar gəlib-gedəndə bunun çox müsbət təsiri olur. Biri var, hamının unutduğu uzaq bir ada olasan, biri də var, sənin haqqında yazalar, oxuyalar… Təəssüratlar maraqlı olacaq. Biz özümüzü hər zaman Avropaya yaxın hesab etmişik. Amma yadıma gəlir ki, vaxtilə Bakıya gələn məşhur hüquq müdafiəçilərindən biri fikrini çox lakonik tərzdə ifadə etmişdi: “Bakı mənə qara Afrikanı xatırlatdı…”. Indi binaların fasadını ağardıblar, amma ölkənin üzü nə qədər ağarıb, bu, başqa bir sualdı. Binalar ağdır, onların üzü gülür. Amma insanlarımızın necə? Üzü gülürmü? Bunları da biləcəyik, özü də lap tezliklə…
Kiçik sözardı
Son sətirləri də siyasi məhbuslar haqda yazacam. Onlar bu günü görməyə və bu şənliyi yaşamağa hamıdan çox layiq idilər. Mən elə bir ölkə və ya elə bir bölgə tanımıram ki, orada müstəqillik uğrunda çarpışan insanlar həmin o müstəqillik dövründə məhbəs həyatı yaşasınlar. Bəlkə Siz tanıyırsınız?..