250 manatlıq kostyum geyinən deputata!
Yaptokrat millət vəkili Hadı Rəcəblinin mərmisi öz əlində partladı, özü də bilmədən Azərbaycan hakimiyyətinin “analoqu olmayan iqtisadi inkişaf” haqqında gurultulu təbliğatını heçə çıxardı. Ölkənin güllük-gülüstanlıq olduğu, insanların yağ içində böyrək kimi bəsləndiyi barədə çoxillik yalanları ifşa etdi.
Dünən “Azadlıq” radiosuna müsahibəsində Hadı müəllim insanları boyat çörəyi yeməməkdə, atmaqda günahlandırırdı. Amma demirdi ki, bu cür sürətlə çiçəklənən bir ölkədə niyə insanlar boyat, kiflənmiş çörək yeməlidirlər? Nə oldu, bəs deyirdiniz, pul bir bizdədir, bir ingilisdə? Nə oldu, bəs deyirdiniz, dünyanın xoşbəxti bizik dünyada? O danışdığınız “analoqu olmayan iqtisadi inkişaf nağılları” nədi, xalqa boyat, kifləmiş çörəyi yemək öyüdləri nə?
Bununla da kifayətlənmirdi Hadı müəllim, əlavə edirdi: “Vaxtilə ata-analarımız 200 qram ətlə necə xörəklər bişirərdilər?!” Vaxtilə çox şeylər olub, Hadı müəllim. Vaxtilə bu ölkədə insanlar ac qalmamaq üçün eşşək də dağlayıblar, eşşək qanqalı da yeyiblər. Indi neyləyək, keçmişəmi dönək? Elə isə harda qaldı Azərbaycanı xoşbəxt gələcəyə apardığınız haqda gurultulu bəyanatlarınız? Insanları keçmişə qaytaracaqdınızsa, onda niyə üzvü olduğunuz partiyanın adı hələ də “Yeni Azərbaycan”dır?
Deyirsiniz ki, Azərbaycan xalqı israfçıdır, qənaətcil deyil, nə bilim, ayağını yorğanına görə uzatmır… Yox ya… Bəlkə 30 milyon dollara ən uzun bayraq dirəyini tikən də xalqdır? Bəlkə neftin pullarını musiqili fəvvarələrə, mənasız Heydər Əliyev mərkəzlərinə görə havaya da xalq sovurur? Bəlkə 10 milyon manata düşük Gül Bayramını da xalq keçirir? Bəlkə 3 milyon dolları qotur fransız atına şıtır-şıtır sayan da xalqdır?
Və ən əsas məsələ… Deyirsiniz ki, “mən 250 manatlıq kostyum geyirəmsə, işsiz biri 500 manatlıq kostyum geyir”. Hadı müəllim, Allaha şükür, heç bir işi olmayan, amma 500 manatlıq kostyum geyinənlərin kimliyinə siz hamıdan yaxşı bələdsiniz – həyatı əyləncələrdə, kef-damaqda, ekstazi həblərinin başgicəlləndirici dumanında, avtoşluqda keçən korrupsioner məmurların balaları! Onların xalqa dəxli isə elə bu ölkədə prezidentin, parlamentin xalqa nə qədər dəxli varsa, elə o qədərdir.
Amma mən bunları da boş keçirəm. Siz əvvəlcə deyin görək, hələ özünüz 250 manata kostyumu deputatlıq maaşı ilə necə almısınız, əgər doğrudan da deputatlıq maaşı ilə almısınızsa. Axı kostyumla da iş bitmir – hələ bunun ayaqqabısı var, köynəyi var, şalvarı var, qalstuku var, kürkü var.
Niyə maaşınızı belə israf edirsiniz? Qənaətcil olmağı beləmi öyrədirsiniz seçicilərinizə?
Nə vaxt oxuya biləcəyik?
BIR: Sabir Rüstəmxanlının Türkiyədən başqa ölkəyə də səfər etdiyinə dair xəbəri…
IKI: Içində intihar xəbərləri olmayan kriminal xronikanı…
ÜÇ: Hansısa partiyadan istefalar olunca, o partiyadan birinin çıxıb “bu istefalar partiyamızın gücünü azalda bilməz” cümləsindən kasad açıqlamasını…
Nəyə təəccübləndim?
BIR: siqaretin bahalaşması xəbərinə hakimiyyətdən kiminsə çıxıb “Bu, hökumətin insanların sağlamlığına hesablanmış, onların səhhətini qorumaq məqsədilə atılmış addımıdır” şəklində şərh verməməsinə…
IKI: Azərbaycan ordusunun 19 yaşlı əsgəri Tural Ibrahimovun dünyasını dəyişməsi xəbərini Müdafiə Nazirliyi mətbuat xidmətinin təsdiqləməsinə.