Dünən faşizm üzərində qələbəni qeyd etdik. Möhtəşəm gündür. Faşizm üzərində qələbə günü qəlbimi açan bayramlardandır. Hər cür faşizmə nifrət etdiyim üçün. Hər cür totalitarizmə, ağalığa, ayrı-seçkiliyə kin bəslədiyim üçün. Mənə görə, faşizmin ən yumşaq növləri də böyük nifrətə layiqdir. Odur ki, dünən bizim hakimiyyətin 9 may Qələbə bayramını qeyd etməsi məndə ikrah və gülüş doğururdu.
YAP-ın heç bir ideologiyası yoxdur, onun faşizmlə boya-boy müqayisəsi də alınmır, amma indi dünyada klassik faşizmə tam bənzəməyən, lakin onun təzahürlərini bu və ya başqa dərəcədə daşıyan qüvvələrə oxşar təsnifat verilib – urfaşizm. Məşhur italyan yazıçısı Umberto Ekonun bir fikrini təkrarlamaqdan doymuram. Yazıçı deyir ki, bizim dövrümüzdə urfaşizm ən nəzakətli, ən gözəl qiyafələrlə fəaliyyət göstərir. Onlar dildə və sözdə xeyirxah və humanistdir, əməldə isə urfaşist niyyətlərini amansızlıqla davam etdirirlər.
YAP da ayrı-seçkiliyin partiyasıdır. Yəhudilərə dost münasibətə baxmayaraq, öz xalqımızın düz və dürüst mövqeli istənilən adamını düşmən bilir özünə. Onun ağalığını və özbaşınalığını tənqid edən tələbəni ali məktəbdən qovmaqla doymur, atasını da işsiz qoyur, hətta lazım gəlsə həmin tələbənin babasının da diplomunu ləğv edə bilər. Belə bir siyasi rejimin faşizm üzərində qələbəni bayram etməsi sadəcə gülməlidir. Adam demək istəyir ki, dönüb bir özünüzə də baxın!
Bu gün isə qondarma gül bayramıdır. Şəxsiyyətə pərəstişin urfaşit forması tüğyan edir bu gün. Müasir bir ölkə bunu özünə necə rəva bilər? Internet şəbəkələrindəki fəallardan biri – Hicran Qurbanlı çox maraqlı bir şərh verdi bu bayrama: Bizim ölkədə 9 mayda faşizm üzərində, 10 mayda isə Azərbaycan xalqı üzərində qələbə qeyd edilir. Gül bayramı doğrudan da Azərbaycan xalqı üzərində təntənənin bayramı kimi qəbul edilməlidir.
Gəlin bu mülahizəni sadə bir vətəndaşın taleyində davan etdirək. Böyük korrupsiyaları, seçki saxtakarlıqlarını bir anlığa kənara qoyaq. Gədəbəy rayon sakiniÿSəyyaf Musayevÿbu günlərdə başına gələnləri “Azadliq” radiosuna danışıb: “Mənə deyirlər ki, rayon mərkəzində görünməyim. Yolda gedəndə isə yanımda iki nəfər olmamalıdır, çayxanalarda danışmamalıyam. Hər şey keçən il Gədəbəydə etiraz aksiyası keçirmək üçün rayon icra hakimiyyətinə müraciət etməyimdən sonra başlayıb. Yeni təyin olunmuş icra başçısıÿRamiz Yediyarovÿməni çağırıb keçənilki müraciətimi göstərdi, ağlımı başıma yığmağı tapşırdı. Mənə deyirlər dilini dinc qoy. Bu qədər haqsızlıq görürəm, necə susum?”.ÿ
Buyurun, “iki-iki gəzmək olmaz!” tələbi sizə faşizmlə bağlı filmləri xatırlatdımı? Yəqin bütün tələblər sizə faşizmi xatırlatdı. Amma gəlin Gədəbəy rayon Icra Hakimiyyətinin ümumi şöbəsinin müdiri Paşa Musayevin jurnalistə dediklərinə də diqqət yetirək: “O adam cəmiyyət arasında özünü apara bilmir. Nə deyirsə, yalandır. Oğlu da xuliqanlıq etdiyi üçün xuliqanlıqda ittiham olunur. Rayonun icra başçısı aprelin 19-da təyin olunub, hazırda icra başçısı rayonun problemləri ilə məşğuldur. Burda heç kim ona təzyiq göstərmir”.
Gördünüz ki, oğlunu da artıq qaralayıblar. Səyyaf Musayev də elə bunu deyir: “Bir neçə ay əvvəl mənə demişdilər ki, susmasan, oğlunu tutacağıq. Iki ay əvvəl oğlumu xuliqanlıqda ittiham etdilər”.
Bir neçə ildir Səyyaf Musayevin mətbuatda çıxışlarını izləyirəm. Belə sadə, qanunpərəst, sözünü deməyi bacaran, vicdanlı insanlar istənilən ölkənin fəxri olmalıdır. Amma hər zaman onu sıxışdırırlar, hər yerdə düz sözə görə əngəllərlə üzləşir. Rahat yaşaya bilmir.
Bax, Azərbaycan xalqının indiki taleyi budur. Güllərin arasında sola-sola yaşamaq… Gül bayramında gülə bilməmək…