İki ölkə arasında diplomatik gərginlik günbəgün artır
Azərbaycanın Almaniyadakı səfirliyi bəyanatla çıxış edib. Bəyanatın mətni “Azərtac”ın saytında yerləşdirilib. Bəyanat Almaniyanın Bakıdakı səfirinin Azərbaycan KIV-lərində Almaniya əleyhinə nəşrlərlə bağlı məqaləsinə cavabdır. Belə ki, Azərbaycanın Berlindəki səfirliyi alman həmkarlarının Bakıdakı nəşrlərdən narazılığından təəccüblənib. Səfirlik bu təəccübü belə izah edib: “Almaniyada olduğu kimi, Azərbaycanda da mətbuat müstəqildir və Azərbaycan hökumətinin mətbuat orqanlarına təsir göstərmək səlahiyyətləri yoxdur”.
“Almaniyada artıq bir müddətdir, yəni Azərbaycanın ”Eurovision” mahnı müsabiqəsindəki qələbəsindən sonra bəzi dairələr tərəfindən birdən-birə sistemli şəkildə çirkin antiazərbaycan kampaniyası aparılmaqdadır. Məyusedici haldır ki, həmin kampaniyada Almaniya hökumətinin insan haqları və humanitar yardım üzrə müvəkkili Markus Löninq, Almaniyanın Avropa Şurasındakı təmsilçisi Kristofer Ştrasser və eləcə də Almaniya Bundestaqının bəzi deputatları da fəal iştirak ediblər və hazırda iştirak etməkdədirlər”, deyə bəyanatda bildirilir. “Bu kampaniyaya eləcə də, Almaniyanın bir sıra mətbuat orqanları, o cümlədən ”Şpigel”, “ARD” kimi media qurumları təbliğat dəstəyi verməkdədir.ÿ Kampaniya nəticəsində yayılan məlumatların mahiyyətindən aydın şəkildə görünür ki, Almaniyada bəzi dairələr Azərbaycanın imicinə zərbə vurmaq məqsədi güdürlər. Lakin biz hesab edirik ki, bu cür böhtan və uydurma dolu kampaniya alman xalqının Azərbaycana olan mövqeyini dəyişdirə bilməz və bu kampaniyanı aparanlar Azərbaycan ilə Almaniya arasında uzun illərdir formalaşmış sıx mehriban dostluq və əməkdaşlıq münasibətlərinə zərbə vurmaq məqsədinə çatmayacaqlar”, deyə səfirlik qeyd edir.
Xatırladaq ki, 2 aydan çoxdur ki, Azərbaycanın rəsmi KIV-ləri Almaniyanı və bu ölkənin hökumətini tənqid edir və bunu düşmən dairələrin fitnəsi adlandırır(Turan).
Əslində isə alman mətbuatı Azərbaycanda baş verənləri işıqlandıraraq, çoxsaylı əmlak hüquqlarının pozulması, korrupsiya faktlarına və digər məsələlərə diqqət çəkir.