«Rusiyanın aqressiv bir dövlət olduğunu unutmaq olmaz»
Vəfa Quluzadə: «Lavrovun uğursuz səfərindən sonra Rusiya Azərbaycana qarşı tədbirlər düşünə bilər»
Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakı səfəri zamanı daha çox diqqət çəkən Qəbələ RLS və Xəzərin statusu məsələlərinin müzakirəsi olub. Belə ki, Qəbələ RLS-in icarə müqaviləsinin uzadılması ilə bağlı danışıqların sürətləndirilməsi məsələsini müzakirə etdiyini deyən Lavrov Azərbaycan tərəfinin Rusiyanın təkliflərinə baxdığını və tezliklə cavab alacaqlarını deyib.
Öz növbəsində E.Məmmədyarov Azərbaycanda bu məsələ ilə əlaqədar xüsusi komissiyanın yaradıldığını və hazırda komissiyanın Qəbələ RLS-in icarə müqaviləsinin uzadılması ilə bağlı Rusiyanın təkliflərini öyrəndiyini bildirib. Xəzərin statusuna gəldikdə isə, Rusiya XIN başçısı dənizdən istifadədə xarici oyunçuların müdaxiləsini yolverilməz adlandırıb. Onun fikrincə, Xəzər akvatoriyasının istifadəsi ilə bağlı məsələlər bütün 5 Xəzəryanı ölkənin iştirakı ilə həll olunmalıdır. Bu baxımdan Xəzərin hüquqi statusu üzrə Konvensiyanın hazırlanması üzərində işin sürətləndirilməsi xüsusi aktuallıq kəsb edir.
Şübhəsiz ki, bu məsələlərlə yanaşı görüşdə digər məsələlər də müzakirə olunub. Lakin yalnız iki məsələ ilə bağlı rəsmi açıqlamaların verilməsi pərdəarxası məqamlar barədə yalnız ehtimallar irəli sürməyə imkan verir. Bu halda Lavrov Bakıda daha nələri müzakirə edə bilərdi?
Politoloq Vəfa Quluzadə Rusiyanın Azərbaycanla bağlı daimi cəhdlər etdiyini vurğuladı. Bunlardan biri Rusiya hərbi qüvvələrinin Ermənistanda olduğu kimi Azərbaycan sərhədlərini qorumaq təklifidir. Bunun əvəzində isə Qarabağla bağlı müəyyən güzəştlər təklif edilə bilər. Lavrovun son səfərində də belə danışıqların aparılması mümkündür. Lakin Azərbaycan buna razılıq versə, Qərb ölkəmizlə əlaqələrini tamamilə kəsər. Ona görə də hətta Rusiya Azərbaycan hakimiyyətinə daxili məsələlərdə kömək təklif etsə də, Azərbaycanın Moskvanın vədlərinə inanacağı gözlənilən deyil. Buna görə Lavrovun Bakıya səfəri tam uğursuz olub.
Ekspertin sözlərinə görə, Rusiyanın aqressiv dövlət olduğunu unutmaq olmaz. Lavrovun uğursuz səfərindən sonra ayıq olmaq lazımdır. Çünki Rusiya Azərbaycana qarşı tədbirlər düşünə bilər. Ən qorxulusu isə ondan ibarətdir ki, əgər Iranla həqiqətən də müharibə başlasa, onda Rusiya bundan istifadə edib Qarabağda müharibəyə başlaya və əraziləri işğal etməyə cəhd edə bilər. Amma bunu Qərb yaxşı bilir və bu istiqamətdə Rusiya ilə lazımi işi aparır ki, onlar buna əl atmasınlar.
Fizzə