«Məqam yetişdi və biz Ictimai Palatanın mitinqinə qatılacağıq»
Ictimai Palata aprelin 8-də Bakı Şəhər Icra Hakimiyyətinin icazə verdiyi 20-ci sahədə mitinq keçirməyə qərar verib. 8 aprel mitinqinə sürücülərin də qatılacağı gözlənilir. Ötən gün söhbət etdiyimiz bir neçə sürücü faktı təsdiqlədi. Onların sözlərinə görə, Ictimai Palatanın təşkilatçılığı ilə keçirilən mitinqə onlar şüarlarla qatılacaqlar:
“Ölkədə ən böyük sosial kütlə bizlərik. Təkcə Bakıda 40 mindən artıq insan ”taksovatlıq” edərək ailə dolandırır. Hər bir sürücü ən azı 4 nəfərlik ailə başçısıdırsa, bu, 160 min adamın çörəksiz qalmasıdır. Biz çalışacağıq ki, maksimum şəkildə mitinqdə iştirak edib tələblərimizi səsləndirək. Ziya Məmmədov kimi nazirlər bizim pulumuzu yeyir. Indi də maşınlarımızı əlimizdən almağa çalışırlar. Onların qoyduğu şərtlər bizi qane etmir. Hələ biz demirik “London taksiləri” keyfiyyətsizdir, ayda ən azı bir dəfə təmirə getməliyik. Bunlar hamısı bizim cibimizdən gedəcək. Gündəlik 50 manat haqq vermək heç bir halda bizi razı sala bilməz. Ona görə də aksiyaya qatılıb öz problemlərimizi səsləndirəcəyik”.
Fərman Hüseynov adlı sürücü yaxın günlərdə plakatlar hazırlayacağını deyir: “Aksiyaya ciddi hazırlaşırıq. Bu gündən (dünən – red) artıq bütün sürücülərə xəbər göndərəcəyik. Kim Nəqliyyat Nazirliyinin bu qərarından narazıdırsa, buyursun mitinqə gəlsin”.
Sürücülər aprelin 1-də keçirə bilmədikləri mitinq barədə də danışdılar: “Aprelin birinə ciddi hazırlaşmışdıq. Son qərarımız metronun ”20 Yanvar” stansiyasından Nəqliyyat Nazirliyinə doğru yürüş etmək idi. Mitinqin başlanmasına bir saat qalmış gördük polislər ərazini mühasirəyə alıblar. Heç bir halda aksiya keçirmək üçün imkanımız yox idi. Həm də sürücülər arasında öncədən belə rəy formalaşmışdı ki, icazəli mitinq keçirək. Belə də daha rahatdı. Indi məqamı yetişdi və biz Ictimai Palatanın mitinqinə qatılacağıq”.
Ramin DEKO