Lavrovun NABUCCO layihəsi barədə ultimativ bəyanatının şərhi…
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri Azərbaycan hakimiyyətinin təbəssümlərinin müşayiətilə keçsə də, eyni zamanda, təhlükəli bir mesajla yadda qaldı. Bunun hazırkı hökumətə nə dərəcədə aidiyyəti olub-olmadığını deyə bilməsək də, hər bir halda dövlətçilik üçün ciddi bir təhdid oldu. Başlayaq Rusiyanın XIN şefinin NABUCCO layihəsinə dair fikirlərindən…
Lavrovun bəyanatından belə aydın oldu ki, bir Xəzəryanı ölkənin özünün enerji resurslarını dünyaya hansısa marşrutla çıxarması üçün Xəzər sahilində məskunlaşanların hamısının razılığı olmalıdır. Bu kontekstdə Lavrov demək istəyir ki, Moskvanın razılığı olmadan heç bir addım ata bilməzsiniz. Bu isə müstəqilliyin tanınmaması kimi bir bəyanatdır. Çünki Kreml bu cür bəyanatları Tatarıstan statusunda tabeçiliyində saxladığı ölkələrə, ən uzağı, daxilində iki rəsmi hərbi baza saxladığı, varlığına qarantiya olduğu Ermənistana münasibətdə verə bilər. Amma Qərblə mühüm əməkdaşlıqlar içərisində olan Azərbaycana qarşı bu bəyanat konkret olaraq, müstəqilliyi təhdid etmək, hədələməkdir. Lavrov demək istəyir ki, Azərbaycan Rusiyanın razılığı olmadan belə bir addım ata bilməz.
Amma bu bəyanat bir mənada Əliyevlər hakimiyyətinin işinə yarayır. Çünki hazırkı Azərbaycan hakimiyyəti də Qərblə əməkdaşlıqda maraqlı deyil və regiondakı Qərb layihələrini özü üçün təhlükə kimi görür. Çünki bu projelərin bir çoxunun, xüsusən də NABUCCO-nun siyasi əhəmiyyətli olduğunu bilir. Bu proje işləməyə başlasa, layihənin birbaşa və dolayı bağlı olduğu ölkələrdə siyasi islahatlar əsas şərtlərdən biri olacaq.
Bütün bunları nəzərə alaraq, Lavrovun bəyanatını Azərbaycanın müstəqilliyinə təhdid, Azərbaycan hakimiyyətinə isə dəstək saymaq olar.
Seymur