Həsən Kərimov: «Hakim ailənin xalqın sərvətlərinə şəxsi mülkiyyəti kimi baxması yolverilməzdir»
«Hakimiyyət qruplaşmış bir dəstəni xatırladır, bu rejim üçün çalışanlar bir cinayət ortağına çevriliblər»
Ictimai Palatanın mayın 7-də paytaxtda keçirdiyi aksiya hakimiyyəti ciddi narahat etdiyi iqtidar təmsilçilərinin bəyanatlarından, hökumətyönlü KIV-in təbliğatından açıq şəkildə hiss olunur. Ümumiyyətlə IP-nin son bir neçə ayda keçirdiyi kütləvi aksiyalar ölkənin siyasi gündəminin əsas hadisələridir. Bugünki müsahibimiz AXCP Ali Məclisinin sədri Həsən Kərimovla söhbətimizə də məhz IP-nin reallaşdırdığı aksiyaları dəyərləndirməklə başladıq:
– Ictimai Palatanın 20-ci sahədə reallaşdırdığı mitinqlər hakimiyyətin bütün təzyiqlərinə baxmayaraq möhtəşəm alındı. Ərazinin mitinq üçün əlverişli olmaması, əraziyə nəqliyyatın işləməməsi insanların aksiyaya qatılmasına mane olmasa da, bir çox vətəndaşımız məhz bu çətinliklər üzündən aksiyaya gələ bilmədi. Bu aksiyalardan sonra vaxtı ilə “müxalifət yoxdur” deyə iqtidar gerçəkliyin bir daha şahidi oldu. Məhz 20-ci yaşayış sahəsində aksiya keçirməyimizin qarşısı bu cür qeyri-sivil yollarla alındıqdan sonra, Ictimai Palata bu ərazidə aksiya keçirməkdən imtina etdi. Mayın 7-də Ictimai Palata mitinqə bərabər piket keçirdi. Piket çox coşqulu alındı və kənardan aksiyanı seyr edən vətəndaşlar da bizə qoşuldular. Aksiyanın qarşısını almaq istəyən polis əməkdaşları piketdə iştirak etməyən vətəndaşlar tərəfindən etirazla qarşılandılar. Ictimai Palata olaraq AXCP üzvlərinin fədəkarlığı da göstərdi ki, artıq mərkəzi meydanlara çıxmağın vaxtıdır. Ona görə, Ictimai Palata mitinqləri mütamadi olaraq davam etdirəcək.
“Eurovision”da siyasi məhbuslara azadlıq deyiləcək
– “Eurovision” ərəfəsində Ictimai Palata müəyyən sürpiz aksiyalar keçirməyi planlaşdırır. Bu addımlar nədən ibarət olacaq?
– Ictimai Palata rəsmi şəkildə mayın 13-də mitinq və 14-də isə piket keçirmək üçün Bakı Şəhər Icra Hakimiyyətinə müraciət edib. Ictimai Palatanı təmin edən məkan olsa təşkilatımız mitinqlərinə davam edəcək. Amma Bakı Şəhər Icra Hakimiyyəti müsbət cavab verməzsə, mayın 14-də meriyanın qarşısında piketə icazə verilib-verilməməsindən asılı olmayaraq onu keçirəcəyik. Ictimai Palata növbəti planı kimi mayın 19-da aksiya keçirməyi planlaşdırır. Ictimai Palatanın xarici jurnalistlərlə iş üzrə böyük mətbuat qrupu yaradılıb və ölkəmizə gələcək xarici jurnalistlər Ictimai Palatanın aksiyası barədə məlumatlandırılacaqlar. Əsas məqsədimiz “Eurovision” başlanana kimi vicdan məhbuslarının azadlığa buraxılmasının təmin edilməsidir. Əgər bu olmazsa, Ictimai Palata müəyyən tədbirlər planı həyata keçirəcək. Vicdan məhbuslarının şəkilləri olan köynəklərlə fəallarımız şəhərdə gəzəcəklər, gənclər müxtəlif flaş-moblar həyata keçirəcəklər. Və “Eurovision” zamanı vicdan məhbuslarına azadlıq şüarı da konsert zamanı səsləndiriləcək.
Bir sıra başqa planlarımız da var ki, onlar hələlik sirr olaraq qalacaq.
Əliyevin fikirləri bizim üçün əhəmiyyətli deyil
– Ictimai Palata 20-ci sahədə aksiya keçirmək barədə qərar verərkən ölkədə siyasi aktivliyin artırılması məqsədini və xalqın sosial tələbini əsas tuturdu. Amma dövlət başçısı müşavirədə aksiya keçirilən məkanı və aksiyaçıları aşağılayan fikirlər söylədi. Ictimai Palatanın 20-ci sahədən imtinasında bu açıqlamanın rolu nə dərəcədə oldu?
– Təəssüf ki, ölkə başçısı öz vətəndaşlarına qarşı bu cür münasibət sərgiləyir. Azərbaycan müxalifəti cəmiyyətin bir tərkib hissəsidir. Səslənən açıqlama hakimiyyətin vətəndaşına qarşı yanaşmasının təzahürüdür. Bu isə hakimiyyətə cəmiyyətin münasibətinin daha da kəskinləşməsinə səbəb olur. Ictimai Palatanın 20-ci sahə ilə bağlı qərarının dəyişməsinə bu da təsir edib. Müxalifət hakimiyyət tərəfindən bu cür qeyri-etik ifadələr tez-tez eşidir. Amma Ictimai Palatanın həm aksiyaları zamanı, həm də aksiyalardan sonra hakimiyyətin narahatçılığı açıq şəkildə görünürdü. Hakimiyyət gözəl anlayırdı ki, mitinqlər artan xətlə gedəcək. Aksiyalar zamanı sosial bazamızın sifarişlərindən biri də bu idi ki, aksiyalar şəhərin mərkəzində keçirilməlidir. Hətta onlar icazəsiz olacağı təqdirdə belə aksiyalara dəstək veriləcək. Ona görə Ilham Əliyevin bu cür fikirləri bizim üçün əhəmiyyətli deyil. Bu bir daha hakimiyyətin əxlaqını nümayiş etdirir. Əksinə, bu cür yanaşma bizdə bir ruh yüksəkliyi yaratdı ki, iqtidar kütləvi aksiyalardan necə də narahatdır.
Aksiyalar tezliklə regionları da əhatə edəcək
– Ictimai Palatanın 50-dən yuxarı regional təşkilatı mövcuddur. Qarşıdakı aylarda bu təşkilatların yerlərdə kütləvi aksiyalarla bağlı planları nədən ibarətdir?
– Artıq Sumqayıt regional şöbəsi müvafiq orqanlara aksiya keçirmək üçün müraciət edib. Ağstafa regional şöbəsi belə bir müraciətdə bulunsa da, aksiya keçirməyə icazə verilmədi. Artıq Gəncədə də təşkilatımız aksiya keçirməyə və bu məqsədlə müraciət etməyə hazırlaşır. Biz nəinki paytaxtda, regionlarda da aksiya keçirməyə tərəfdarıqı və bunu edəcəyik.
Bunları ancaq sərvətləri və milyonları maraqlandırır
– Hakimiyyət istər xaricdən, istərsə də daxildən gələn təzyiqlərə məhəl qoymayaraq öz avtoritar siyasətini əvvəlki tempdə davam etdirir. Siyasi məhbus probleminin həll olunması, sərbəst toplaşmaq azadlığının təmin olunması ilə bağlı hakimiyyət hələ də inadkarlıq göstərir. Halbuki dövlətin imici bu inadkarlıqdan zərər görür?
– Bu rejimin mahiyyətindən, diktatorların xarakterindən irəli gəlir. Hazırda hakimiyətdə olan rejimi nə Azərbaycanın beynəlxalq imici, dünya ictimaiyyətinin ölkəmizdə baş verənlərə münasibəti narahat edir. Bu iqtidarı yalnız hakimiyyətləri və milyonlarla sərvətləri narahat edir. Hakimiyyət bilir ki, demokratik idarəçilik üsulu, demokratik islahatlara getmək onlara yad ünsürdür. Bu insanlar bu cür idarəçiliklə ölkəni idarə etmək istəyirlər. Amma Azərbaycan xalqı bu rejimin mahiyyətini gözəl bilir.
Düşünürəm ki, ölkədə baş verənləri nəzərə alsaq, 2012-ci ilin sonu 2013-cü ilin başlanğıcı bu iqtidarın yola salınması üçün böyük vüsətdir.
Azərbaycan xalqı diktatorunu yola salmağa hazırlaşır
– Ictimai Palatanın təmsilçilərinin xarici diplomatlarla görüşməsini Azərbaycan hakimiyyəti süngü ilə qarşıladı. Halbuki normal dövlətlərdə bu sıradan bir görüş sayılır və bu görüşlərdə ölkədəki ictimai-siyasi durum müzakirə olunur. Amma hakimiyyət bu tip təmaslardan təşvişə düşdüyünü gizlədə bilmir. Bu narahatlıq nədən qaynaqlanır?
– Normal hakimiyyətlər bu tip görüşlərə heç zaman təşvişlə yanaşmır və bu cür təmasları özünə təhlükə saymır. Başqa ölkələrdə belə görüşlərə fərqli çalar verilməsi gülüş obyekti olardı. Sadəcə olaraq hakimiyyəti narahat edən başqa məqamlardır. Əgər Azərbaycanda normal hakimiyyət olsaydı, bu iqtidar həqiqətən də dövlətə və vətənə xidmət etsəydi, o zaman başqa məna axtarmağa dəyməzdi. Diplomatik korpusun demokratik qüvvələrlə görüşməsi bir siyasi mədəniyyətdir. Həmin dövlətin təmsilçiləri ölkə başçısı və ayrı-ayrı məmurlarla da görüşürlər. O zaman biz də müxalifət olaraq narahatlıq keçirməliyik? Hakimiyyət Avropa Şurası və Avropa Birliyi qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməyib. Diplomatik korpus isə bu məqamları müzakirəyə çıxarır, Azərbaycanın gələcəyi ilə bağlı narahatlığını çatdırır.
– Bu günlərdə “Azadlıq” radiosunun araşdırması nəticəsində məlum oldu ki, hakim ailə Azərbaycanda böyük qızıl yataqlarından birinin sahibidir. Normal ölkədə bu cür faktlar meydana çıxsaydı, istənilən hakimiyyət istefaya gedərdi. Amma iqtidar ona ünvanlanan ittihamlara cavab belə vermək istəmir?
– Hakimiyyətin sahib olduğu korrupsiya layihələri ilə bağlı bu birinci fakt deyil. Bundan əvvəl də Dubay villaları ilə bağlı şok edici faktlar xarici mediada yer almışdı. Amma bu hakimiyyət nə onda bir açıqlama verdi, nə də Daşkəsəndəki qızıl mədənləri ilə bağlı nəsə izahat verdi. Normal iqtidar olsaydı, Ilham Əliyev və komandası xalqdan üzr istəyərdi və həmin gün istefaya gedərdi. Bu çoxdan edilməli idi. Çünki xalqın mülkiyyətini müxtəlif şirkətlər vasitəsilə öz ailəsinin adına keçirmək dünyada qəbul edilməyən yanaşmadır. Sanki Azərbaycan bunların xüsusi mülkiyyətidir və istənilən sərvəti onlar özəlləşdirə bilərlər.
– Siz vaxtı ilə Xalq Hərəkatının iştirakçısı olmusunuz. Hazırda Azərbaycandakı mövcud durum barədə beynəlxalq ictimaiyyətdən gələn narahatlığı Xalq Hərəkatı ilə eyniləşdirənlər də az deyil?
– O zaman Azərbaycan xalqı müstəqilliyi uğrunda mübarizə aparırdı. O zaman Azərbaycanın SSRI-dən qopması üçün bir hərəkat başlamışdı. Günlərlə meydanlarda qalan Azərbaycan xalqı sonda müstəqiliyinə qovuşdu. O zaman Azərbaycan dünya mətbuatının diqqətində idi. Hətta Şpigel jurnalının apardığı sorğulara görə Azərbaycan ilin xalqı elan olunmuşdu. Bəli paralellər aparsaq çox oxşarlıqlar aşkar edərik. O zaman müstəqillik uğrunda aparılan mübarizə qələbə ilə sonuclandı. Indi də Azərbaycan xalqı demokratiya uğrunda mübarizəyə başlayıb. Azərbaycan xalqı diktatorunu yola salmağa hazırlaşır. Yenə də Azərbaycan dünyanın diqqətindədir. Azərbaycan rejimi barədə yenə də çoxlu materiallar dərc olunur. Bu da Azərbaycanda aparılan mübarizənin diqqət mərkəzində olmasını göstərir.
Hakimiyyət dünyanın fikrini dəyişə bilməyəcək
– Prezident kadr siyasətində də ənənəvi siyasətini davam etdirir. Əhalinin narazı olduğu icra başçısı işdən uzaqlaşdırılmalı halda, başqa rayona rəhbər təyin olunur?
– Bu, heç bir məntiqə sığmayan kadr siyasətidir. Bu bir daha göstərir ki, bu rejim üçün çalışanlar bir cinayət ortağına çevriliblər. Hazırkı hakimiyyət qruplaşmış bir dəstəni xatırladır. Hakimiyyət daxilindəki qruplaşmaların hər birinin qarşılıqlı kompramatları var. Bu səbəbdən gözdən pərdə asmaq, vaxt udmaq məqsədilə bir icra başçısını digəri ilə əvəz edilir.
– “Times” jurnalının bu günlərdə Azərbaycan hakimiyyəti barəsində çap etdiyi məqalədə göstərilirdi ki, Azərbaycan hakimiyyəti xarici ölkələrdə görüşlərin təşkili və öz təbliğatı aparmaq üçün lobbi şirkətlərinin fəaliyyətindən istifadə edir. Məsələn, keçən il hakimiyyət bu istiqamətdə 30 milyon dollar xərcləyib.
– Lobbiçilik fəaliyyəti əslində normal bir şeydir. Əgər bu fəaliyyət Qarabağ probleminin həllinə və dövlətimizin maraqlarının möhkəmləndirilməsinə yönəlibsə, biz buna müsbət yanaşmalıyıq. Amma hakimiyyətin yürütdüyü lobbiçilik siyasəti bir şəxsin və bir siyasi qüvvənin maraqlarına xidmət edir. Digər tərəfdən, mən təəccüblənmərəm ki, bu fəaliyyətə yönələn pullar da korrupsiyanın qurbanı ola bilər. Dünya mətbuatı artıq Azərbaycan hakimiyyəti barədə geniş informasiyaya malikdir. Heç bir maliyyə yaranmış ictimai rəyi dəyişdirə bilməz.
Xəyal