Bu gün Fb-də qəribə bir sayt adıyla qarşılaşdım. Ilgimi çəkdi. Daxil oldum. Yəqin indi mənim kimi çoxları bu səhifənin varlığından xəbər tutub.
Səhifə mitinq və aksiyalarda özünün vəhşiliyi, amansızlığı ilə seçilən polis əməkdaşlarının foto və videoları ilə doludu. Son dərəcə ilginc şəkillər var. Məsələn, birində polis, qolunu aksiya iştirakçısının boynuna dolayıb (sanki ayrı düşmüş doğmaların vüsalıdı) və başını var qüvvəsilə öz sinəsinə sıxıb – bu, polisin üzünün gərilmiş ifadəsindən asanca aydın olur. Vətəndaşın polisin ürəyinə sıxılmış ağzı, burnu qapanıb, bir yandan da boynu vəhşicəsinə sıxılıb; deməli, adam boğulur, nəfəs ala bilmir (14 may aksiyasından, şəkil – 12.).
Şəkillər çoxdu, sadalamaq mümkün deyil. Ancaq məlum şəkillərdə ən maraqlısı Kamal Vəlişovun üz ifadəsidi. Elə bil, həmişəki mehriban tövrüylə deyir: “Əşi, siz allah, dağılışın, vallah, bizlik deyil, bax sizə lap çay alaram…”. Sayt loqosunun altında isə bu sözlər yazılıb: “Tarix sizi bağışlayacaqmı?”.
Sözün açığı, bir neçə şəkildə çox qəmli, hətta baxışlarını gələcək zamana dikən polis üzlərinə də rast gəldim. Mənə elə gəldi ki, onlar son dərəcə çarəsiz görünürlər və hətta “tarix sizi bağışlayacaqmı?” sualına “bilirik ki, yox” cavabı verirlər, ancaq yenə də hesab eləyirlər ki, onları bağışlamaq lazımdı. “Əmri yerinə yetirirdilər, tapşırıq vardı, qarşılarına ya paqon, ya şərlənmə kimi şərtlər qoyulmuşdu, xidməti borcu yerinə yetirirdilər, o zaman qanunlara, konstitusiyaya kim baxırdı ki, biz də ona arxayın olub əmri yerinə yetirməkdən imtina eləyəydik” kimi alibi istəyən fikirlər oxunur baxışlarından.
Şəkillərdəkilərdən bir neçəsinin adı, soyadı məlumdu. Qalanlarına isə “naməlum” deyə yazılıb. Adamın yadına naməlum əsgərin qəbri kəlməsi düşür… Sayta baxışlar çoxaldıqca “naməlumların” adı bir-bir üzə çıxacaq, bu şəkillər təkcə saytda qalmayacaq, marağı olan adamlar, döyülənlər, incidilənlər, təhqir olunanlar onların şəklini saxlayacaq və bir zaman qisas üçün məqam gəzəcək, hətta qisas olmasa belə, məhkəməyə baş vuracaq, şəkildəkilərdən şikayətçi olacaqlar. Deməli, bizi qarşıda gözləyən bir xoşagəlməz durum var. Bu cür xoşagəlməzliklər isə hakimiyyətin qulağına deyil. Barı polislər anlasın.
Zənnimcə, bu saytın yaranmasında məqsəd heç də qisasçılıq deyil. Əks halda bu, çox zərərli bir iş olardı. Bu məqamda məqsəd ona yönəlib ki, polislər bu saytın varlığından xəbər tutsun, sabahkı günü fikirləşsin və mitinqlərdə vəhşiliklərini heç olmasa bir az mədəni, abırlı formada həyata keçirsinlər, heç olmasa adamları bir az nəzakətlə tutsunlar, imkan düşsə, qulaqlarına bir şirin söz desinlər ki, siz allah, bağışlayın… Hər halda zərrəcə mühakimə yürütmək, sabahkı günü fikirləşmək gücündə olan polislər bu saytın yaradılmasından bir nəticə çıxararlar. Belə düşünürəm. Istəmirəm ki, sabahımız qisas üstündə köklənsin. Hamıya aydındı ki, mitinq dağıtmağa gətirilən bu polis işçiləri hallarından heç məmnun deyillər. Ondansa hansısa tində durub 3-5 manat ruzi qazanardılar.
Bəziləri yazır ki, qoy övladları atalarını görsün, utansın, bəziləri də elə filan-filan şüdələrdən elə özləri kimi də uşaq yetişər, deyə yazır. Mən isə həmişə olduğu kimi, birinci fikirdə olanların tərəfindəyəm. Onunun arvadı-uşağı, atası-anası deməsə də, birinki deyəcək ki, niyə bizim başımızı yerə soxursan, ay kişi…
“Eurovision 2012″ mahnı müsabiqəsində Danimarkanın təmsil eləməyə gələn ”Trackshittaz” qrupu isə Bakıya traktorlar gətirib. Yəqin müsabiqənin Azərbaycan təşkilatçıları yerdə qalan əhalinin evlərinin uçurulması üçün yeni traktorlara ehtiyac olduğunu bildiriblər. Ola da bilər ki, bu traktorlarla rejimi uçuracaqlar. Nə bilmək olar, gözləyək, görək başımıza nə gəlir. Hər halda xeyirlisi olar…