Nemət Əliyev: “Gərək bank sektorunda fəaliyyət tam və normal bərpa olunsun ki, bu şəxslər öz yerlərinə qayıda bilsinlər “
Rəsmi məlumata görə, bank-maliyyə sektorunda baş verən dəyişikliklərlə əlaqədar 2700 nəfər yerli məşğulluq mərkəzlərinə müraciət edib.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. Nazir bildirib ki, son dövrdə bankların konsolidasiyası, o cümlədən bankların və valyutadəyişmə məntəqələrinin bağlanması bu sahədə çox sayda insanın işini itirməsinə gətirib çıxarıb.
Bu say rəsmi qeydiyyata düşən işsiz bank işçilərinin siyahısıdır. Reallıqda rəqəm daha çox ola bilər. Bu sahədə yaranan problemi necə həll etmək olar? İşsizlərin sayının artması bu sahəyə nə vəd edir?
Ölkədə bank sektorunun çökdüyünü deyən iqtisadçı Nemət Əliyev hesab edir ki, banklar normal fəaliyyət göstərə, iqtisadiyyatı kreditləşdirə bilmir. Bü gün xırda bank əməliyyatları istisna olmaqla, banklar əsasən valyuta satışı ilə məşğul olduğunu söyləyən N.Əliyev bildirdi ki, valyuta satışı üzərində bank fəaliyyətini qurmaq mümkün deyil. Belə bankların ömrü çox qısa olur, onlar çox irəli gedə bilməzlər: “Banklar işçilərini müəyyən müddətə qədər yola verə bildilər. Amma bu günləri bank fəaliyyəti təmin olunmayıb. Bank fəaliyyəti dayanıb. Ölkənin kreditləşməsi dayanıbsa, depozitlərdə, əmanətlərdə artım baş vermirsə, əksinə tam tərs proseslər müşahidə olunursa deməli durum acınacaqlıdır. Ondan çox bankın fəaliyyəti dayandırılıb. Banklar iflas etdiklərini etiraf ediblər. Yerdə qalanların çoxunu da eyni aqibət gözləyir. Ona görə bu cür situasiyada bank işçilərinin yerlərini itirəcəyi gözlənilən idi. Rəsmi rəqəmlə müqayisədə bank sektorunda iş yerini itirənlərin sayı daha çoxdur. Bundan sonra da bu proses davam edəcək”.
Onların öz iş yerlərinə qayıtmasına gəlincə isə, N.Əliyev bildirdi ki, gərək bank sektorunda fəaliyyət tam və normal bərpa olunsun ki, bu şəxslər öz yerlərinə qayıda bilsinlər: “Amma Azərbaycanda yalnız bank sektorunda çalışamlar iş yerlərini itirmirlər ki. Müəssisələr bağlanır və ya birləşdirilir. Bütün bunlar ağır maliyyə durumunun nəticəsidir. Ümumiyyətlə xidmət sektorunda xeyli insan iş yerlərini itirib. İş yerini itirmişlərin sayı ilə bağlı məlumat hələ də açıqlanmır. Bütövlükdə iş yerlərini bərpa etməkdən ötrü gərək ölkədə iqtisadi fəallıq olsun. Əgər xidmətlərin sayı aşağı düşübsə, ümumi iqtisadi fəallıq, tikinti sektoruna vəsait qoyluşu azalıbsa, o zaman iş yerlərinin bağlanması normaldır. Nə zaman iqtisadi tənənzül dayanarsa, iqtisadi fəallıq bərpa edilərsə, o zaman işsizlərin iş yerlərinə qayıtması baş verə bilər”.
Xəyal