Yaxud hökumət «islahat»ları davam etdirir
Vəziyyət nəzarət altındadır. Bəli, hökumət vəziyyətin daha da pisləşməsinə, səfalətin çəkisinin artmasına, böhranın dərinləşməsinə nəzarət edir. Eyni zamanda vicdanlı, şərəfli, bioqrafiyası təmiz olan adamlar da nəzarətdədir. Məhz böhranı və vicdanlı adamları nəzarətdə saxladıqları üçün tərəqqi və rifahı nəzarətsiz qoyublar. Uzun illərdi hökumət bütün “investisiya”nı dilənçiliyin inkişafına, səfalətin çiçəklənməsinə yatırıb. Bəli, hər bir hökumət ən yaxşı bacardığı sahədə inkişafa nail olur. Azərbaycan hökuməti də analoqsuz böhran yaratmağı, zəngin bir ölkəni səfil vəziyyətə salmağa bacarır.
Əminliklə demək olar, heç bir hökumət 140 milyard neft pulunun qarşısında müəllimə 140 manat maaş verməyi, minimum əmək haqqını 1.5 manat həcmində müəyyənləşdirməyi, mövcud büdcədən 8 dəfə çox vəsaiti ölkədən çıxarmağı bacarmazdı. Yaxud heç bir hökumət ölkə əhalisinin 40 faizini bankların girovuna çevirə bilməzdi, ölkədə intihar bolluğu yaratmağa nail olmazdı, gələcək nəsillərin boynuna xarici borc yükü yığmağı bacarmazdı. Hələ 23 il ərzində sülh danışıqları aparıb, 23 qarış torpağı işğaldan azad edə bilməmək də var.
Ümumiyyətlə, hökumətimiz bütün sahələrdə uğursuzluğa nail ola bilib, “davamlı və məqsədyünlü” idarəçilik öz “bəhrə”sini verib. Bu gün Azərbaycan xalqı dilənçiliyin inkişafına görə hökumətə minnətdardı. Bu ölkədə vəziyyət o qədər “gözəlləşib” ki, koma vəziyyətində olan xəstənin qızıl dişlərini oğurlayırlar. Bəli, çeşid-çeşid neqativlər istehsal olunur, qeyri-neft sektoru 100 faiz özünü doğruldub. Belə ki, neft pullarının bu xalqa aidiyyəti olmayıb, xalq neft pullarından uzaqda dayanaraq, səfalətin çiçəklənməsinə imkanlar yaradıb.
Əlbəttə, hökumətin “islahat”ları təkcə bununla yekunlaşmır. Hökumət bir tərəfdən dilənçiliyi inkişaf etdirdikcə, o biri tərəfdən də “gülənçilik” sahəsinə “sərmayə” yatırır. Artıq bu sahədə ilk “uğurlar” var. AXCP sədrinin köməkçisi Faiq Əmirli gülənçilik sahəsindəki fəaliyyətinə görə “imam” adına layiq görülüb. AXCP Gnəclər Komitəsinin Xətai rayon şöbəsinin sədri Fuad Əhmədli isə bu sahə üzrə ilk uğurlu kadr kimi həbsxanaya transfer edilib.
Bəli, hökumət dayanmadan “islahat” aparır, böhrandan çıxmağın “yollar”ını axtarır. Dilənçilikdən tutmuş, gülənçiliyə qədər bütün sahələrin inkişafı prioritetdir.
Indi dilənçiliklə gülənçilik arasında balans yaratmaq istəyirlər. Vicdanlı adamları “gülənçi”lik sahəsinə keçirmək lazımdır ki, dilənçilik sahəsinin adamları dirçəlməsin.
Baş verənlərə başqa ad vermək, ciddi yanaşmaq da olmur. Fakt budur ki, ölkədə yeganə real sahə dilənçilikdi. Dilənçiliyə etiraz edənlər isə “gülənçilik”də ittiham olunurlar. Bu hökumətin 23 ildən sonra ortaya çıxardığı “məhsul” bundan ibarətdir.
Dilənçiliyə etiraz edənləri “ermənipərəst”, “narkoman”, “hizbullahçı”, “IŞID-çi” adlandırdılar, indi də “gülənçi” mərhələsinə keçiblər.
Bir sözlə, inkişafımız dilənçilikdən gülənçiliyə qədər davam edir. hökumətin yeni “şər proyektləri”ni gözləyirik. Növbəti “islahat” cəhdləri də olacaq və xalqımız daha fərqli fəlakət növləri ilə müjdələnəcək.
İlham