Ailəmizdə ən çox söhbətim tutan, bacılarımdan da mənə daha yaxın olan kiçik qardaşımdır. Yaxşı yadımdadır, uşaq vaxtı mən qızlarla evcik-evcik, gəlinciklərlə oynayanda o gəlib “evimizin” qapısına qıfıl vurub, bizi “ordusuna” aparırdı. O, həmişə komandir olurdu, biz isə kəşfiyyatdan üzüqara qayıdan, döyüş zamanı düşmən əlinə keçən fərsiz əsgərlər. Düşmənlərimiz rus, erməni qonşularımızın uşaqları idi. Həmişə bizə qalib gəlirdilər. Amma balaca komandir bizə elə təlimlər keçdi, fərarilik edəndə elə cəzalar verdi ki, milli ordumuz düşmən ordusunu diz çökdürməyə başladı.
Və əminliklə deyə bilərəm ki, o vaxtlar 10-12 yaşlı komandirin əsgərlərinə öyrətdiklərini indiki saç-saqqalı ağarmış saxta generallar öyrədə bilməz. Sonra o, Simferopola hərbi xidmətə getdi. Əsgərlik çəkdiyi iki il ərzində komandirindən dəfələrlə anama təşəkkür məktubları gəldi. Hərbi xidməti başa vurandan sonra Simferopoldan birbaşa Murmanska işləməyə getdi. Balıqçı gəmisi ilə müxtəlif ölkələrdə, dünyanın ən gözəl adalarında oldu. Və bizim “komandir”imiz ömrü boyu heç kimin minnətini çəkmədən dünyanı gəzməkdə, insan kimi yaşamaqda davam edə bilərdi. Amma o, Qarabağ savaşını Kanadadan, Ispaniyadan, Kanar adalarından… seyr etməyi özünə sığışdırmadı, Vətənə qayıtdı. Könüllü yığılan dəstələrə qoşuldu. Orda da komandir oldu, uşaqlıqdakı arzusu gerçəkləşdi. Kim bilir, Ağdərədə, Laçında… üz-üzə dayandığı düşmən ordusu arasında bir vaxtlar uşaq vaxtı döyüşdüyümüz “ordunun” da uşaqları da var idi.
Bir gün bizə onun ölüm xəbərini gətirdilər. Hamilə olan xanımı xəbərdən sarsıldı, uşaq iki ay vaxtından tez dünyaya gəldi. Sonra məlum oldu ki, qardaşımın ölüm xəbəri yalan imiş, şəhid olan onun dostu idi. Və bir gün o, ordudan qayıtdı, dedi ki, daha döyüşməyin mənası yoxdur, orda savaş yox, oyunlar gedir. Qardaşım Qarabağ uğrunda döyüşlərdə həlak olmadı, amma onun ölüm xəbərindən ana bətnində psixoloji zədə alan körpəsi xəstə dünyaya gəldi. Indi onun yeganə qızı 19 ildir gəzə bilmir, ayaqları inkişafdan dayanıb. Eynilə bizim Azərbaycan kimi: ölkəmiz də 19 ildir gəzə bilmir, ayaqları tutulub. Bu zəlil günə qalan ölkəni qardaşım dəfələrlə tərk etmək istəyib, amma hər dəfə “qızımı o vəziyyətdə qoyub gedə bilmərəm” deyib, fikrindən dönür. Eynilə ölkəni tərk etmək üçün ciddi əsasları olan, lakin getməyi qeyrətsizlik sayan OĞULLAR kimi. Çünki nə qədər daşürəkli, vicdansız olmalısan ki, əlil arbasından məzlum-məzlum baxan ÖLKƏni atıb gedə biləsən. Əlil qızına görə ölkədə qalan qardaşım vaxtının çoxunu bağ evində keçirir və onun bağda yaratdığı səliqə-səhman, ab-hava döyüş bölgəsində yerləşən qərargahı xatırladır: suvaqsız divarların birindən Azərbaycan, dünya xəritələrini, lap yuxarı başdan isə üçrəngli bayrağımızı asıb. Bayrağın üstünə Məhəmməd Əmin Rəsulzadənin, Əbülfəz Elçibəyin, Bozqurdun və döyüşə bərabər getdiyi dostlarının şəkillərini vurub. Beş dostu ilə çəkdirdiyi şəkilin qarşısında dayanıb “bunlardan neçəsi sağ qaldı?” soruşdum. Zorla, udquna-udquna “ikisi”, deyə bildi. Onların arasında birinin uşaqlıq dostumuz olduğunu biləndə, “o ki qorxağın biri idi, necə olub könüllü müharibəyə gedib?” dedim.
Qardaşım “o vaxtlar ən qorxaqlar da döyüşə getməkdən çəkinmirdi, indi isə müharibə başlasa ən ürəklilər də getməz. Çünki bilirlər irəli gedən kimi arxadan vurulacaqlar. Qarabağ savaşından bəhs edən bir kitab oxumuşdum -”Ağdərədən gələn var”, onu mənə gətir, sənə deyim ki, orda nə düz, nə səhv yazılıb. Hələ 92-nin noyabrından Sürət Hüseynov çevriliş etmək üçün hazırlıqlara başlamışdı. Əvvəlcə qərargahımız Mingəçevirdə idi, sonra Sürət onu müəmmalı halda Gəncəyə köçürdü”…
Keçmiş döyüşçünün acı xatirələri ilə baş-başa qalmaq Heydər Əliyevin doğum günü ərəfəsinə düşdü. Görünür, qədər belə imiş. Hazırda xalqdan oğurlanan pullarla məmurlar mərhum prezidentə hədiyyələr düzəldirlər: Idman və Konsert Kompleksi boyda portretlər, Qız qalası yekəlikdə gül buketləri…
Bütün bunlar mərhumun ruhunu şad edir, bilirəm. Və mən fikirləşdim ki, əcəba, ölkəmə, onun insanlarına əlil körpələr, şəhidlər, məğlubiyyətlər bəxş edən mərhum üçün nə hədiyyə hazırlayım ki, ona layiq olsun. Xalça toxumağı bacarsam da, portretini ilmələrlə işləyə bilməzdim, barmaqlarımdan qan tökülərdi. Toya-nişana, doğum günlərinə hazırladığım şirniyyatlardan da bişirə bilməzdim, çünki şəkərini nə qədər çox töksəm də zəhər dadacaqdı. Sevimli bağçamdan bir dəstə gül yığıb, məzarının üstünə qoymağı da ona layiq bilmədim. Çünki o gülləri Məhəmməd Əmin Rəsulzadənin qürbətdən Vətənə gətiriləcək məzarı üçün qoruyuram. Ən münasibi, Heydər Əliyevin doğum gününə bu köşəni hədiyyə etməkdir…
P.S. Ayaqları inkişaf etməyən qardaşım qızının müalicəsi mümkün deyil, amma əlil gününə düşən Azərbaycan bir gün mütləq ayağa qalxacaq…