«Azərbaycanda insan haqları pozulur, bu haqda açıq danışmağa davam edəcəyik»
Almaniya mediasında ölkənin Xarici Işlər Nazirliyinin Azərbaycanla münasibətlərə dair yeni mövqeyini əks etdirən açıqlama yayılıb. Nazirliyin açıqlamasında Almaniyanın ölkəmizə qarşı “sistemli kampaniya” apardığına dair Azərbaycan rəsmilərinin ittihamları rədd edilir. Bildirilir ki, Azərbaycanda insan hüquqları pozulur və Almaniya bu barədə açıq danışmaqda davam edəcək.
Açıqlamada xüsusi olaraq, Azərbaycan hökumətinin ittiham obyektinə çevrilən Almaniyanın insan hüquqları üzrə Ombudsmanı Markus Löninqə də dəstək ifadə olunub: “Insan haqları üzrə müvəkkilin vəzifəsi bütün dünyada insan haqları, əsas azadlıqlar, o cümlədən mətbuat azadlığının təmini sahəsində mövcud problemləri dilə gətirməkdir. Xarici Işlər naziri Gido Vestervelle bu mənada Ombudsmanın əhəmiyyətli işini dəstəkləyir, şəxsən öz görüşlərində insan haqları və əsas azadlıqlar mövzusuna toxunur”.
Almaniyanın Bakıdakı səfirliyinin mətbuat katibi Aytəkin Məhərrəmova “Azadlıq” radiosuna bildirib ki, Xarici Işlər Nazirliyindən sözügedən açıqlama “Süddeutsche Zeitung” qəzetinin sorğusu əsasında verilib.
Qeyd edək ki, son vaxtlar Azərbaycan rəsmiləri Almaniya Ombudsmanı Markus Löninq və səfir Herbert Quelleni qərəzli mövqe tutmaqda ittiham edirlər. Milli Məclisin mayın 1-də keçirilən iclasda da deputatların əksəriyyəti bu iki şəxsi Azərbaycanın daxili işlərinə qarışmaqda günahlandırıblar.