İki azyaşlı uşaq atası özünü öldürüb. Intihar hadisəsi Qax rayonunda baş verib. Bu barədə Qax Rayon Polis Şöbəsindən bildirilib. Hadisə Almalı kəndində qeydə alınıb.
1963-cü il təvəllüdlü Namiq Məhəmməd oğlu Abdullayev yaşadığı evin çardağından özünü asaraq intihar edib.
Qax RPŞ-dən bildirilib ki, iki uşaq atası olan vətəndaş Namiq Abdullayev son zamanlar əsəb xəstəliyindən əziyyət çəkirmiş.
Faktla bağlı Qax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
Gördüyümüz kimi, daha bir intihar hadisəsi baş verib və daha bir hadisənin hansı səbəbdən törədiyi, cinayət işinin necə yekunlaşacağını bildirən vərdiş elədiyimiz ilkin versiya: Iki uşaq atası son zamanlar əsəb xəstəliyindən əziyyət çəkirmiş. Bəli, yenə də əsəb. Bu versiya istənilən intihar hadisəsinin qalmaqalsız başa çatdırılması üçün ən rahat yoldu. “Əsəb xəstəsiymiş” deyirsən və işi rahatlıqla yoluna qoyursan. Intiharların 99 faizinə bu maddə ilə xitam verilir.
Ancaq kimsənin – statistikaçıların, istintaq orqanlarının ağlına belə gəlmir ki, yüzdən doxsan doqquzunda “əsəb”lə vəziyyətdən çıxmaq daha bir problem yaradır. Istintaq orqanları öz ağrımayan başlarına dəsmal bağlamamaq üçün bu yoldan istifadə eləməklə əslində dövləti, onu idarə eləyən hakimiyyəti zərbə altına qoyurlar. Demək, hamı əsəb xəstəsiymiş, eləmi?
Yaxşı, inandıq. Bəs niyə? Niyə hamı əsəb xəstəsidi? Belə kütləvi əsəb nədən doğur? Axı inkişafa görə analoqu olmayan bir ölkənin vətəndaşları nə üçün belə ucdantutma əsəb xəstəsi olmalıymış?
Mən heç demirəm ki, xəbərdə deyildiyi kimi, “son zamanlar əsəb xəstəliyindən əziyyət çəkən” o vətəndaş nədən həkimə getməyib, nədən xəstəxanaya yatızdırılmayıb? Parası çatmayıbmı? Niyə çatmayıb? Ola bilməz ki, bu ölkədə xəstəxanada yatmaq, müalicə almaq üçün para çatmaya… Bax, bunu heç demirik. Bu, çox sonrakı və sondakı məsələdi. Iş ondadı ki, niyə bu adam əsəb xəstəliyinə tutulub?
Yox, yaxşısı sualı belə qoyaq: niyə bu adamlar əsəb xəstəliyinə tutulmamalıdı? Bu doğma viranəmizdə əsəb xəstəliyinə tutulmamaq üçün bircə səbəb varmı? Tapmaq olarmı o bircə səbəbi? Olmaz! Çünki yoxdu o səbəb!
Bircə səbəb ola bilər… O səbəbin adı arzular, ideallar, ailədi, həmin atasız qalan o iki uşaqdı. Lakin… Lakin elə o səbəblərə görə insan dəli olur. Elə o səbəblərin özü insanın əsəb xəstəliyi tutmasına gətirib çıxarır.
Azərbaycan insanı… Zavallı və çarəsiz Azərbaycan insanı! Sən uğrunda yaşamalı, sağlam olmalı olduğun şeylərin gerçəkləşə bilmədiyini, öz çarəsizliyini görür və havalanırsan. Arzularını həyata keçirə bilmirsən; övladlarını ürəyin istəyən kimi böyüdə bilmirsən; idealların puça çıxır! Sən boğulursan. Havan çatmır. Ancaq sənin üzünə qızıl-qırmızı deyirlər ki, biz səni nəinki hava ilə təmin eləmişik, üstəlik, oksigen balonu da vermişik. Sən süni nəfəs kimi üzünə üfürülən bu yalanı boğula-boğula dinləyirsən və sənin havalanmaqdan başqa heç bir yolun qalmır.
Əminəm ki, bu gün əhalinin 99 faizi özünü assa, özünü güllələsə, damarlarını doğrasa… istintaq orqanları adını “əsəb xəstəsi idi” qoyacaqlar və Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açacaqlar. Onları kim bu həddə çatdırıb? Cavab birmənalıdı – hakimiyyət! Deməli, bu hakimiyyət hələ öz sağlığında özü üçün minlərlə belə cinayət işi açmaqdadı. Bundan sonra gələn hökumətlərin bu hakimiyyətə cinayət işi açmasına belə, gərək qalmayıb artıq. Maddə hazırdı: 125!