Təhsili hökumətin pul hərisliyi məhv edib
Bir qayda olaraq hökumət sözçüləri tənqidçi fikiri “hər şeyi qara rəngdə görürsünüz” arqumenti ilə cavablandırırlar. Amma reallıq budur ki, bütün sahələrdən “qara kağız” gəlir. Ölkəni qara rəngə boyamaqları azmış kimi, qaranı ağ rəngdə görməyi tələb edirlər.
Bildiyiniz kimi təhsil sahəsi də “qara kağız”ın bol olduğu sahələrdəndi. Son günlər redaksiyamıza xeyli sayda şikayət məktubları daxil olur. Valideynlər təhsil haqqının çoxluğundan, birinci kursa qəbul olanlardan tam məbləğ tələb edilir. Belə ki, birinci kursa qəbul olunmuş tələbə ödənişli ixtisasa düşübsə, mütləq ödəniş qəbzini təqdim etməlidir. Təhsil haqqı qəbzini təqdim etməyənlərə sənəd verilmir.
Məsələ burasındadır ki, indiki ağır vəziyyətdə valideynlər birdəfəlik ödəniş edə bilmirlər. Onsuz da valideyn övladının Universitetə qəbul olunmasına qədər kifayət qədər pul ödəyir. Azərbaycanda orta məktəblər öz funksiyasını yerinə yetirə bilmədiyi üçün, şagirdlər repetitora üz tuturlar. Bu da onsuz da ağır vəziyyətdə olan ailələr üçün növbəti yükə çevrilir. Bundan sonra yüksək balla Universitetə qəbul olunmuş adam daha böyük pulla sınağa çəkilir. Minimum əmək haqqının 115 manat olduğu ölkədə 3000-5000 manat təhsil haqqının olması absurddur. Açıq şəkildə insanaları ağır seçim qarşısında qoyurlar. Xeyli tələbə adını qazanmış gənc məhz təhsil haqqını ödəyə bilmədiyi üçün tələbəlik arzusundan imtina etməli olur.
Təhsil haqqının yüksək olması bir yana, üstəlik tələbəyə möhlət də verilmir. Heç olmasa aztəminatlı ailələrə müəyyən güzəştlər edilməlidi. Necə olur ki, hökumət Konstitusiyaya kefi istədiyi dəyişikliyi edə bilir, amma təhsil haqqının hissə-hissə ödənilməsiylə bağlı qərar qəbul edə bilmirlər. Bu gün milnlərlə valideyn məlum problmelə üz-üzə qalıb, gənclər tələbə adı qazanmağın sevincini yaşaya bilmirlər.
Hökumət ən həssas məqamlarda da vətəndaşa güzəşt etmirsə, hansı funksiyanı yerinə yetirir? Erməni kilsələrinə pulsuz qaz verən hökumət, birinci kurs tələbələrinə niyə güzəşt etmir? Bu qədər düşmənçilik olarmı? Azərbaycan təhsili hökumətin tamahının, acgözlüyünün, pul hərisliyinin qurbanına çevrilib. Təhsili məhv etməkləri bəs deyilmiş, üstəlik tələbə adı qazananları da pula görə təhsildən didərgin salırlar.
Samir