«Kimisə gətirib deputat ediblərsə, deməli, yalnız o ziyalıdır, yalnız o siyasətlə məşğul olmalıdır?!»
Əli Ömərov: «Alimi tutmaq olar, amma onun millətə xeyir verən ixtirasını ortadan götürmək allahsızlıqdır, cinayətdir»
YAP-ın icraçı katibi Əli Əhmədov növbəti dəfə Azərbaycan Ziyalılar Forumunda təmsil olunan ziyalıları ittiham edib. O bildirib ki, ziyalı bayrağı altında siyasətlə məşğul olmaq ziyalılıq məfkurəsinə xəyanət kimi bir şeydir. Sabiq baş prokuror Əli Ömərovdan YAP rəsmisinin fikirlərinə münasibətini öyrəndik. Fürsətdən istifadə edib ondan gündəmi məşğul edən digər suallara da cavab almağa çalışdıq.
– Əli müəllim, Əli Əhmədovun Azərbaycan Ziyalılar Forumunda təmsil olunan ziyalılar barədə fikirləri nə dərəcədə əsaslıdır?
– Mən Əli Əhmədovun fikirlərinə şərh vermək istəmirəm. Amma ziyalılıq barədə öz fikirlərim var ki, sizinlə bölüşməyə hazıram.
Mən hesab edirəm ki, siyasətlə elə ziyalı məşğul olmalıdır. Kiminsə akademik olması onun ziyalı olmasına dəlalət etmir. Ziyalı xalqının tarixini, mədəniyyətini yaxşı bilən, xalqın rifahını yaxşılaşdırmaq üçün çalışan, lazım gələrsə bu yolda canını fəda edən, ədalətli, həqiqəti danışan, kimliyindən asılı olmayaraq bir kimsəyə yaltaqlanmayandır. Əgər ziyalının siyasətlə məşğul olması ona ləkə gətirirsə, belə çıxır ki, siyasətçilər anadan olanda onların alnına siyasətlə məşğul olmaq yazılıb. Bu ki, absurddur. Siyasətlə hər bir adam məşğul ola bilər, o cümlədən ziyalılar. Və əgər siyasətlə ziyalı məşğul olsa, bu xalq üçün daha çox faydalı olar.
– Əli Əhmədovun tənqid etdiyi ziyalılar həqiqəti söylədikləri üçün hədəfə gəliblər…
– Həqiqət söyləmək, xalqın problemlərini həll etməyə yönələn addım əsl siyasətdir. Mən buna qısqanclıqla yanaşanların ziyalılığına şübhə edirəm. Bəzən deyirlər ki, siyasətdi də, bu gün bir söz, sabah başqa söz demək olar. Mənim fikrimcə, bu riyakarlıqdır. Siyasət də həqiqətə söykənməlidir. Həqiqətə söykənən, xalqın mənafeyinə xidmət edən siyasət əsl siyasətdir. Mən Azərbaycan Ziyalılar Forumunda təmsil olunan ziyalıları vətənpərvər, xalqını, ölkəsini sevən və əsl ziyalı kimi tanıyaram. Əslində siyasətlə elə bu adamlar məşğul olmalıdır. Yoxsa hər küçədən keçən siyasətlə məşğul olmalı deyil. Kimisə gətirib deputat ediblərsə, deməli, yalnız o ziyalıdır, deməli, yalnız o siyasətlə məşğul olmalıdır?!
– Sizcə, Əli Əhmədovun bu ittihamlarının kökündə nə dayanır?
– Həqiqət bəzi adamlar üçün zəhərdən acı olur. Əslində həqiqət baldan da şirindir. Amma onu dərk etməyən, anlamayan adamlar üçün həqiqət zəhərdən də acıdır. Kiminsə adını çəkmək istəmirəm. Mən sadəcə əsl ziyalının, siyasətlə məşğul olmalı olanların kimliyi barədə fikirlərimi dedim. Əgər Əli Əhmədov ziyalılar barədə bu fikirləri işlədibsə, bu artıq onun düşüngə tərzidir. Amma yenə deyirəm ki, elmin yüksək zirvəsinə çatmış hər bir adama ziyalı demək olmaz. Ziyalı insanpərvər, ədalətli olmalıdır. “Qurani-Kərim”də ayə var ki, kimsə həqiqəti kənara qoyub kiminsə xatiriniə yalanı həqiqət kimi qələmə verirsə, o cəhənnəmlikdir. Indi adamlar var ki, deyirlər hamı yaxşı dolanır. Ölkədə hər şey yaxşıdır demək yaltaqlıqdan başqa bir şey deyil. Bizim alimlərimiz var ki, həqiqəti danışıblar, xalqa xeyir verən ixtiralar ediblər.
– Yeri gəlmişkən, sabiq səhiyyə naziri Əli Insanovun ixtira etdiyi “Insanovin” pereparatına Azərbaycanda qadağa qoyulub…
– Əli Insanov böyük alimdir. Mənim rəhmətlik anam 7 il həmin o dərmanla müalicə olundu. Amma onu yığışdırandan sonra qadının nəfəsi kəsildi. Alimi tutmaq olar, amma onun millətə xeyir verən ixtirasını ortadan götürmək allahsızlıqdır, cinayətdir. Deyirlər Əli Insanovun evindən çoxlu pul çıxıb. Onun evindən külli miqdarda pul çıxa bilər. Əgər o dərmandan 100 milyonluq satılsa, onun 15 faizi, yəni 15 milyon Əli Insanova çatır. Ona görə də onun evindən külli miqdarda pul çıxması normaldır. Yox əgər bunu normal hesab etmirlərsə, o halda niyə milyonlarla qiyməti olan villa sahiblərini sorğu-suala çəkmirlər? Niyə demirlər ki, səndə bu qədər pul hardandır? Sən bu sarayı hansı pula tikmisən, axı sənin maaşın buna imkan vermir? Mətbuatda yazılır ki, Əli Insanova əfv ərizəsi yazdırmaq istəyirlər. Niyə yazmalıdır? Mən hesab edirəm ki, düzüb edib əfv ərizəsi yazmır. Yazsa ona qarşı ittihamları qəbul etmiş olacaq. Fikrimcə, Əli Insanovu həbsxanada saxlamaq doğru deyil. “91-lər”in nümayəndəsi kimi onu da deyim ki, Əli Insanov Heydər Əliyevə sədaqətli adamdır. Indi hansı qüvvə onu gözdən salıb, bunu artıq Allah bilir.
– Neft Akademiyasında baş verən terror olayından 3 il ötür. Bu hadisə ilə bağlı artıq məhkəmə prosesi də başa çatıb. Amma nədənsə terrorun təşkilatçısı kimi təqdim edilən Gürcüstanda çörək satmaqla məşğul olan Mardun Qumaşyan hələ də məsuliyyətə cəlb olunmayıb…
– Mən bildiyim qədər Azərbaycanlı jurnalistlər hətta həmin şəxsdən müsahibə də götürmüşdülər. Yəni, onu tapmaq çətin deyil. Əgər bu şəxs həqiqətən də cinayətkardırsa, bu halda onun məsuliyyətə cəlb olunmaması təəccüblüdür. Bizim Gürcüstanla müqaviləmiz var. Bu adam da qonşu ölkədə sərbəst gəzir. Gürcüstanın inzibati orqanları ilə əlaqəyə girib onu dindirmək, Bakıya gətirmək olar. Hətta Gürcüstan onu Azərbaycana verməsə belə, orada məsuliyyətə cəlb oluna bilər. Çünki belə bir hadisəni törədən adamı heç bir ölkə bağışlamaz. Amma bu istiqamətdə heç bir səy göstərilmir. Açığı mən belə istintaq görməmişəm.
– Sizcə, bu qeyri-professionallıqdan irəli gəlir, yoxsa başqa səbəb var?
– Çətin sualdır… Mən nəyin hesabına olursa-olsun bunun axırına çıxardım. Mənə kimin mane olmasından asılı olmayaraq sona qədər işimi görərdim. Ya işləyərdim, ya da çıxıb deyərdim ki, mənə imkan verilmir.
– Siz Rafiq Tağının da qətlini bir günə aça biləcəyinizi demişdiniz…
– Bəli, Rafiq Tağı ilə bağlı cinayət işini açmaq çox asan idi. Isti izlərlə bu cinayətin üstünü qısa müddətdə açmaq mümkün idi. Mən təcrübədən çıxış edərək belə deyirəm. Ümumiyyətlə Bizim hüquq-mühafizə orqanları bax bu cür gülməli işlər görür.
Bir də görürsən bir neçə nəfəri dövlət çevrilişində ittiham edib həbsə atırlar. Dövlət çevrilişinə cəhd real olmalıdır. Yəni, heç olmasa ortada 2500-3000 silahlı adam olmalıdır. Və sən sübuta yetirməlisə bu adamlar dövlət çevrilişi etmək üçün birləşiblər, silahlanıblar, lakin iradələrindən asılı olmayan səbəblərə görə bunu bacarmayıblar. Yoxsa 2-3 nəfər hakimiyyətdən narazılıq edən kimi dövlət çevrilişində cəhddə ittiham edib həbs edirlər.
– Bir sıra hay-küylü cinayətlər var idi ki, 2005-ci ilə qədər üstü açılmamışdı. 2005-ci ildə isə bəlli oldu ki, bu cinayətlər DIN-də yuva salmış bir banda tərəfindən törədilib. Bəlkə bundan sonra törədilən cinayətləri də həmin bandaya oxşar dəstə törədib və bu baxımdan həmin cinayətlərin üstünü açmaq “mümkün olmur”?
– Hər şey mümkündür. Dünyada açılmayan cinayət işi yoxdur. Hansı cinayət işinə canla-başla, peşəkarcasına yanaşsan üstü açılacaq. Indi cinayət işləri illərlə, aylarla açılmır. Yazırlar ki, istintaq sirridir. Nə istintaq sirri? Sovet dövründə bir cinayət işi 3 ay müddətində açılmadısa, onu 6 ay, müstəsna hallarda 9 ay uzadırdılar. Bu müddətdə cinayət işi açılmamış qalanda prokuror, polis rəisi cəzalandırılırdı. Amma indi mən bir dəfə də eşitməmişəm ki, hansısa istintaq orqanının məsələsini müzakirə etsinlər. Cəzasızlıq şəraiti hökm sürür. Hamısı bundan irəli gəlir.
Vidadi