Düzü, sükutu sevdiyim lap qədim zamanlardan mənim nöqtəyə xüsusi həssaslığım olub. Ürəyim həmişə normadan artıq sürətlə döyündüyündən. Ona görə də nida işarəsini heç vaxt yaxına buraxmaq istəməmişəm. Görünür, cəmiyyətimiz, illah da gəncələrimiz də elə mənim kimi ürəyinin şiddətlə döyünəcəyindən ehtiyatlanıb uzun müddət susmağa, ürək çırpıntısını zəiflədən psixotron nöqtəyə çox meyl salıb ki, sonunda bütün toplumun nəbzi get-gedə öləziyib. Bundan sevincək olan rejim gənclərlə məsələyə nöqtə qoyduğunu düşündüyü vaxt birdən NIDA meydana çıxıb. Şok-terapiya kimi bir şey. Mən də bu NIDA-nı tanıyanı fikrimi dəyişməyə başlamışam. Təsəllim də var: Nidanın zəminində də nöqtə yatır. NIDA-nın yaratdığı şiddət də enində-sonunda nöqtə qoymağa hesablanıb – ölgünlüyə, susqunluğa, korrupsiyaya, avtoritarizmə, qapalılığa, cahil və amoral mentalitetə: ədəb-ərkana, əxlaqa və yekunda köləliyə.
Nədənsə bu Vətəndaş hərəkatı mənim xatirimdə polislə maraqlı deyişməsi olan, ağız dolusu “Mən Azərbaycan vətəndaşıyam” deyən o gənc xanımın (kod adı: Kirpi Kirpizadə) eyləmi ilə qalıb. “Mən Azərbaycan vətəndaşıyam”, “Mən azərbaycanlıyam” kəlamının siyasi-ideoloji cavabıdı. Birinci inkinciyə cəbhə açıb, savaş başlayıb. Birincidə ağalıq, ikincidə köləlik təbliğatı var. Birinci ikinciyə alternativ düşüncə tərzidi. Ikinci cəmiyyətin kölələşdirilməsinə hesablanmış Heydər Əliyev siyasi xəttidir və birinci, yəni polisə deyilən o söz bu siyasi xəttin süqutunu göstərir. Mərhum Əliyevin bu kəlamını ağzına aldınsa, artıq kim olduğunu bilmək üçün sənin şəxsiyyət vəsiqənə baxmağa gərək yoxdu.
Biz indi ortaya alternativ siyasi baxış qoyan ayıq bir gəncliklə eyni zamanı bölüşməkdyik. O gənclik prezidentin saytına, bir başa prezidentə ünvanlanan “”Azadlıq” radiosunun araşdırması sübut etdi ki, Azərbaycanın ən iri qızıl-gümüş yataqlarından biri olan Çovdar yatağını işlədən şirkətlərdən birinə sizin qızlarınız – Arzu və Leyla başçılıq edirlər. Bu hal hüquqi dövlətdə korrupsiya və vəzifədən sui-istifadə sayılır. (…) Mən Azərbaycan Respublikasının VƏTƏNDAŞI olaraq, Sizdən tələb edirəm ki…” sətirlərini yaza biləcək qədər gözüaçıq, ayıq və ürəklidir.
NIDA-nın xatirimdə bir xanımla assosiasiya olunmasını boş yerə yazmadım. O qurumda sevimli bəylərin olması sirr-filan deyil. Lakin hər şey bizimçün ilk tanışlıqla yadda qalır. Gerçəkdən də bir qadın qədər insan ürəyini şiddətlə döyündürməyə heç bir qüvvənin gücü çatmaz. Cümlə Azərbaycan qadını “Mən Azərbaycan vətəndaşıyam” deməyənə qədər köləliyin nöqtəsi qoyula bilməz.
Başqa bir xanım – əməkdar artist Könül Xasıyeva axır ki, uzun illərin arzusuna yetərək YAP üzvü olub. Sadəcə o, bu partiyaya üzv olmaq məsuliyyətli olduğu üçün çox düşünməli, uzun illər gözləməli olub: “Indi isə şərəf duyuram ki, artıq rəsmi şəkildə YAP-ın üzvüyəm”. Indi o, fərxrlə deyə bilər: “Mən fəxr edirəm ki, azərbaycanlıyam…”. Ancaq Könül xanım “Bizim yol”un sorğusuna belə cavab verib: “Bu barədə danışmaq istəmirəm, bir işdir oldu, bitdi…”. Azərbaycanlı olan, bu ölkə adlı dildə danışan hər kəs bilir ki, “bir işdir oldu, bitdi” deyimi yalnız pis işlər baş verəndən sonra deyilir. Hər halda hər kəs bunu da bilir ki, düşünmədən deyilən söz qədər insanın düşüncələrini heç nə üzə çıxara bilməz. Nə isə, keçmiş olsun.
Daha bir xanım, Könül xanımın həmkarı, “Avroviziya” müsabiqəsinin Isveçli iştirakçısı Lorin. Yox, o da YAP üzvü olmayıb. Əksinə, o, Azərbaycanda insan haqları sahəsində vəziyyətin yaxşılaşması üçün hansısa addımlar atmaq istədiyini bildirib. Könül xanım onu bağışlasın, indi bir işdir də, oldu, bitdi!.. NIDA və nöqtələr.