Adam Sterlinq: “Diplomat olaraq vəzifəmiz cəmiyyətin bütün spektrlərinin nümayəndələri, o cümlədən İctimai Palata ilə görüşlərdən ibarətdir”
“ABŞ toplaşmaq azadlığı məsələsi üzrə mövqeyinə sadiqdir. Bu mövqe toplaşmaq azadlığının təmin edilməli olmasından, bunun hər bir vətəndaşın hüququ olmasından ibarətdir”. Bu barədə ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterlinq “Turan”ın müxbirinin Bakı meriyasının müxalifətə paytaxtın mərkəzində mitinq keçirməyə icazə verməməsini şərh etmək xahişinə cavabda bildirib.
“Biz həm fərdi görüşlərimizdə, həm də ictimai görüşlərdə, xüsusən Konqresə verdiyimiz hesablarda bu məsələni qaldırırıq”, – deyə o qeyd edib.
Sterlinq diplomatların İctimai Palata ilə görüşü məsələsinə də toxunub. “Diplomat olaraq bizim vəzifəmiz cəmiyyətin bütün spektrlərinin nümayəndələri ilə, o cümlədən müxalifət partiyaları və İctimai Palata ilə görüşlərdən ibarətdir və biz onların öz siyasi hüquqlarından istifadə etmək cəhdlərini diqqətlə izləyirik”, deyə Sterlinq qeyd edib.
“ABŞ “Amnesty İnternational”ın Azərbaycan hakimiyyətini vicdan məhbuslarını azad etmək çağırışına qatılırmı” sualına cavabda diplomat deyib ki, bu müraciətin mətni ilə tanış deyil. “Amma şübhəsiz, ABŞ hər zaman bütün dünyada siyasi məhbusların azad edilməsinə çalışır”, deyə diplomat bildirib.